44 günlük Vətən müharibəsinin qəhrəmanı
1 Aprel 2021 16:31 SosialRöyal Bədirov: "Bu vətənin bir qarış torpağını almağı, onun uğrunda döyüşməyi özümüzə borc bilirdik"
Azərbaycan xalqının uzun illər formalaşmış və yumruq halına gəlmiş vətənpərvərlik hissi 44 günlük Vətən müharibəsində öz sözünü dedi. 44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızı işğal altında saxlayan ermənilərə və onun havadarlarına deyil, eyni zamanda bütün dünyaya, Azərbaycanın hər bir uğurunu təlaşla, təşvişlə və qısqanclıqla qarşılayan dövlətlər və antiAzərbaycan dairələrə göstərdi. Dünya, beynəlxalq aləm Azərbaycanın nə dərəcədə qəhrəman, vətənpərvər xalq olduğunun şahidinə çevrildi. Məhz 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız, şəhər və rayonlarımız düşmən tapdağından azad edildi, öz azadlığına qovuşdu.
44 günlük Vətən müharibəsi eyni zamanda bütün dünyaya onu sübuta yetirdi ki, Azərbaycan dövlətinin, onun ayrı-ayrı qurumlarının ötən on illiklər ərzində gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində gördüyü işlər, həyata keçirdiyi tədbirlər əbəs olmayıb. Bu illər ərzində həyata keçirilən məqsədyönlü siyasət hədər getməyib. Xüsusilə dövlət başçısı Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət gənclər siyasəti, gənclərə göstərdiyi diqqət və qayğının ildən-ilə artması Azərbaycan gəncinin daha vətənpərvər, daha dpvlətçi və daha millətçi böyüməsinə xidmət edib, ona zəmin yaradıb. Məhz həmin vətənpərvər, dövlətçi, millətçi gənclər də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq, şücaət göstərərək uzun illər, 30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimizi, şəhər və rayonlarımızı erməni işğalçılarından azad etdi, bu torpaqları, Qarabağı öz əzəli sahiblərinə qaytardı.
![]()
Vətən müharibəsində tarixi qələbə, zəfər əldə etməyimizdə 44 günlük savaşda böyük qəhrəmanlıqlar göstərən, heç nədən qorxub-çəkinmədən düşmənin üzərinə şığıyan gənclərimiz, igidlərimizin rolu əvəzsiz oldu. Hər bir əsgər və zabitimiz, hərbiçimiz 44 gün ərzində bir tarix yazdı, qəhrəmanlıq nümayiş etdirdi. Onlardan biri də Bədirov Röyal Rövşən oğludur. 44 günlük Vətən müharibəsində iştirak etmək, düşmənlərimizdən qisas almaq Röyalın da bəxtinə hərbi xidmətdə olduğu müddətdə yazılıb. Hərbi xidmətə çağırıldığı ilk aylarda, cəmi 2 ay tamam olar-olmaz Röyal da çoxdan arzusunda olduğu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşa qatılır. Manqa komandiri, kiçik çavuş Röyal Bədirov deyir ki, İkinci Qarabağ müharibəsinin başlaması və torpaqlarımızın erməni vandallarından azad edilməsi uğrunda başlayacaq savaşa qatılmaq istəyi daim olub. Hətta hərbi xidmətə çağrılanda belə Röyal arzu edib ki, xidmət müddətində işğal altında olan ərazilərimizin erməni tapdağından azad edilməsi uğrunda müharibə başlasın və o da bu müqəddəs savaşda iştirakçı olsun.
