Uşaqpulu ilə bağlı fikirlərinə görə İlqar Məmmədova sərt tənqidlər: “Ciddi müalicəyə ehtiyacı var!”
3 Aprel 2021 11:33 Sosial"Sadəcə "uşağım var, dövlət mənə pul versin" təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər". Bunu Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov deyib. Partiya sədrinin uşaqpulu ilə bağlı düşüncələri sosial mediada etiraza səbəb olub.
Olaylar.az-ın məlumatına görə, sabiq deputat, iş adamı Nazim Bəydəmirliqeyd edib ki, uşaqlara müavinət verilməsi ilə bağlı illər öncədən bu günə qədər ən çox danışan adamlardan biri olub:
"REAl partiya sədri "uşaqpulu" mövzusunda yazanları, danışanları niyə "xalqı aldadıb-alçaldan yaramazlar" adlandırıb ki? Doğrudan fikirlər ona aiddirsə, onu deyə bilərəm ki, partiya sədrinin ciddi müalicəyə ehtiyacı var!".
Yazıçı-jurnalist Aysel Əlizadə "uşaqpulu" ilə bağlı bildirib ki, hər mövzuya mental yanaşırıq və beynəlxalq təcrübəmiz yoxdur:
"Ona görə də məişət zorakılığı azalmır. Məsələn, ailədə övladın hörməti olmur. Niyə? Çünki dövlət ailənin qarşısına öhdəlik qoymur. "Ay insan, ay vətəndaş, bu adam təkcə sənin uşağın deyil, mənim vətəndaşımdır" mesajı vermir. İngiltərədə bir azərbaycanlı ailənin övladı doğulmuşdu. Bir həftə sonra qapıları döyülür, "Ailə, Uşaq" Komitəsi təmtəraqla içəri daxil olur və bəyan edir: "Övladınızın doğulması münasibəti ilə sizi təbrik edirik. Ancaq unutmayın, o, təkcə sizin uşağınız deyil, həm də kraliçanın nəvəsidir".
Ailəyə uşaq pulu kəsilir, ilkin ehtiyaclar üçün tədbir görülür, valideynlərə yük düşmür və ailə dövlət qarşısında dərin məsuliyyət hiss edir. Niyə Qərbdə uşağı incidən ailə valideynlikdən məhrum edilir? Hər kəs dövlət qarşısında məsuliyyət hiss etsin deyə! Necə gəldi, harada, nə vaxt gəldi uşaq peydahlaya bilməzsən, onunla istədiyin kimi davranmaq haqqın yoxdu, törəyəcəksənsə, yüz ölçüb bir biçəcəksən. Bədbəxt insan sayı, məsuliyyətsizlik azalsın, ailə institutu möhkəmlənsin, qadınlar aldadılıb doğduqlarını atmağa məcbur qalmasınlar, bir övladına baxmayan kişi təzədən başqa uşaq dünyaya gətirməsin deyə bunlar əsrlərcə yaşanan sorunların nəticəsi olaraq düşünülüb, qanunlaşıb. Qanun adətə çevrilib".
A.Əlizadənin sözlərinə görə, Azərbaycanda isə hüquqa el deyimi ilə yanaşılır: "Uşağın biri qaydadı, ikisi cana faydadı. Üçü nəhsdi, dördü bəsdi. Çıxdın beşə, vur on beşə. Belə olmur, əziz. Uşaq pulu yalnız "uşaq pulu" anlamı daşımır. Dövlətin "bu, təkcə sənin uşağın deyil, kraliçanın nəvəsidir" mesajını beyinlərə döyən siyasi aktdır. Dövlətçilikdir, əziz, dövlət deməkdir".
REAL partiyasının icraçı katibi Natiq Cəfərli isə partiya sədrinin fikirləri ilə bağlı qeyd edilən tənqidlərə cavab verib. O bildirib ki, ölkədə 2,8 mln. 18 yaşına qədər uşaq var:
"Hər birinə 300 manat versək, bu, ilə 10 mlrd. manatdan çox, 200 manat versək 7 mlrd, 100 manat versək 3,5 mlrd. manat edəcək - büdcə isə 25 mlrd. manat civarındadır.
Gələcəkdə bu hakimiyyətə qalib gəlib özü hökumət olmaq istəyən ciddi siyasi qüvvə təklif verərkən bunun mənbələrini də elan etməlidi, amma həmin populist kəsim nə deyir?! Deyir ki, "oliqarxlardan alıb paylamaq lazımdı", tipik bolşevik düşüncəsidir. Amma, tutalım elədir, 1 il onlardan aldın, 2 il alıb payladın, bəs sonra?".
N.Cəfərli vurğulayıb ki, uşaqpulu məsələsi mütləq həll edilməlidir:
"Amma bunun ədalətli və davamlı olması lazımdır. Bunun üçün isə ilk növbədə ehtiyacı olanlar, sosial vəziyyəti ağır olan ailələr almalıdır. Hamıya, məsələn, 20-30 manat verməkdənsə, ehtiyacı olanlara 100-150 manat vermək daha doğrudur.
Ölkə büdcəsidən ilə 1 mlrd. manatı bu məsələyə ayırmaq olar - bunu əsaslandırmaq mümkündür. Belə yanaşmanı həm hökumətdən tələb etmək lazımdır, həm də özümüz hökumət olanda edə biləcəyik. Siyasətçi məsuliyyətli olmadısa, populizm "qusdusa", eləsindən heç kimə xeyir gəlməyəcək, bunu dəqiq bilin".
Sfera.az