İnsanlar bir-birini sevməyəndə bir-birinin sözü boğazlarından keçmir... BOŞANMA SƏBƏBLƏRİNDƏN BİRİ...

Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Ailə adət-ənənələrin, keçmiş nəsillərin tərbiyyəsinin qoruyucusu və ötürücüsüdür. Ailənin bütövlüyünün sirri onun birliyindədir. Birlik olmasa, birgə yaşamaq qeyri-mümkündür. Ailə qurulduğu gündən hər bir insan öz birliyini qorumağa çalışmalıdır. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən biri də elə boşanmalardır.

Çox təəssüf ki, son illər bir çox dünya ölkələrində olduğu kimi Azərbaycanda da boşanmaların sayı getdikcə artmaqdadır. Son statistikaya görə, şəhər və kənd yerləri üzrə nikahların sayı 35348 olduğu halda, boşanmaların sayı 14628-dir. Bu gün boşanmaların sayının artma səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənir.

Boşanmaların ötən illərə nisbətən hər il daha da artmasının səbəbləri nələrdir? Tanınmış vəkil Gülnar Nəzərlinin Olaylar.az-a verdiyi açıqlamasına görə, əsas problemlər ailəyə müdaxilə, maddi asılılıq və sosial şəbəkələrdir:

"Həqiqətən də, son zamanlar boşanmaların sayı həddindən artıq artmaqdadır. Ən çox müraciət edən cütlüklərin problemi həddindən artıq ailəyə müdaxilədir. Yəni, ailələrə müdaxilə olunur, ailələrdə qız və oğlanın öz mövqeyinin olmaması problemdir. Valideynlər yaxşı etdiklərini düşünürlər, əslində isə, aşırı müdaxilə ilə ya kürəkənin, ya da gəlinin xətrinə dəyirlər. İkincisi isə, maddi problemdir. Kiminləsə maddi baxımdan ailə qurandan sonra maddi cəhətdən öz valideynlərindən asılı olurlar. Ona görə də, valideyn hesab edir ki, maddi dəstəyi özü verirsə, o zaman ailəni də istədiyi istiqamətdə yönəldə bilər. Bu da heç kəsə xoş gəlmir. Ən çox səbəblər bundan irəli gəlir ki, maddi sıxıntı, özlərinin ayaq üstə dayanmaq bacarı qlarının olmaması və müdaxilə. Müdaxilə isə həmişə üçüncü şəxslər  - qaynanalar, qaynatalar tərəfindən olur. Mənim təcürübəmdə daha çox budur. Bunun qarşısını almaqdan ötrü, gənclər ailə qurmamışdan öncə özlərinin dünyasını, balaca cəmiyyətini qurmağa hazır olub-olmadıqlarını bilməlidirlər. Ailə qurmaq üçün bir-birilərini yaxşı tanıyırlar, ya yox, sərbəst şəkildə öz ayaqları üzərində maddi və mənəvi cəhətdən durmağa hazırdılar, ya yox, həyatda öz mövqeləri varmı, dəqiqləşdirməlidirlər. Ailənin nə olduğunu dərk edirlərmi? Yoxsa, sadəcə nikaha girmək xatirinə ailə qurulur? Baxın, bunların hər biri araşdırılmalıdır ki, bu ailə ümumiyyətlə hansı niyyətlə qurulur?  Niyyət nədir? Ailə qurmaq, kiçik dövlətə sahib olmaqdır və yaxud nədir?

Həmçinin, digər problemlərdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələr gənclər və ailə arasında çox böyük problem yaradır. Analar övladlarına daha az vaxt ayırır, yoldaşlar bir-biri ilə daha az maraqlanır. Səbəb budur, insanlar arasında sirlər, güvənsizlik çoxalıb".

