Tərəvəzçilik Ensiklopediyasının təqdimatı keçirilib
17 Mart 2021 12:31 SosialTərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış "Tərəvəzçilik Ensiklopediyası" adlı fundamental kitabın təqdimatı keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev tədbiri giriş sözü ilə açaraq kitabın elmi yenilikləri haqda məlumat verib. Bildirib ki, "Tərəvəzçilik ensiklopediyası" kitabında tərəvəzçilik, bostançılıq və kartofçuluq, eləcə də kənd təsərrüfatı sahəsində işlədilən çoxlu sayda termin və anlayışların izahları verilib. Ensiklopediyanın tərtibində tərəvəzçiliyə, bostançılığa, kartofçuluğa və onlarla əlaqəli digər sahələrə aid izahlı ensiklopedik lüğətlərdən, internet materiallarından, ayrı-ayrı elm sahələrini əhatə edən mənbələrdən və sorğu kitablarından, dərsliklərdən, monoqrafiyalardan, müxtəlif jurnal məqalələrindən istifadə edilib. Tərəvəzçiliyin çoxfunksiyalı bir elmi sahə olmasına əsaslanaraq biologiya, seleksiya və toxumçuluq, bitki fiziologiyası, bitki biokimyası, üzvi və qeyri-üzvi kimya, torpaqşünaslıq, aqrokimya, sitologiya, ekocoğrafiya, ekologiya və digər elm sahələri ilə əlaqəli olan terminlər və onların izahı da ensiklopediyaya daxil edilib.
Ensiklopediyada həmçinin, yarandığı ilk gündən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının tərəvəzçilik, bostançılıq və kartofçuluq üzrə müxtəlif mövzularda apardığı elmi-tədqiqat işləri, xüsusən də bu bitkilərin seleksiyası və toxumçuluğu sahəsində görülən işlər - yaradılmış sortlar, onların təsviri, biomorfoloji xüsusiyyətləri, aprobasiyası, toxumçuluğu və aqrotexnikası haqqında ətraflı məlumat verilib. Ensiklopediya tərəvəzçi mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların əməkdaşları, doktorantlar, bakalavrlar, magistrantlar, fermer təsərrüfatı ilə məşğul olanlar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.