“Şanlı Zəfər Yolumuz” mözusunda “Ən yaxşı yazı” müsabiqəsinə start verilib
1 Aprel 2021 14:32 SosialAli Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2021-ci il ölkəmizin tarixinə qələbə ili kimi qeyd edildi. Xalqımızın savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst etdi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Artıq 8 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür. Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, bu məqsədlə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 01-30 aprel 2021-ci il tarixində gənc yazarlar və jurnalistlər arasında "Şanlı Zəfər Yolumuz" mövzusuna həsr olunmuş "Ən yaxşı yazı" müsabiqəsini elan edir. Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını [email protected] email ünvanına göndərməlidirlər.Təqdim olunan məqalələr 3 səhifədən çox olmayaraq Arial 12 şriftində olmalıdır. Məqalələr azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Təqdim olunan məqalələr Münsiflər Heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcəkdir. Müsabiqədə ilk 3 yerin qalibləri (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılacaqdır.
Qeyd edək ki, Komitə 2009-cu ildən etibarən hər il aprel-may aylarında Ümummili Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" və "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" adlı yazı müsabiqəsi həyata keçirmişdir.