İkinci doza vaksin gecikərsə, effektivliyi azalar? - HƏKİMDƏN AÇIQLAMA

Birinci doza ilə ikinci doza arasında bir aydan çox müddət yaranarsa, effektivlik aşağı ola bilər.

Olaylar.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, birinci doza zamanı immun sistemi stimulyasiyaya başlayır, ancaq bir müddət keçdikdən sonra bədənə daxilolmalar olmayınca, o da sakitləşir:

"Həkimlərin təyin etdiyi müddətdə ikinci doza daxil olarsa, bədəndə anticisim istehsalı sürətlənir. Ona görə dozalar arasındakı müddətə əməl etmək mühüm şərtdir".

Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən vaksinasiya prosesinə start verilib. Hazırda 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi həyata keçirilir.

İndiyə qədər ümumilikdə 1 863 292 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya 1 054 414, ikinci mərhələ üzrə isə 808 878 təşkil edir. // Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31