Boşanma statistikasındakı kəskin artımın səbəbləri nədir? – Psixoloq rəyi
17 Mart 2021 15:20 Sosial"Boşanmaların sayındakı kəskin və qarşısıalınmaz artım ciddi problemə çevrilib. Bunun bariz nümunəsi kimi ötən ilin boşanma statistikasına nəzər salmaq yetərlidir. Belə ki, ötən il 35 min nikah bağlanıb. Nikahlardan 14 600 -ü isə boşanma ilə nəticələnib".
Bunu Milli Məclisin dünənki iclasında deputat Fazil Mustafa deyib.
Son zamanlar boşanmaların sayında müşahidə olunan artıma səbəb kimi pandemiya, bundan irəli gələn karantin rejimi göstərilir. Belə ki, evdə qalmaq, bir-birilə daha çox ünsiyyətdə olmaq məcburiyyətində olan ailə fərdləri son nəticədə yollarını ayırmaq qərarı verirlər.
Psixoloq Fərqanə Mehmanqızı isə açıqlamasında qeyd edib ki, boşanmaların statistikasına başqa aspektdən yanaşmaq lazımdır:
"Boşanmaların əsas səbəbi insanların düzgün seçim etməmələri, müəyyən psixoloji durumlarda evliliyə can atmalarıdır. Bu gün insanlar ailə kimi ciddi müəssisəyə, evliliyə dırnaqarası yanaşırlar. Bu baxımdan münasibətlərdə psixoloji alyans yaranmır, cütlüklər arasında aqressiya müşahidə edilir".
Psixoloq həmçinin bildirib ki, karantin rejimində insanların evdə qalması, ailə üzvləri ilə daha çox vaxt keçirməsi onların bir-birilərini tanımasına və nəticədə uyğun olmadıqlarını görməsinə səbəb olur: "Bu, dediyim kimi nəticədir. Amma evliliyi qarşısına məqsəd qoyan şəxslər gərək psixoanalizlərdən keçsin, konsultasiyalar etsinlər. Yəni, hansı psixoloji durumdadırlar, evlilik hədəfləri, bir-birilərindən gözləntiləri nələrdir - bütün bunlar çox önəmlidir. Qeyd etdiyim amilləri gözə alıb ortaq məxrəcə gəlmək lazımdır ki, evliliyə hazırdırlarmı".
Müsahibimiz bildirib ki, sağlamlıq sənədi kimi psixoloji rəy də vacibdir: "Psixoloji rəy isə doğru-düzgün yolla keçirilməlidir ki, cütlüklər sabah böyük problemlə qarşılaşan zaman bir-birlərinə dayaq olsunlar, nə gözlədiklərini bilsinlər və buna görə addım atsınlar. Çox təəssüf ki, boşanmaların sayında artım müşahidə olunur. Lakin bununla paralel olaraq, pandemiyaya rəğmən, evliliklərin sayı da artmışdı. Ona görə də məsələnin kökünə getmək lazımdır. Evliliyə ciddi müəssisə kimi yanaşmaq mütləqdir. Ailə institunun dağılmasının qarşısını almaq üçün düşünürəm ki, evliliyə hazırlayan şəxslər psixoloji terapiyadan keçməlidirlər".
sfera