Yunus Oğuz Fərəməz Novruzoğlunu məhkəməyə verdi
16 Mart 2021 12:58 Sosial"Nə mən həmin hadisə baş verən zaman orada olmuşam, nə də sabiq komitə sədri Nazim İbrahimov"
Bakı və Şəmkir korpuslarının sabiq komandri, general-leytenant Rövşən Əkbərovun həbsi bir sıra əsassız iddiaların ortaya atılmasına səbəb olub. "OLAYLAR"-ın xəbərinə görə, jurnalist Fərəməz Novruzoğlu ( sosial şəbəkədə həm də Elçin İlqaroğlu adı ilə qeydiyyatdan keçib) Rövşən Əkbərovun 20 il əvvəl Ukraynanın paytaxtı Kiyev şəhərində həyata keçirdiyi qətl hadisəsi zamanı Azərbaycandan daha bir neçə nəfərin sabiq komandirin yanında olduğunu iddia edib. Fərəməz Novruzoğlu iddia edib ki, qətl hadisəsinin baş verdiyi olay yerində sabiq komitə sədri Nazim İbrahimovla "OLAYLAR" qəzetinin baş redaktoru Yunus Oğuz da olub.
Yunus Oğuz isə "OLAYLAR"-a verdiyi açıqlamada Fərəməz Novruzoğlunun yalan danışdığını, iftira atdığını bildirib. O, bəyan edib ki, Fərəməz Novruzoğlu yenə öz ampluasına sadiq qalaraq yalan-böhtan danışmağı davam etdirir: "Nə mən həmin hadisə baş verən zaman orada olmuşam, məndə olan məlumata görə nə də sabiq komitə sədri Nazim İbrahimov. Çünki mən 1998-ci ildən Bakıya köçüb gəlmişdim. İş adamı Elçin Əliyev isə 2001-ci ildə qətlə yetirilib. Nazim İbrahimov isə həmin vaxt Milli Məclisin deputatı idi. Sadəcə məndə olan məlumata görə Nazim İbrahimov Elçin Əliyevin direktoru ilə birlikdə Kiyevə gedərək onun nəşinin Azərbaycana gətirilməsində iştirak edib".
Yunus Oğuz deyib ki, Fərəməz Novruzoğlu növbəti şər-böhtanı ilə özünü məhkəməlik edib: "Görünür indi də Fərəməz Novruzoğlu bu cür gündəmdə qalmaq istəyir". Yunus Oğuz onu da diqqətə çatdırıb ki, qətl hadisəsinin baş verdiyi ərəfədə müntəzəm olaraq "OLAYLAR" qəzetində Elçin Əliyevin qatilinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı yazılar yazıb.
Qeyd edək ki, Rövşən Əkbərov 2001-ci ildə azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunaraq həbs edilib.