Daha bir komitənin yaz sessiyasının iş planı təsdiq edilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. "Olaylar" xəbər verir ki,  Komitə sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib. Sadiq Qurbanov məlumat verib ki, 2020-ci ilin payız sessiyası dövründə komitənin 3 iclası keçirilib, 5 məsələyə baxılıb. Belə ki, komitədə "Ətraf mühitin mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihələri müzakirə olunub.

Qeyd olunub ki, hesabat dövründə komitəyə vətəndaşlardan və bir sıra təşkilatlardan müxtəlif məzmunlu 30 məktub, ərizə və sənəd daxil olub. Məktublarda göstərilən problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub. Komitə üzvləri tərəfindən seçicilər, şəhid ailələri və qazilərlə də bir sıra görüşlər keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.Yaz sessiyası ərzində komitədə müvafiq dövlət qurumlarından, QHT-lərdən və vətəndaşlardan daxil olan təkliflərin təhlili, komitə üzvlərinin təbii ehtiyatlar, energetika və ətraf mühit mövzusunda keçiriləcək toplantılarda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçiriləcək quruculuq işləri ilə bağlı maarifləndirici tədbirlərdə iştirakı nəzərdə tutulub. Onlayn iclasda 2020-ci ilin payız sessiyanda komitədə görülən işlər barədə hesabat məqbul sayılıb, 2021-ci ilin yaz sessiyasının iş planı təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31