Ölkəyə idxal olunan buğda və un daha bir il ƏDV-dən azad edilir

Yanvarın 27-də Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda növbəti  iclası  keçirilib. "Olaylar" xəbər verir ki, komitə sədri Tahir Mirkişili qeyd  edib ki,  Vergi Məcəlləsinə  təklif  edilən  dəyişikliklərin əsas istiqaməti ƏDV-dən müvəqqəti azad olması nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə müddətin uzadılmasıdır.Aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub.  Eyni zamanda ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi və xüsusi təhlükəli xəstəliklərin yarada biləcəyi problemlərin qarşısının alınması, zərgərlik fəaliyyətinin inkişafı məqsədilə bir sıra məhsullar üzrə ƏDV-dən azadolma müddətinin uzadılması zərurəti  yaranıb.

Onlayn iclasda  iştirak  edən  Dövlət  Vergi Xidmətinin rəis  müavini Samirə Musayeva qanun layihəsinə  təklif olunan  dəyişikliklərin mahiyyəti  barədə geniş məlumat  verib. O, bildirib ki, Məcəllədə buğdanın,  buğda ununun və çörəyin idxalı,  satışı və istehsalı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdi. Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixdə bitir. Layihəyə  əsasən bu mallara tətbiq olunan ƏDV-dən azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur. Həmçinin,   kəpəyin istehsalı və satışına tətbiq edilən, 2021-ci il mart ayının 1-ə qədər qüvvədə olan azadolmanın heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi  məqsədi ilə daha 1 il müddətinə uzadılması nəzərdə  tutulub.

Samirə Musayeva bildirib ki, sənədə əsasən  ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azadolma müddəti 1 yanvar 2020-ci ildə bitib.  Bu proseslər hazırda da davam etdiyindən azadolma müddətinin  daha 2 il  müddətinə uzadılması məqbul hesab edilir. Eyni zamanda, publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi üzrə ƏDV-dən azadolma müddəti daha 1 il müddətinə artırılır.

DVX-nın rəis  müavini zərgərlik sənayesində islahatların aparılması ilə bağlı bu  sahədə   aparılan  azadolmaları  da ətraflı izah edib.  Qeyd  edilib ki, zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların  aksizdən  azadolma müddətinin  daha 3 il artırılması nəzərdə  tutulur. Samirə Nusayeva bildirib ki, uzun illər  erməni işğalında  olan Azərbaycanın  Kəlbəcər rayonun işğaldan azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək. O,  vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur. Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır.

Samirə Musayeva  çıxışında tütün məmulatlarının aksizli malların  siyahısına  daxil edilməsi ilə bağlı məlumatları da təqdim edib. Bildirilib ki, bu məhsulların aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində ölkəmizdə ümumi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə görə 8 538 977 min ədədə qədər  azalma  müşahidə olunub. Tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ödənişləri 2017-ci il üzrə 87 909 200 manat,  2020-ci ilin yanvar-noyabr ayları üzrə 473 554 500 manat təşkil edib.

Bu baxımdan səhiyyə  təşkilatlarının tövsiyələri əsasında  sağlamlığa zərər verən məhsulların istehlakının azaldılması üçün tütün məmulatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların  (trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, bütün növ qəlyanlar üçün nəzərdə tutulan, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsulları) aksizli malların siyahısına daxil edilməsi təklif edilib. Ətraflı müzakirələrdən sonra qanun layihəsinin birinci oxunuşda  Milli Məclisin  plenar  iclasına  baxılmaq  üçün tövsiyə edilməsi qərara  alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31