İlham Əliyev Diplomatiyasının Zəfərə Gətirən 10 ili
Müasir Azərbaycanın prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili siyasətdə əldə etdiyimiz nailiyyətlərlə yanaşı dövlət başçımızın davamlı olaraq həyata keçirdiyi xarici siyasət strategiyası nəticəsində müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənib...
6 Avqust 2021 13:54 SosialMüasir Azərbaycanın prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili siyasətdə əldə etdiyimiz nailiyyətlərlə yanaşı dövlət başçımızın davamlı olaraq həyata keçirdiyi xarici siyasət strategiyası nəticəsində müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənib. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.
Regional məsələlərdə həlledici söz sahibi
Dövlət başçımızın son on ildə dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı nüfuzlu ölkələr sırasına çıxarıb. Prezident İlham Əliyevin mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirmişdir. Bu gün regiondakı heç bir bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.
Amma 10 il bundan öncə dövlət başçısının apardığı balanslaşdırılmış siyasəti tənqid edən bədnamlar sonda bizi məğlubiyyətə düçar olacağımızla qorxudur, dünyada hegemonluq edən qüvvələrin birinə sığınmağın vacibliyini vurğulayırdılar. Amma daxildən edilən çağırışlar və xarici qüvvələrin təzyiqləri dövlət başçımızı tutduğu yoldan, izlədiyi siyasətdən döndərə bilmədi. Məhz buna görə də bu gün arxada buraxdığımız onilliyə nəzər saldıqda İlham Əliyev xarici siyasətinin yeganə düzgün siyasət olduğunun bir daha şahidi oluruq. Təkcə 44 günlük müharibə və Azərbaycanın 30 ilə yaxın bir dövrdə erməni işğalında qalan torpaqlarının azad edilməsi faktı 10 illik diplomatiyamızın zəfərlə nəticələndiyinin bariz sübutudur.
Azərbaycan Respublikası son 10 il ərzində bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirməyi qarşıya məqsəd qoymuş və bunu siyasi arenada atdığı addımlarla sübut etmişdir. Elə buna görə də, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını almışdır. Hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Naziri 2011-ci ilin yanvar ayında təşkilatın sədri vəzifəsini icra edən Misirin Xarici İşlər Nazirinə ölkəmizin bu nüfuzlu təşkilata üzvlüyü ilə bağlı müraciət etmişdir. 16 mart 2011-ci il tarixində Nyu-Yorkda keçirilən Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılmış və Qoşulmama Hərəkatı üzv dövlətlərinin ilkin yekdil və müsbət tövsiyəsi əsasında məsələnin Qoşulmama Hərəkətının nazirlərinin görüşünün gündəliyinə salınması razılaşdırılmışdır. Nəticədə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında bu Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, qeyd olunan tanınmış beynəlxalq təşkilata tam hüquqlu üzv qəbul olunmuşdur.
Yenə də siyasi sahədə yetərincə bilik və təcrübəyə malik olmayan və eyni zamanda müstəqil Azərbaycanın inkişaf etməsini həzm edə bilməyən daxili və xarici düşmənlər dövlət başçımızın bu addımının Qarabağın işğaldan azad edilməsi zamanı dünya səviyyəsində mövcud olan hərbi blokların heç birindən yardım ala bilməyəcəyimizlə nəticələnəcəyini proqnozlaşdıraraq bizi uğursuz xarici siyasət apardığımıza görə tənqid atəşinə tutdular. Amma üstündən 10 il keçəndən sonra erməni işğalçılarına qarşı mübarizəmizi dünya səviyyəsində dəstəkləyənlərin əksəriyyətinin elə məhz Qoşulmama Hərəkatının üzv dövlətlərinin olması xarici siyasət kursumuzun düzgün seçildiyini sübut etdi.
Üstündən 10 il keçəndən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda Azərbaycan lideri özünün xarici siyasət strategiyasını belə ifadə etmişdir: "Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir". Məhz bu yanaşma sayəsində prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən dövlətlərin sayı xeyli çoxalıb. Bu gün Azərbaycanın 160 ölkə ilə diplomatik əlaqələri vardır.
XXI əsrin ikinci onilliyi göstərdi ki, Azərbaycan Cənub Qafqazın lider dövlətidir. Çünki Azərbaycanda dövlət quruculuğu 1993-cü ildən bu yana yalnız milli maraqlara uyğun olaraq aparılıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olub. Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edilib. Məhz bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir daha təsdiqlədi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Onu da qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq xüsusi qeyd olunmalıdır.
Beynəlxalıq təşkilatlarda fəal diplomatiya kursu
2010-cu ilin noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənib, münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanıb. Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilib. Qətnamədə həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunub.
2011-ci il oktyabrın 24-də isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanaraq qalib gəlməsi həmin dövlətlər tərəfindən respublikamıza olan yüksək etimadın və inamın göstəricisidir. Ölkəmizin 20 illik müstəqilliyi dövründə belə böyük uğurun əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir.
BMT Təhlükəsizlik Şurasına Azərbaycanın seçilməsini tarixi qələbə kimi səciyyələndirən dövlət başçısı İlham Əliyev bildirib ki, müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə ölkəmizin uğurlu inkişafını göstərir: " Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk günlərdən bu prinsipə sadiqik ".
Əlimusa İbrahimov
Politoloq.