Türkiyədən Azərbaycana canlı bağlantı: Online nişan mərasimi keçirildi - FOTOLAR
27 Mart 2021 19:10 SosialKoronavirus pandemiyası ilə əlaqədar hökm sürən karantin rejimi türkiyəli gənclə onun azərbaycanlı sevgilisini online nişan mərasimi keçirməyə məcbur edib.
Bu haqda Türkiyə KİV-ləri yazır.
Qız tərəfi Bakıda, oğlan tərəfi isə Ərzurumda toplaşıb. Online nigaha gələ bilməyənlərə isə mərasimi izləmək üçün bağlantı linkləri göndərilib.
Gənclər bir daha valideyinlərinin önündə evlənmək qərarlarını elan edəndən sonra Zeynalovanın nişan üzüyünü ata-anası, Murat Karsın üzüyünü isə Ərzurumdakı ailəsi taxıb. Bağlantı linkləri ilə mərasimi izləyən qohum-əqrəba bu anları alqışlarla qarşılayıb.
"Koronavirus pandemiyasına görə insanların hərəkətləri məhdudlaşdırıldı. Amma virtual aləmdə belə sıxıntı yoxdur. İnternet üzərindən dərslər keçilir, konfranslar təşkil olunur. Bu səbəbdən biz də internet üzərindən nişan mərasimi təşkil etmək qərarı aldıq. Ailələrimiz də qəbul edəndən sonra Bakıda və Ərzurumda toplanan ailələrlə nişan mərasimini keçirdik",-Murat Kars deyib.
O bildirib ki, toy mərasimini üz-üzə keçirməyi düşünürlər. Və yaz aylarında etməyə hazırlaşdıqları toya qədər pandemiyanın səngiyəcəyinə ümid edirlər.
(Azxeber.com)




