"Vaksinasiyanın hər iki mərhələsi mütləq həyata keçirilməlidir"
1 Aprel 2021 11:23 SosialSon günlər koronavirusla bağlı statistika çoxlarını narahat edir. Yoluxma və ölüm saylarındakı artım bu həftədə demək olar ki, pik həddə çatıb.
Mart ayı üzrə koronavirus cədvəlində rəqəmlər necə dəyişdi?
Mart ayının 1-də ölkəmizdə 125 nəfər virusa yoluxdu. Ayın 10-da isə bu rəqəm 515 nəfərə çatdı. Növbəti 10 gündə bu rəqəm 2 qat artdı və mart ayının 20-də yoluxma sayı 1187 nəfər oldu. 9 gün davam edən Novruz bayramı tətilində də rəqəmlər artan dinamikada inkişaf etdi. Ümumilikdə mart ayının 22-dən 28-dək Azərbaycanda "Covid-19"a yoluxanların sayı 9897 nəfər, sağalanların sayı 3275 nəfər, virusdan ölənlərin sayı 140 nəfərə çatıb. Bayramdan sonrakı ilk iş günündə - mart ayının 29-u yoluxma sayı 1129 nəfər, virusdan ölənlərin sayı isə 22 nəfər oldu. Ayın 30-da isə bu yoluxma 2146 nəfərə yüksəldi. Nəhayət, mart ayının son günündə Azərbaycanda 2237 nəfər koronavirusa yoluxdu, 29 nəfər vəfat etdi. Təkcə mart ayı üzrə rəqəmlər belə bir statistika ilə artdı.
Azərbaycanda peyvəndləmə prosesində son vəziyyət necədir?
Bildiyimiz kimi, Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesi yanvarın 18-dən başladı. İlk mərhələdə səhiyyə işçiləri, ardınca 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət bu prosesə cəlb olundu. 2-ci mərhələdə 50 və daha yuxarı yaş, ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, yüksək risk şəraitli işlərdə çalışan şəxslər peyvəndləmə prosesinə cəlb olundu. Fevralın 15-dən Azərbaycanda "Covid-19" vaksinin 2-ci dozasının vurulmasına başlanıldı.
Martın 1-də Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunmuşdusa, bugünədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 547 min 541 nəfər peyvənd olunub. Hazırda peyvəndləmə prosesi bütün bölgələlərdə davam edir.
Başqa bir məsələ isə peyvəndləmə prosesi davam edərkən rəqəmlərin də belə artmağıdır. İnfeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə peyvənd və peyvənddən sonrakı mərhələdən danışdı.
- Ölkəmizdə vaksinasiya prosesi davam edərkən yoluxma sayı da artır. Əsas səbəb kimi nələri sadalaya bilərik?
- Bəli, hazırda ölkəmizdə vaksiyaniya prosesi davam edir və təqribən 500 mindən çox insan bu prosesə cəlb olunub. Amma bu müddətdə də yoluxma sayı artır. Hətta vaksinasiya olunmuş şəxslər də təkrar virusa yoluxur. Peyvənddən sonra ikinci dəfə virusa yoluxan şəxslər bu prosesi bir dəfə həyata keçirən şəxslərdir. Rəsmi olaraq peyvəndin iki mərhələsini də keçən şəxslərdə ikinci yoluxma halı qeydə alınmayıb. Bir insan bir dəfə vaksin olunarsa, bu zaman o, özünü virusdan qoruya bilməz. Vaksindən sonra tədricən yaranan immunitet bizi koronavirusdan qoruyur. Birinci dəfə vaksinasiya prosesini keçən şəxs 28 gündən sonra ikinci dəfə vaksin olunmalıdır. Bu, revaksinasiyadır. Peyvənd mərhələsi bitdikdən sonra təqribən 40-42 gündə insanlarda koronavirusa qarşı immmunitet yaranır. Ona görə də vaksinasiyanin hər iki mərhələsi mütləq həyata keçirliməlidir.
- Vüqar bəy, dünyada vaksin olunan şəxslərin yenidən virusa yoluxması ilə bağlı xəbərlər var. Bu da vaksinin təsirlilik dərəcəsini şübhə altında qoyur.
- Ola bilər ki, vaksin olunan şəxslərdə "Covid-19"a qarşı immunitet formalaşmasın. Lakin bu, o demək deyil ki, vaksinin xeyiri yoxdur. Vaksindən sonra təkrar yoluxma 1000 nəfərdən birində özünü göstərə bilər. İmmun sisteminin vəziyyəti burada əsas rol oynayır.
- Vaksini vurduran da, vurdurmayan da virusa yoluxur. Bəs vaksin olunmuş şəxslər peyvənd olunmayanlarla müqayisədə xəstəliyi necə keçirir?
- Vaksinin əsas əhəmiyyəti odur ki, əgər insan bu xəstəliyə yoluxacaqsa, bu zaman xəstəliyi yüngül keçirsin, ölüm halları azalsın. Vaksin olunan şəxslər ya bu xəstəliyə yoluxmur, yoluxsa da, xəstəliyi yüngül keçirir. Ən əsası isə ölüm halları az olur.
- Vaksin bizi virusdan nə qədər müddətə qoruyur?
- Peyvənd olunan şəxsdə süni aktiv immunitet yaranır. Bu isə təqribən 6 ay özünü koronavirusdan qoruyur. Mart ayının əvvələrində virusa yoluxma 200 -ə yaxın idisə, bu rəqəm hazırda 2000-ni ötüb. Mart ayı ərzində yoluxan insanlarda xəstəlik ağır gedişlə davam edib, müalicəyə çətin tabe olur. Buna görə də ölüm sayları getdikcə artır. Düşünürəm ki, qarşıdakı günlərdə bu say daha çox olacaq.
Sonda rəqəmlərin daha çox ictimai nəqliyyatda artıdığını qeyd etmək yerinə düşərdi. Xüsusilə də səhər və axşam saatlarında nəqliyyatda ağız-ağıza yol gedən hər kəs virusa yoluxur. Nəinki bir, 5 ədəd maska taxsaq, yenə də elə sıxlıqda virusdan qoruna bilməyəcəyik. Koronavirus təkcə ictimai nəqliyyatdan istifadə edən, kafelərdə çay içən insanlar tərəfindən yayılmır. Virus ictimai nəqliyyatdakı kimi sıxlıq olan yerlərdə yayılır. Hər bir vətəndaşın taksi xidmətinə ödəməyə pulu yoxdur və ya buna ehtiyac yoxdur. 30 qəpik gediş haqqı ilə istənilən nöqtəyə rahat hərəkət etmək olar. Lakin əsas problem nəqliyyatdakı sağlamlığımıza zərər vuran mühitdir. Qısası, həm aidiyyatı qurumlar, həm də insanlar məsuliyyətini dərk etsələr, koronavirus bu qədər artan dinamika ilə yayılmaz.
Gülər Seymurqızı