Psixoloji bucaqdan baxdıqda isə, ortaya maraqlı və bir o qədər də ürküdücü səbəblər çıxır. İnsanlar bütün sahələrdə olduğu kimi evlilik mövzusunda da bir-biri ilə rəqabətə girdikləri üçün boşanma halları qaçınılmaz olur. Psixoloq Musa Melaienin dediyi kimi, "qonşudan dala qalma" problemi:

"Günümüzdə boşanma hallarının sayı artmaqdadır və artmağa davam edəcək. Boşanma hallarına bir çox faktorlar təsir edir. O faktorlardan da ən başlıcası sosial şəbəkələr və xəyanətin olmasıdır. Əvvəllər də xəyanətlər olurdu, amma günümüzdə bu hal daha da artıb. Əvvəl olan xəyanətlər ört-basdır olunurdu. Amma hazırda bütün insanların həyatı sosial şəbəkələrdə olduğu üçün bunu daha çox görürük. Bəzən də biz sosial şəbəkələrdə olan hansısa insanları özümüzə ideal obraz olaraq görürük. Necə ki, sənət aləmində müğənnilər Zeynəb Xanlarovanı özünün idealı görürlər, bizdə də insanlar öndə olan, tanınmış şəxsləri özünün idealı kimi görürlər. Onlar da bildiyiniz kimi, bu gün evlənirlər, iki aydan sonra boşanırlar. Bu da şüuraltı insanlara keçir. Necə ki, insanlar onların geyindiyi geyimlərə, istifadə etdikləri ətirlərə, yediyi yeməklərə maraq göstərirlər, həmçinin, onların ailə həyatına, şəxsi münasibətlərinə də maraq göstərirlər. Görürlər ki, onlar elə günü-gündən boşanmağa davam edirlər, bu da insanların boşanmasına təsir göstərir. Ən önəmli və maraqlı probləmlərdən biri də "qonşudan dala qalma" problemidir. Baxın günümüzdə hər şeydə, bütün mövzularda "qonşudan dala qalma" var, həmçinin, evlənmə söhbətində də. "Qonşunun qızı evləndi, mənim qızım hələ də evlənməyib" - bu məsələlər kor-koranə evliliyə gətirib çıxarır. Kiçik bir qığılcım böyük bir alov yaratdıqdan sonra  insanlar bir-birini sevməyəndə bir-birinin sözü boğazlarından keçmir, bu da boşanmalara səbəb olur. Düzdür, indi boşanmalarda uşağın olmaması və digər faktorlar var ki, bunlar hər zaman stabil problem olub. Əzəldən də uşağı olmayanlar boşanırdılar, amma son zamanlar daha çox olması artıq dəb halını alıb. Bir şey ki artıq dəb halını alır, ondan qaçıb qurtulmaq lazımdır. Azərbaycanda da boşanma dəb halını alıb. Kimsə evlənibsə, demək boşanmalıdır - bizdə bu dəqiqə bu fikir var.

Bəzi məqamlar var ki, məncə, həmin məqamlarda boşanma elə ən yaxşı üsuldur. Çox faktorlar var, məsələn, zorakılıq, narkotik qurbanları, şəxsiyyət pozuntusunun qurbanı olan ailələr var ki, onlar elə boşansalar yaxşıdır. Çünki, boşanmasalar övlad da, qadın da, elə kişi də zərər çəkəcək. Məhz "boşanma" deyiləndə biz həmişə zərərçəkən qadını görürük, amma yox. Boşanmalar zamanı qadınlar qədər kişilər də çox hallarda zərər çəkirlər.

Sual edirsiniz ki, boşanma prosesində psixoloqa müraciət edən cütlüklər hansı problemlərdən şikayətlənirlər. Boşanma prosesi çox ağır bir prosesdir və bu zaman əlbəttə ki, psixoloqa müraciət edilməlidir, həmin prosesdən sonrakı dövrdə də müraciət olunmalıdır. Baxın, burda əgər orta uşaq varsa, onun boşanmaya hazırlanma prosesi, həmçinin, cütlüklərin boşanma prosesinə hazırlanması və ondan sonrakı həyatlarını necə davam etdirəcəkləri barədə mövzular işıqlandırılır. Bir də "yas müddəti" bitdikdən sonrakı psixoloji hazırlıq var. Mən bu gün boşanıb, səhəri gün psixoloqa gələn pasiyentləri qəbul etmirəm. Onlar bir müddət "yas müddəti"ni keçməlidirlər, bir müddət depressiyada olmalıdırlar. Ondan sonra onları psixoloq qəbul edə bilər. Çünki, hər bir acıdan, travmadan sonra "yas müddəti" başlayır. Həmin "yas müddəti"ni, ağrı-acını gərək pasiyent keçirtsin. O depressiyanı keçirtdikdən sonra psixoloqa müraciət edə bilərlər. Valideynlər çox vaxt özlərinə görə olmasa da, övladlarına görə psixoloqa müraciət edirlər".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31