![]()
Röyal deyir ki, orta məktəb illərindən müəllimləri, eləcə də böyüklərinin erməni vəhşilikləri barədə söylədikləri, mənfur qobşularımızın Azərbaycanın 20 faiz ərazilərini işğala məruz qoymaları, eləcə də düşmənin ərazilərimizdə törətdikləri vəhşiliklər, vandallıqlar barədə geniş və ətraflı bilgilərə malik olması ermənilərə qarşı nifrət və qəzəb hissini artırıb. Bu nifrət və qəzəbin büruzə verilməsi, düşməndən qisasımızın alınması üçünsə 2020-ci il, sentyabrın 20-də başlanan ikinci Qarabağ müharibəsi Röyala əlverişli şərait yaradıb. Röyal onu da bildirib ki, hətta hərbi xidmətdə olmasa, yaxud xidmət yaşı uyğun gəlməsə belə ikinci Qarabağ savaşına, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılacaqdı: "Çünki bu bizim namus, şərəf davamız idi. Eyni zamanda haqq işi uğrunda, torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində başladığımız müqəddəs savaş idi. Həmin savaşda, 44 günlük Vətən müharibəsində iştirak etməkdən olduqca məmnunam və bundan qürur duyuram. Nə yaxşı ki, mənim də qismətimə bu müqəddəs savaşda iştirak etmək, Qarabağı düşmən tapdağından qurtarmaq uğrunda başlanan mübarizəyə qoşulmaq xoşbəxtliyi varmış".
Vətən müharibəsi zamanı iştirak etdiyi döyüş əməliyyatlarından danışan Röyal bildirib ki, müharibənin ilk günlərindən əsgər və zabit yoldaşları ilə birlikdə döyüş meydanında olub və sona qədər Vətənin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, müqəddəs savaşda iştirak edib: "Suqovuşan, Xocavənd və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm. İlk döyüşümüz də elə Suqovuşan ugrunda gedən döyüşlər oldu".
Röyal deyir ki, ilk döyüşə çox sayda əsgər, zabit və gizir heyəti ilə qatılıblar və sürətli əks-hücum həmləsi düşmən cəbhəsində ciddi təşviş, panika yaradıb. Əks-hücum həmləsi zamanı düşmən bir neçə dəfə Azərbaycan Silahlı Qüvvələrinə, eləcə də Röyalın xidmət etdiyi hərbi hissəyə məxsus döyüş texnikalarını, zirehli hərbi maşınları vurmağa cəhd etsə də, lakin ermənilərin bu cəhdinin heç biri baş tutmayıb: "Bu da bir neçə amillə bağlı idi. İlk növbədə Allah bizim üstümüzdə idi. Çünki bizim başladığımız mübarizə haqq işi uğrunda mübarizə idi. Diər tərəfdən həm hərbi texnika və avtomobilləri idarə edən hərbiçi qardaşlarımız, sürücülərimiz təcrübəli idi, həm də düşmənin istənilən cəhdinin qarşısını anındaca ala bilirdik". Bunun başlıca səbəbini isə qəhrəmanımız hər kəsin döyüş meydanında eyni statusda olması, bir amal uğrunda, torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə çalışması ilə əlaqələndirir. Röyal deyir ki, hərbi rütbəsindən asılı olmayaraq 44 günlük Vətən müharibəsində hər kəs özünü sıravi bir döyüşçü, Ali Baş Komandanın əsgəri hesab edirdi. Heç kim sahib olduğu hərbi rütbəyə görə əsgərə yuxarıdan aşağı baxmır, vəzifəsindən, səlahiyyətindən sui-istifadə etmirdi. 44 günlük Vətən müharibəsinin qəhrəmanı olan Röyal Bədirov deyir ki, hətta yüksək rütbəli zabitlərimiz belə döyüşlərin getdiyi günlərdə onların rütbə ilə çağırılmasına razı olmur, döyüş meydanında hər kəsin bərabər, sıravi əsgər olduğunu deyirdilər: "Tabor komandirimiz və bölük komandirimizə döyüş meydanında rütbəsi ilə səslənəndə, çağırış edəndə bizi yığıb dedilər ki, biz də sizin kimi bir əsgərik və bu yolda bir yerdə addımlayan qardaşlarıq: "Təsəvvür edirsiniz, hər biri çiyinlərindəki rütbələri çıxarıb bizimlə yan-yana, çiyin-çiyinə döyüşə girirdilər. Təbii ki, komandirlərimiz, zabitlərimizin bu cür örnək addımı, öz əsgəri ilə çiyin-çiyinə vuruşması bizə daha da ruh yüksəkliyi verirdi".
