Milli qəhrəmanlarımızın təbliği gənclərin vətənpərvər ruhda böyüməsinə zəmin yaradır
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması bütün dövrlər üçün prioritet sayılır. Bunun üçün bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır ki, bunlardan da biri tarixi sərkərdələr, mili qəhrəmanlar, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən oğullarımızın, onların qəhrəmanlıqlarının gənc nəslə çatdırılmasıdır.
6 May 2021 15:53 SosialGənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması bütün dövrlər üçün prioritet sayılır. Bunun üçün bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır ki, bunlardan da biri tarixi sərkərdələr, mili qəhrəmanlar, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən oğullarımızın, onların qəhrəmanlıqlarının gənc nəslə çatdırılmasıdır. Zamanında bu istiqamətdə aparılan uğurlu iş, səmərəli təbliğatın nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gənci böyük vətənpərvərlik göstərərək işğal altında olan ərazilərini düşməndən təmizlədi. 44 günlük Vətən müharibəsinin qəhrəmanları məhz Birinci Qarabağ müharibəsinin iştirakçıları, döyüş meydanında tarix yazan oğullarımızdan örnək alaraq, onların igidliklərindən ruhlanaraq Vətən müharibəsində düşmənə qarşı amansız oldu, onu məğlubiyyətə düçar etdi. Ona görə də həm Birinci Qarabağ Müharibəsi, həm də 44 günlük Vətən savaşı, İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının gənc nəslə tanıdılması, onların igidlikləri barədə gənclərimizin maarifləndirilməsi zəruridir.
Məlumat üçün qeyd edək ki, Birinci Qarabağ Müharibəsinin qəhrəmanlarından biri də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Albert Aqarunovdur. Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.
1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırıldı və xidməti dövründə tank komandiri oldu. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda maşınqayırma zavodunda işləyib.
Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaratmışdı. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı.
Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurur. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Albert Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən onun haqda "Dostuma məktub" filmini çəkib. Filmin ssenari müəllifi və rejissoru Yefim Abramovdur.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Bundan başqa Albert Aqarunov 2014-cü ildə Azərbaycan "Vətən Övladı" ordeni, 2016-cı ildə isə Azərbaycan Həzi Aslanov ordeni ilə təltif olunub.
Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyev də Birinci Qarabağ Müharibəsinin iştirakçılarından olub. 23 aprel 1973-cü ildə Bakı şəhərində anadan olan Samir Xasıyev 1980-cı ildə 82 saylı orta məktəbə gedir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini M.Müşfiq adına 14 saylı Beynəlminəl orta məktəbində davam etdirir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. Əmək fəaliyyətinə 1991-ci ildə "Bakı Soyuducular" zavodunda başlayır. Həmin ildə Bakı Dövlət Universitetinin tarix fakultesinin axşam şöbəsinə daxil olur. Həmin ildə Bakı şəhəri Nərimanov rayonu hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılır.
Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəkişkildə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır. Samirin erməni qəsbkarlarına qarşı ilk döyüşü Ağdamın Mərzili kəndindən başlayır. 1993-cü ildə Fizulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak edir.
Samir düşmənin xeyli canlı qüvvəsini, tankını məhv edir. Bu müddət ərzində bir neçə dəfə yaralansa da döyüş bölgələrini tərk etmir. İgidliyinə, şücaətinə görə ona komandanlıq tərəfindən fəxri fərmanlar, mükafatlar verilir. Müdafiə naziri şəxsən özü bu cəsur döyüşçünü mükafatlandırır və Samirin qoluna Azərbaycan ordusu Saatı bağlayır.
Samirin gərgin döyüşlərindən biri də Tərtər cəbhəsində olur. Ölümdən qorxmayan Samir bir neçə dəfə düşmən mühasirəsini yarıb əsgərlərimizi xilas edir. Həmin döyüşlərdən birində kontuziya alır. Bacarıqlı, səriştəli komandirlik fəliyyətinə görə Samirə 10.000 ( on min) manat pul mükafatı verilir və sonra onu 2 aylıq qısa müddətli zabitlər kursuna göndərirlər. Samir bu təlim məşq kursunda da seçilirdi. Ona Leytinant rütbəsi verildi. Az müddət ərzində özünə məxsus bir bölük yaradır.
44 günlük Vətən müharibəsi, eləcə də 2016-cı ilin Aprel zəfərinin qəhrəmanlarından biri də sadə və səmimi insan, Dövlətinə, Millətinə və Ali Baş Komandanına sədaqətli general, döyüşçü və cəsur zabit, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Bərxudarovdur.
Mais Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. 1993-cü ildə Mais Bərxudarov cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir. Baş leytenant Mais Bərxudarov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir.
Polkovnik Mais Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunur.
Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilir.
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Yaqub Yaqubzadədir. Yaqub Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. 2005-2016-cı illərdə Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Tbilisi şəhərində Gürcüstan-Avropa Universitetində "Kompüter mühəndisliyi" üzrə ali təhsil alıb.
Yaqub Yaqubzadə 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayır. İyul-sentyabr aylarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib, sentyabr ayından isə Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə topçu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsinin şəhidi Vüsal Allahyarov da 44 günlük Vətən müharibəsinin qəhrəmanlarındandır.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüsal Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Allahyarov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal Allahyarov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir