Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib

Martın 18-də 20 saylı Nərimanov seçki dairəsindən deputat, Milli Məclisin Sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq videokonfrans vasitəsilə seçicilərinin növbəti qəbulunu keçirib.
Videoqəbul zamanı vitse-spiker 2020-ci ilin tariximizdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun qazandığı tarixi qələbəylə yadda qalacağını, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsinin hər bir azərbaycanlıda qürur doğurduğunu diqqətə çatdırıb. 
Görüş zamanı seçicilər Vətən müharibəsinin ölkəmizin tarixində misilsiz yeri olduğunu qeyd ediblər. Qəbulda seçicilərin qaldırdığı müxtəlif kommunal, infrastruktur, sosial, humanitar məsələlər müzakirə edilib, onların bir hissəsi yerindəcə həll olunub. 
Bildirilib ki, seçicilərin təhsil, işlə təminat, məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətləri isə araşdırılması və zəruri tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndəriləcək.
Görüşün sonunda seçicilərə xüsusi karantin rejiminin şərtlərinə riayət edilməsinin zəruriliyi bir daha xatırladılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyin vacibliyi qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31