Torpaq sahələrindən qanunsuz istifadə hansı məsuliyyəti yaradır?

Ölkədə torpaq islahatı aparılmasına baxmayaraq hazırda ən aktual məslələrdən biri özbaşına zəbt edilmiş torpaq sahələri ilə bağlıdır. Elə bu səbədən də hazırda torpaqların istifadəsi, icarəsi və alqı-satqısı peoblemə çevrilib. Ən çox anlaşılmazlıqlar isə üzərində tikinti aparılmış torpaq sahəələrində müşahidə olunur. Məlumat üçün qeyd edək ki, özbaşına tutulmuş torpaqlarda inşa edilən tikililərin müqəddəratı torpaq sahəsi məxsus olan müvafiq icra hakimiyyəti orqanları və yaxud bələdiyyələr tərəfindən həll edilir. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə kimi fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadıqda bu torpaq sahələri vergiyə cəlb edilməklə, qanunvericilikdə müəyyən olunmuş qaydada onlardan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və icarəsinə verilə bilər. Hazırda torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün Azzərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci və 179-cu maddələrində müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvəyyə mindiyi vaxtdan - 2000-ci ilin sentyabr ayının 1-dən hesablanır və həmin tarixdə əvvəlki müddətlər nəzərə alınmır. İcarəyə verilmiş torpaq sahəsi özəlləşdirildikdə bu sahənin satın alınması ilk növbədə icarəçiyə təklif edilməlidir. Əgər eyni kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almağa bir neçə şəxs iddia edirsə, satılan torpaq sahəsi yerləşən təsərrüfatda işləyənlərə, təsərrüfatın ərazisində yaşayan başqa şəxslərə, kənd təsərrüfatı sahəsində iş təcrübəsi olanlara, şəhid ailələrinə, müharibə əlillərinə, hərbi xidmətdə olanlara üstünlük hüququ verilir. İddiaçılar bərabər hüquqlara malik olduqda torpaq sahəsi hərrac keçirmək yolu ilə satılır. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına Torpaq Məcəlləsinin 73-cü maddəsində göstərilən əsaslar olduqda xitam verilir. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququnun xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Lakin hər bir halda torpaq üzərində mülkiyyət icarə və istifadə hüquqlarına xitam verilməsi və onun hüquqi nəticələri Torpaq Məcəlləsinin 75-ci və Mülki Məcəllənin 244-249-cu maddələrinə uyğun olmalıdır.

Torpaq Məcəlləsinə müvafiq olaraq, torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə torpaq sahələri üzərində hüquqların xitam edilməsinə bu şərtlə yol verilir ki, onların vərəsələri olmasın. Bu halda nəinki qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələr nəzərə alınır. Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər. Torpaq sahəsinə tətbiq edilən servitutların təqribi dairəsi Torpaq Məcəlləsinin 54-cü maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir. Servitut barədə razılaşma olmadıqda onun şərtləri məhkəmənin qətnaməsi ilə müəyyən edilə və yaxud dayandırıla bilər. Servitut verilməsi haqqında müqavilə yazılı formada tərtib edilməli, notariat qaydasında təsdiq olunmalı və dövlət qeydiyyatından keçirilməlidir. Həmin qaydada əməl olunmaması servitutun etibarsızlığına səbəb olur. Torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Torpaq Məcəlləsinin 111-ci maddəsində müəyyən olunmuş qaydada özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması cinayət məsuliyyətini istisna etmir.

Qeyd edilməlidir ki, adı çəkilən Sərəncam Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılmasında da mühüm əhəmiyyətə malikdir. Belə ki, Sistemdə hər bir torpaq sahəsinin təyinatı, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, mühafizə zonaları, tikintilər və onların xarakteristikası barədə müfəssəl məlumatlar toplanacaq ki, bu da mükəmməl hüquqi baza və ciddi nəzarət mexanizmi olmadan çox çətindir. Belə Sistemin yaradılması məqsədilə hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların elektron kadastr uçotuna alınması işi həyata keçirilir. Ərazilərin rəqəmsal xəritələri hazırlanır, torpaq informasiya bankı formalaşdırılır. Bu Sərəncamın verilməsi ilə torpaq sahələri barədə yol verilən qanunsuzluqlar və özbaşınalıqların qarşısı alınacaq ki, bu da Sistemin yaradılması işini sürətləndirəcək. Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, Sərəncam ilə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Habelə, qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri barədə qəbul edilən qanunsuz qərarlara da aiddir. Belə ki, dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir. Qanunda Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar barədə yol verilən qanunsuz əməllərə qarşı da cəza tədbirləri müəyyən edilib. Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər belə sahilboyu torpaqlarda törədilərsə, 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Eyni zamanda, belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilir. Bütün bu fəaliyyətlər nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, istifadəsiz və ya təyinatına zidd istifadədə olan torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin ediləcək. Dövlət, bələdiyyə və özəl mülkiyyət barədə hər hansı qanunsuz qərarların qəbul edilməsi, qeyri-qanuni sənədlərin verilməsi aradan qaldırılacaq. Bununla da, Respublikada torpaq münasibətlərinin səmərəli şəkildə tənzimlənməsinə və mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunmasına böyük dəstək verəcək.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31