“Bakı Metropoliteni”ndə ciddi yoxlamalar - Zaur Hüseynovun qurumunda pozuntular aşkarlandı

Hesablama Palatası "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yoxlamalar aparıb. 

Olaylar.az-ın  əldə etdiyi məlumata görə, başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlamalar QSC-nin tərkibində olan bütün qurumlarda aparılıb.

Nəticədə iş və xidmətlərin dəyərinin, həmçinin həcminin artıq müəyyən edilməsi və digər başqa ciddi nöqsanlar aşkarlanıb. 

Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Qaynarinfo-nun sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-də yoxlamaların aparıldığını təsdiqləyib:

"QSC-də audit yoxlamaları olub və artıq başa çatdırılıb. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq təsdiq edildikdən sonra nəticələri ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, 2014-cü ildən "Bakı Metropoliteni" QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmə gəlib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31