Sahibə Qafarova Erkan Ozoralla görüşüb

Oktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşdü.

Oktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşdü.

Milli Məclisin Sədri bildirdi ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarının başlamasının ilk dəqiqələrindən Prezident Rəcəb Tayyib Ərdoğan birmənalı mövqe ortaya qoydu, Türkiyə xalqının və dövlətinin Azərbaycanın yanında olduğunu bildirdi.  Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop şəxsən mənə zəng edərək öz dəstəyini ifadə etdi, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar öz mövqelərini ortaya qoydular. Milli Məclisin Sədri Azərbaycana verilən bu dəstəyə görə Türkiyə xalqına, dövlətinə və rəsmilərinə dərin təşəkkürlərini çatdırmağı səfirdən xahiş etdi. Sədr Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiyanın da Ermənistanın ölkəmizə qarşı təxribatlarını pisləyən Birgə Bəyanatla çıxış etməsini yüksək qiymətləndirdiyini ifadə etdi. Milli Məclisin Sədri TBMM sədrinə yazdığı məktubda siyasi partiyaların bu dəstəyinə görə təşəkkürünü bildirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Türkiyənin ölkəmizə hərtərəfli dəstəyi ulu öndər Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlət" fəlsəfəsinə uyğundur.

Milli Məclisin Sədri Sahibə Qafarova Ermənistanın təxribatları ilə bağlı Türkiyənin televiziya kanallarının mütəmadi verilişlər hazırladığını, "TRT Haber"in ondan müsahibə aldığını da xatırlatdı. Sədr Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Ravza Kavakçının da telefon zəngini və ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi.

Bu görüşdən və Milli Məclisin Sədrinin sözlərindən dərin məmnuniyyət duyduğunu bildirən səfir Erkan Özoral diqqətə çatdırdı ki, Qafqaz İslam Ordusunun 100 illiyinin və Azərbaycanın Dağlıq Qarabağın azad edilməsi uğrundakı zəfər yürüşünün onun səfir olduğu dövrə təsadüf etməsinə görə özünü çox şanslı hesab edir. Səfir Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəkkürlərini Türkiyə xalqına, dövlətinə və rəsmilərinə çatdıracağını qeyd etdi. Bildirdi ki, Azərbaycan Türkiyənin qardaşıdır, Türkiyə qardaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu istiqamətdə addımlarını atmağa davam edəcəkdir. 

Söhbətin sonunda ən qısa müddətdə Azərbaycan Ordusunun qələbə xəbərlərinin eşidiləcəyinə əminlik ifadə olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31