Röyal Bədirov 44 günlük Vətən müharibəsinin hər anının çətin, əziyyətli olduğunu bildirməklə yanaşı, müharibə günlərində ən ağır keçən döyüş əməliyyatı barədə də danışıb. O, bildirib ki, ən çətini, dözülməzi tabor komandrinin şəhid olması oldu: "Döyüş başlayandan bir qədər sonra mühasirəyə düşdük. Artıq əsgər yoldaşlarımızdan bəziləri şəhid olmuşdu, bəziləri isə müxtəlif dərəcəli xəsarət almışdı. Tabor komandrimiz şəhid olanda hər kəs bir anlıq sanki şoka düşdü. İnanmaq çətin idi. Amma hər şeydən qismətdən asılıdır və qarşımızda duran əsas vəzifə torpaqlarımızı düşməndən azad etməkdir düşüncəsi ilə toparlanıb mühasirədən çıxmağa çalışdıq. Səhər tezdən girdiymiz döyüşdən axwama yaxın çıxa bildik və artıq hava qaralırdı. Həmin döyüş zamanı 18 nəfər şəhid verdik. Həmçinin çoxlu sayda yaralımız oldu. Əlbəttə ki, bu bizə çox təsir etmişdi. Hər gün gördüyümüz əsgər yoldaşlarımız artıq yanımızda deyildi".
Röyal Bədirov deyib ki, döyüşlərə yalnız bir amal və məqsədlə gedib. Ölmək deyil öldürmək, torpaqlarımızı işğaldan azad etmək: "Artıq ilk döyüşdən sonra hamı daha dəqiqliklə nə edəcəyini bilirdi. Hər döyüşə ailəmizi, sevdiklərimizi və vətənimizi, torpağımızı yadımıza salaraq girirdik. Komandirimiz hər dəfə döyüşə gedirik deyəndə hər kəsin üzündə gülümsəmə yaranırdı. Çünki bu vətənin bir qarış torpağını almağı, onun uğrunda döyüşməyi özümüzə borc bilirdik".
Röyal Bədirovun sözlərinə görə, müharibənin ilk başladığı gündən artıq qələbənin bizimlə olacağına inam var idi: "Heç kimin ağlından məğlub olarıq deyə hansısa bir fikir keçə bilməzdi. Əvvəlcə özümüzə, sonra isə Allahımıza güvənirdik. Döyüş getdiyi günlərdə xalqın dəstəyini gördükcə o qədər qürur hissi keçirirdik ki, onu dillə ifadə etmək çətindir. 44 günlük Vətən müharibəsi günlərində bütün xalq ordunun, bizim arxamızda idi və bu da bizim gücümüzü birə beş artırırdı. Xalqımıza və özümüzə bu qələbəni verəcəyimizə and içirdik".
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan Röyal Bədirov keçdiyi gərgin döyüş yolu, torpaqlarımızın azadlığı uğrunda qatıldığı mübarizənin qarşılığı olaraq hər hansı orden və medalla təltif edilmədiyini təəssüf hissi ilə qeyd etsə də, lakin dövlətimizin, Ali Baş Komandan Cənab İlham Əliyevin tezliklə Vətən müharibəsində göstərdikləri igidliklərə görə onunla bərabər diqqətdən kənarda qalan onlarla hərbiçini sevindirəcəyinə əmindir: "Mən bu yolda addımlayanda heç vaxt etdiyim hərəkətin, atdığım addımın qarşılığını gözləmədim. Çünki bu mənim vətənimə, millətimə borcum idi. Amma medal və ordenlərlə təltif edilənlərin adlarını hər dəfə oxuyanda öz adımı həmin siyahıda görmədiyimdən təəssüflənirəm. Buna baxmayaraq yenə də xalqım, millətim üçün hər şey etməyə hazıram. Bu gün müharibə başlasa, yenə də əldə silah ön cərgədə olacam. Mənə heç kim bu addımıma görə sağ ol deməsə belə bu məndə ruh düşkünlüyü yaratmayacaq. Çünki haqqın, ədalətin bir gün öz yerini tapacağına əminəm".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir