Mehmet Akif Ersoy və Hüseyn Cavid-bütün Türk dünyasını işıqlandıranlar
16 May 2013 19:07 SosialMayın 16-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Qafqaz Universiteti və Mehmet Akif Ersoy fikir və sənət vəqfinin təşkilatçılığı ilə "Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid" adlı beynəlxalq elmi konfrans öz işinə başladı. Qafqaz Universitetində təşkil edilən konfransın açılışında, ilk olaraq, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin himnləri səsləndi. Daha sonra Hüseyn Cavidə və Mehmet Akif Ersoya həsr olunmuş sənədli filmlər nümayiş etdirildi. Konfransın işində Azərbaycan və Türkiyədən millət vəkilləri, rəsmi dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, 12 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Misir, Makedoniya, Serbiya, Rusiya və s. dövlətlərdən 100-dən çox alim iştirak edirdi. Konfransı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc Mehmet Akif Ersoyun və Hüseyn Cavidin öz zəngin yaradıcılıqları ilə bütün türk dünyasını işıqlandırdıqlarını qeyd etdi. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşliyeva XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə mədəni həyatına əsərləri ilə möhürünü vuran şairlər arasında fikirləri və əsərləri ilə millətin yolunu işıqlandıran və qəlbində taxt quran iki böyük sənətkarın olduğunu vurğuladı: "Bunlardan biri türk "İstiqlal şairi" Mehmet Akif, digəri isə Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi Hüseyn Caviddir". G.Baxşəliyeva ümummilli liderin söylədiyi "Bir millət - iki dövlət" sözlərinin bir bariz nümunə kimi konfransın həsr olunduğu iki qardan şairin həyat və fəaliyyətində də öz əksini tapdığını, Mehmet Akifin də doğumundan ta ölümünə qədər bütün həyatı və fəaliyyəti boyunca Cavidlə bənzər tale yaşadığını qeyd etdi. ("OLAYLAR"İA)