Seçiciləri ən çox narahat edən problemlər hansılardır?

VI çağırış Milli Məclisi özünün bir illik fıaliyyətinə yekun vurdu. Həm bütün dünyanı bürüyən pandemiya, həm də tarixi qələbəmizi təmin edən Vətən müharibəsi, 44 günlük müqəddəs savaş dövrünə təsadüf edən qanunverici orqanın bir illik fəaliyyətini müəyyən mənada qaneedici hesab etmək olar.

VI çağırış Milli Məclisi özünün bir illik fıaliyyətinə yekun vurdu. Həm bütün dünyanı bürüyən pandemiya, həm də tarixi qələbəmizi təmin edən Vətən müharibəsi, 44 günlük müqəddəs savaş dövrünə təsadüf edən qanunverici orqanın bir illik fəaliyyətini müəyyən mənada qaneedici hesab etmək olar. Bəs görəsən seçicilər palamentin, Milli Məclisə seçdikləri deputatın fəaliyyətindən razı qaldılarmı? Ümumiyyətlə ötən bir il ərzində seçiciləri daha çox hansı məsələlər narahat etdi, hansı qayğılar, problemlərlə üzləşdilər.

Milli Məclisdə Biləsuvar seçicilərini təmsil edən Bəhruz Məhərrəmov deyir ki,  Cənab Prezidentin uğurlu strategiyasının nəticəsi olaraq problemlər fundamental olaraq həllini tapmaqdadır. Lakin həllini gözləyən vacib problemlər də var: "Təbii Biləsuvarın ən böyük problemi su qıtlığıdır. Həm suvarma, həm də içməli su təminatında ciddi problemlər. Açıq deyim, kəndlərimiz var ki, bu gün də kanalların texniki suyundan evində içmək üçün istifadə edir. O da kanala su gələndən- gələnə. Bu mənada bu sahəyə hökumətimizin xüsusi diqqət ayırması, bölgəyə yeni içməli su mənbəsinin çəkilməsi vacibdir".

Milət vəkili deyib ki. həmçinin rayonda Bolqarçay su anbarı, illərdir baxımsız, təmirsiz qalıb: "Mən hörmətli Kənd təsərrüfatı nazirinin diqqətini cəlb etmək istəyirəm, Biləsuvar rayonunda əkilən sahələr hər il artır, hətta, örüş sahələri də əkilir, su mənbəyi dəyişmir, əksinə qlobal səbəblərdən azalmaqdadır. Bu mənada Bolqarçay su anbarının təmiri, yaxud, yeni sututarın yaradılması vacib vəzifədir. Nəzərə alaq ki, Biləsuvar pambıqçılıq rayonudur və normal su təminatı artıq məşğulluq probleminin də köklü həlli olacaq. Bu problem həll olunana qədər isə, Biləsuvar rayonu üzrə sosial iş yerləri, habelə, özünüməşğulluq proqramı limitlərinin artırılması məsələsinə diqqət ayırmaq lazımdır".

Bəhruz Məhərrəmov onu da deyib ki, kəndlərdə internet, telefon, elektrik və yol infrastrukturunun yenilənməsinə ehtiyac var: "Xüsusən, kənd yollarının onsuz da maddi cəhətdən böhran yaşayan bələdiyyələrin balansında olması, özünü yolların vəziyyətində göstərməkdədir. Bu mənada hökumətin müdaxiləsi və dəstəyi vacibdir. Həmçinin, Biləsuvar rayon Mədəniyyət mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Musiqi məktəbi, eləcə də Yuxarı Cürəli, Ovçubərə, Ağayrı və Amankənd məktəblərinin binasının təmirə, Şəhər 6 saylı, Nərimankənd, Təzəkənd, Yuxarı-Ağalıkənd, Çaylı və Günəşlı məktəblərinin yenidən tikilməsinə zəruri ehtiyac vardır. Qaldırdığım məsələlərin yaxın illərdə həll ediləcəyinə də əminəm. Çünki gedişat, mövcud siyasi iradənin qayəsi bunu deməyə əsas verir".

