Tahir Mirkişili:” Azərbaycan 2020-ci ildə 3 cəbhədə mübarizə aparıb”
16 Mart 2021 12:37 Sosial"Azərbaycan 2020-ci ildə 3 cəbhədə mübarizə aparıb və kifayət qədər resurslarını səfərbər edib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, pandemiyanın yaratdığı problemlərə baxmayaraq, strateji layihələrin həyata keçirilməsini, ordu quruculuğunun təkmilləşdirilməsinin davam etdirilməsini müsbət qiymətləndirmək lazımdır: "Dəstək proqramları çərçivəsində yardımların ölkəmizin demək olar, yarısını əhatə etməsi təqdirəlayiqdir. Eyni zamanda iqtisadi subyektlərə verilən dəstək iqtisadiyyatın zəifləməsinin qarşısını alıb. Maliyyə nəzarətinin gücləndirilməsi, şəffaflığın qorunmasında informasiya texnologiyalarının imkanlarından daha çox istifadə etmək daha çox nəticə verə bilər. Yaranan bütün çətinliklərə baxmayaraq, illik inflyasiyasının 2,8 % təşkil etməsini, manata olan təzyiqlərini dəf edilməsini təqdir edirik. 2020-ci ildə maliyyə sabitliyinin qorunması siyasətini uğurlu hesab edirik. Hesabat ilində görülən tədbirlər iqtisadiyyatda şəffaflığı daha da artırıb. Bununla yanaşı, düşünürük ki, publik hüquqi şəxslərin bazardakı fəaliyyətini tənzimləməklə bağlı yeni yanaşmalara ehtiyac yaranmaqdadır. 2021-ci il yeni innovasiyalar ilidir. Nazirlər Kabinetinə bu ildə uğurlar arzu edirəm".