DTX-nin tutduğu məmura hökm oxundu
2 Aprel 2021 14:46 SosialŞəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Olaylar.az xəbər verir ki, məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
M.Əhmədov 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, M.Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılan tədbirlərlə M.Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddədi ilə də ittiham verilib.
demokrat.az