Parlamentdə Kürdəmir rayonunun seçicilərini təmsil edən Əminə Ağazadə isə deyib ki, ilk növbədə Kürdəmir şəhərinin yarımçıq qalmış kanalizasiya sisteminin yekunlaşmasına ciddi ehtiyac var. Onun sözlərinə görə, kanalizasiya sisteminin olmaması səbəbindən şəhər əhalisi ciddi problemlərlə qarşılaşır: "Quraqlıq keçən ötən il rayonumuzun təsərrüfatlarına ciddi ziyan vurması ilə yadda qaldı. Ölkə başçısı, möhtərəm Prezident İlham Əliyev cənablarının bir sıra rayonlarda kənd təsərrüfatı əkinlərinin suvarılması, əhalinin suya olan ehtiyacının təmin edilməsi məqsədi ilə subartezian quyularının qazılması barədə verdiyi sərəncamları xatırladaraq belə quyuların rayon ərazisinin bir çox bölgələrində quraşdırılması ilə bağlı təkliflərimiz var. Ölkə iqtisadiyyatında Kürdəmir rayonunun ən yüksək logistika imkanlarını xatırladaraq respublikanın böyük həcmli Ali təhsil müəssisələrindən bəzilərinin rayonumuzun ərazisinə köçürülməsinin nə qədər məqsədəuyğun ola biləcəyi haqqında fikirlərimi təklif formasında qeyd etmişəm".

Deputat deyib ki, rayon ərazisində əsaslı təmirinə və ya tikintisinə zəruri ehtiyac duyulan qəzalı və istismara az yararlı məktəb binaları da var: "Sovla, Çöhranlı tam orta məktəblərinin tikintisinə, şəhər 2 saylı, (E.Zülfüqarov adına) Şilyan, (Q.Əliyev adına) Qarabucaq qəsəbə, Muradxan, Pirili, Topalhəsənli, Köhnəbazar tam orta məktəblərinin və Bala Kəngərli kənd ümumi orta məktəblərinin əsaslı təmirə ciddi ehtiyacı var.        Əlavə olaraq bildirim ki, rayonun iri yaşayış məntəqələrindən olan  Xırdapay, Atakişili,  Şilyan, Qarasu, Yenikənd, Muradxan, Pirili kəndlərində Körpələr evi-Uşaq bağçalarının da tikintisinə ehtiyac vardır. Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin yenidən qurulmasını  əsaslandıraraq bu məktəbin bütün kürdəmirlilərin arzusu olduğunu deyə bilərəm". Deputat onu da deyib ki, səhiyyə sahəsində rayonun Şilyan kənd həkim məntəqələrinin, Çöhranlı, Böyük Kəngərli kənd tibb məntəqələrinin və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tikintisinə ehtiyac duyulur: "Əlbəttə ki, rayonumuzun ən ağrılı problemlərindən biri rabitə və internet əlaqəsidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Kürdəmir kimi rabitə sistemində ciddi çatışmazlıqları olan bir rayona rabitə xidmətinin yüksəldilməsi ilə əlaqədar müvafiq təkliflərimi çatdırmışam. Əlavə olaraq qeyd edim ki, ötən ildə Nazirlər Kabinetinə təqdim etdiyim bir çox təkliflər ötən müddət ərzində öz həllini tapmış və ya icrası 2019-2023-cü illər "Azərbaycan Respublikası regionların 2019-2023-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icraatına qəbul edilmişdir". Əminə Ağazadə onu da bildirib ki, sözügedən problemlərin həlli məqsədilə hökumət üzvlərinə təkliflər verib: "Təklif etdiyimiz məsələlər rayonumuzun, onun kənd və qəsəbələrinin inkişafını, əhalinin məşğulluq problemlərinin həllini, təhsilin, səhiyyənin, kənd təsərrüfatının problemlərinin aradan qaldırılması ilə bağlıdır. Bütün bunlarla əlaqədar dövlətimizə təklif edilib. Bu yolda ölkə rəhbərliyinə, həmin planların icrasına məsul edilmiş bütün dövlət qurumlarına işlərində müfəvvəqiyyətlər arzulayırıq".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31