Səsli -küylü məhkəmə prosesləri hansı qərarlarla sonuclanacaq?

Sabiqlərin mənimsədikləri vəsaitlərin taleyi necə olacaq?

Sabiqlərin mənimsədikləri vəsaitlərin taleyi necə olacaq?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması təşkil edir. Təəssüf ki, ölkə başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi məmurların timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur. Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər qətiyyətlə ifşa edilir və belə hərəkətlərə yol verən məmurlar qanun qarşısında cavab verirlər. Sirr deyil ki, Azərbaycanda bu kmi hallara qarşı mübarizə aparılır və etiraf edilməlidir ki, ciddi nəticələr əldə edilib. Lakin buna baxmayaraq, hələ də ölkədə özünün, yaxid təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə meyilli vəzifəli şəxslər mövcuddur. Bu kateqoriyadan olan məmurlar ən müxtəlif səviyyəli fiziki və hüquqi şəxslərdən maddi və sair nemətlərin əldə edilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Əksər hallarda isə bu istəklərini reallaşdırılar. Bununla kifayətlənməyərək dövlət büdcəsindən ayrılan vəsaiti təyanatından kənar məqsədlərə yönəldərək milyonlar səltənətinə sahib olurlar. Etiraf edilməlidir ki, bu işdə bir sıra sabiq dövlət məmurları daha səriştəli görünürlər. Görüntü ondan ibarətdir ki, sanki dövlətin hər hansı qurumunda çalışmış sabiq vəzifəli şəxs ona etibar edilərək verilmiş səlahiyyətdən yalnız şəxsi mənfəəti üçün istifadə etməklə səltənətini artırıb. Amma düşünməyiblər ki, dövlətin, xalqın malını yeyənlər gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən digər eks-məmurların cəzalandırılacağına ümidlər artıb. Artıq media və sosial şəbəkələrdə külli miqdarda dövlət vəsaitini mənimsəyən keçmiş dövlət məmurlarının mülk və varidatları barədə məlumatlar yer almaqdadır. Xatırladaq ki, Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib. Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, cinayət əməlləri məhkəmədə araşdırılan sabiq məmur və icra başçılarının sayı elə də az deyil. Heç şübhəsiz ki, məhkəmə prosesləri başladıqdan sonra bir çox səs-küylü proseslərin şahidi olacağıq. Artıq Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən icra başçılarının, nazir müavinlərinin və digər vəzifəli şəxslərin bir neçəsinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Araşdırılması üzrə müvafiq məhkəmələrə göndəriləcək. Bu məhkəmə prosesləri arasında ən diqqət çəkəni heç şübhəsiz ki, Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun məhkəməsi olacaq. Onun cinayət işi üzrə araşdırma davam edir. Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində seçilmiş həbs-qətimkan tədbiri də səs-küylü məhkəmə ehtimalını artırır. Hazırda onun barəsində seçilmiş həbs-qətimkan tədbirindən apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən şikayət təmin edilməyib. Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı yeni məlumat yayıb. Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Elçin Fəday oğlu Əliyevin 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib. 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib. Həmin cinayət işi üzrə Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Rövşən Telman oğlu Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Rövşən Əkbərovla Elçin Əliyev arasında cüzi münaqişə yaranıb. Bu səbəbdən Rövşən Əkbərov xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib. 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib. Qeyd edək ki, irəli sürülən ittiham üzrə təqsirli bilinərsə, onu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur. 120.2-ci maddəyə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan başqa, "Baku Steel Company" MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb. Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə "Baku Steel Company" MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub. Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aprelin 6-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Prosesə hakim Nizami Quliyev sədrlik edəcək.  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2020-ci il fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. İsmayıl Vəliyev və digərləri əməliyyat nəticəsində saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Həbsdə olan keçmiş icra başçılarından daha ikisinin məhkəməsi davam edir. Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində, Yevlağın keçmiş icra başçısı Qoca Səmədovun işinə isə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Həbs dalğası bundan sonra da səngiməyib. Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarında da oxşar əməliyyatlar davam edib. Hazırda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin cinayət işləri üzrə istintaq davam edir. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov vəzifə səlahiyyətlərini aşmaq da və rüşvət almaq da şübhəli bilinir. Bir müddət öncə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçiriblər. Əməliyyat zamanı nazir Əbülfəz Qarayev başda olmaqla bütün rəhbər heyətin otaqlarında məhkəmə qərarı ilə axtarış keçirilib.  Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, nazirliyin 5 əməkdaşı və o cümlədən mədəniyyət nazirinin mavini Rafiq Bayramov saxlanılıb.

Sonda xatırladaq ki, həbs edilən sabiqlərin üst-üstə mənimsədikləri məbləğin həcmi on milyonlarla manatla ölçülür. Qeyri-rəsmi hesablamalara görə isə həbsdə olan sabiq icra başçılarının cəminin varidatı bir neçə milyardı aşır. Hazırda bu məbləğin geri qaytarılması ümumilikdə azad olunmuş torpaqların, kənd və şəhərlərin bərpası üçün tələb olunan vəsaitin əhəmiyyətli hissəsini qarşılaya bilər.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31