Tədrisdə qapanmaya getmək ciddi fəsadlar yarada bilər
21 Oktyabr 2021 15:20 SosialKamran Əsədov:" Ali təhsil müəssisələri dezinfeksiya qaydalarına, ara məsafəsinə riayət etmirlər"
İki ildən çoxdur ki, pandemiyaya görə ali məktəblərdə dərslər online formada keçirilirdi. 22 sentyabr "Azərbaycanda distant təhsil tələbi ləğv edildi" xəbərindən sonar əksər orta təhsil müəssisələri, 29 sentyabrdan etibarən isə, ali təhsil müəssisələrində tədris əyani şəkildə bərpa edildi. Lakin, COVİD-19 pandemiyasını nəzərə alaraq, dərslər həftənin bəzi günləri onlayn, bəzi günləri ənənəvi tədris olunur. Buna baxmayaraq, əksər universitetlərdə yoluxma halları hər gün artmaqdadır. Ölkə ənənəvi təhsilə başlamağa hazır idimi?
Təhsil eksperti Kamran Əsədovun Olaylar.az-a verdiyi açıqlamasına görə, bütün təhsil ocaqları deyil, yalnız COVİD-19-a yoluxmuş tələbələrin qruplarının qısamüddətli distant təhsilə keçməsi daha məqsədəuyğundur:
"Bu gün Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85 626 sinif var. 22 sentyabrdan ənənəvi tədris bərpa olunandan sonra 344-ə yaxın sinif və 9 məktəb COVİD-19-a yoluxma faktına görə distant təhsilə keçib. Görürük ki, distant təhsilə keçən siniflərin sayı 0.5 faiz ətrafındadır. Artıq ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçid edən qruplar var.
Hal-hazırda payız fəslidir və mövsümü xəstəliklər var. Amma bütün istiliyi olanlar, öskürənlər koronavirus infeksiyasına yoluxub demək deyil. Bəli, hər kəs haqlı olaraq narahatdır. Hər kəs təşviş içindədir. Hər kəs arqumentində haqlıdır. Amma mövcud vəziyyətdən sui-istifadə etmək cəhdləri daha çoxdur. Xüsusilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri buna cəhd edir.
22 sentyabra qədər Təhsil naziri Emin Əmirullayevin, Təhsil Nazirliyinin, mənim bütün sosial şəbəkə hesablarına hər kəs yazırdı ki, ənənəvi qaydada dərslər bərpa edilsin. İndi isə tam əksi baş verir. Böyük əksəriyyət təhsil alanlar tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər.
Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına riayət olunmur. Nə ictimai nəqliyyata, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafə, dezinfeksiya tədbirləri görülmür. Amma yeganə bu qaydalara riayət olunan təhsil müəssisələri problem olaraq görürük. Deməli, zoopark açılandan sonra bura günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub. Zooparkın qarşısındakı sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. İpone 13 mobil telefonu satışa çıxarılıb, bir dükanda olan sıxlığı gördünüz. Həmən dükanlara giriş edənlərin sayı 1200nəfərdən çox olub. Hər gün Mall və digər istirahət və əyləncə mərkəzlərində sıxlığı görürsünüz. Bu arqument doğru deyil ki, həmən yerlərə gediş könüllü, məktəbə məcburidir. Həmən istirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalarına riayət etməyən valideynlər, məktəblə bağlı narahatlıqlarını bildirirlər. Əgər təhsil müəssisələrində dərslər dayanıb online-distant tədrisə keçirilsə nə olacaq? 2 milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu daha təhlükəlidir.
Təhsil müəssisələri fəaliyyət göstərəndə 1.6 milyon şagird, 250 min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, əlamət müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur. Bundan başqa onlayn dərslərə qoşulmaq üçün alətləri olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq.
Online-distant dərsləri tələb edənlərin böyük əksəriyyəti subyektiv olaraq bunu istəyir. Ya işləyirlər, ya da mövcud vəziyyətdən sui-istifadə etmək cəhdini edir. Ümumilikdə isə, bu bizim üçün virusdan daha təhlükəlidir. Çıxış yolu kimi təklif edirəm ki, aşağıdakı təhsil alma formalarından istifadə olunsun:
1. Hal-hazırda olan vəziyyət qalsın. Dərslər davam etsin.
2. Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün online-distant dərslər təşkil edilsin. Amma daha Microsoft Teams platformasında, kamera və mikrafonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olmadan.
Ən azı Bakı Dövlət Universitetinin tətbiq etdiyi Blackboard proqramı ilə. Belə ki, kamera və mikrafon bağlı olan kimi, avtomatik olaraq iştirakçıya qaib yazılır. Müəllim də dərsdən 45 dəqiqə orta məktəbdə, 80 dəqiqə universitetdə tez çıxdıqda dərs keçirilməmiş hesab edilir, əmək haqqı yazılmır. Bizim üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacibdir.
3. İştirakçı nə ənənəvi, nə də online-distant dərslərdə iştirak etmir. Özü öyrənmə yolunu seçir, amma 4 həftədən bir keçirilən dərslərdən ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat yoxlamalıdır.
Hesab edirəm ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçilməlidir. Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır.
Bundan başqa onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir".
Azərbaycanda distant təhsil tələbi ləğv edilibsə, niyə universitetlər tam şəkildə əyani təhsilə keçmirlər? Təhsilin sadəcə distant tədris olunduğu vaxtlarda tələbələrin əksəriyyəti rayonlarda, kəndlərdə, öz evlərində idilər. Bəs indi internet imkanlarından məhrum olan tələbələrin tədrisində yaranmış problemlər necə düzəldiləcək? Tələbələrin, müəllimlərin həm distant, həm ənənəvi dərslərdə oturması hansı problemlər yaradır?
"İlk növbədə qeyd edim ki, 29 sentyabrdan etibarən ali və orta ixtisas təhsili müəssisələrində tədris bərpa ediləndən sonra birmənalı şəkildə yoluxmanın tələbələr arasında baş verəcəyini və bu rəqəmlərin günü-gündən artacağı gözlənilən idi. Biz 29 sentyabrda bir sıra ali təhsil müəssisələrində pandemiya qaydalarına güclü riayət edilmədiyini, Covid pasportunun yoxlanılması üçün texniki avadanlıqların olmadığını, bunun kustar üsulla həyata keçirildiyini gördük. Bunlar bizə pandemiyanın növbəti həftələrdə daha da artacağına, ali təhsil müəssisələrində yoluxma hallarının baş verəcəyinə ilkin proqnozu verdi. Çox təəssüflər olsun ki, ali təhsil müəssisələrində, xüsusən, ADU, BSU və s. onların qarşısında qoyulmuş pandemiya dövrünün qaydalarına riayət edilmirdi. İqtisadiyyat universiteti ilə bağlı bizə şikayət daxil olurdu ki, qrip və digər xəstəliklərə yoluxan tələbələr tədrisə cəlb ediliblər. Bunlar çox ciddi məsələlərdir və çox təəssüflər olsun ki, ali təhsil müəssisələri istər maddi-texniki baza olaraq, istər kadro-potensial olaraq pandemiya dövründə tədrisi təşkil etməyə hazır olmalıdır. Xüsusilə, ali təhsil müəssisələri dezinfeksiya qaydalarına, ali təhsil müəssisələrində ara məsafəsisə demək olar ki, riayət etmirlər. Ali təhsil müəssisələrində auditoriyaların havalandırılması, təmizliyi, mütəmadi spirtlə dezinfeksiya edilməsi və məhlullardan istifadə ilə bağlı ciddi problemlər var idi. Biz gördük ki, hətta temperaturu olan şəxslər belə dərslərdə iştirak edirlər, qoruyucu maskalardan istifadə çox aşağı sayda idi. Məhz bunun nəticəsidir ki, artıq bir çox universitetlərdə əksər qruplar distant təhsilə keçiblər. Bu ciddi bir məsələdir və hesab edirəm ki, ali təhsil müəssisələri distant təhsil üçün tələbələri texniki avadanlıq təmin etməlidir. Əvvəllər tələbələr rayonlarda, kəndlərdə, öz evlərində idilər. İndi isə onlar internet imkanlarından məhrum ola bilərlər. Hesab edirəm ki, burda, pandemiya dövründə tədrisin təşkili qaydalarına ciddi riayət etmək lazımdır. Fakültədə elə qruplar var ki, onların bir hissəsi eyni zamanda distant təhil alır, bir hissəsi ənənəvi. Bu da ciddi boşluqlar yaradır. Çünki, müəllimin dərs saatlarında problemi yaranır. Hətta, biz cədvəllərdə görmüşük ki, müəllim A qrupunda saat 13:00-da əyani dərsdədir, saat 15:30-da distant təhsildədir. Bu müəllim üçün ciddi problemdir. Çünki, onun kompüter və digər avadanlıqlarla təmin olunmasında, eyni zamanda, resurslarla bağlı problemi ola bilər. Bu tələbə üçün də problem yaradır. Çünki, biz bilirik ki, dərslərdə tələbələr alt qruplarda, kəsr dərslərində otururlar. Bu tip məsələlərdə alt qruplarda oturan tələbənin həm onlayn, həm əyani dərsdə iştirak etməsi ilə bağlı problemlər yaranır. Hesab edirəm ki, bu tip problemlər qısa müddətdə aradan qalxmalıdır".
Röyalə Xəyal