Partiya sədri od püskürdü:“Bəzi dövlət qulluqçuları iş otaqları üçün bahalı xarici ofis mebelləri alır, əlçatmaz qiymətə xidməti avtomobillər sifariş edirlər”

Yaşadığımız 2020-ci ilin başa çatmasına az qalır. Qarşıdan yeni təqvim ili gəlir. Bu, həm də yeni maliyyə ilidir. Odur ki, hökumət qarşıdakı yeni dövr üçün ölkəmizin  ali  maliyyə sənədi olan Dövlət büdcəsinin layihəsini hazırlayır, planlar qurur, tədbirlər müəyyənləşdirir.

Yaşadığımız 2020-ci ilin başa çatmasına az qalır. Qarşıdan yeni təqvim ili gəlir. Bu, həm də yeni maliyyə ilidir. Odur ki, hökumət qarşıdakı yeni dövr üçün ölkəmizin  ali  maliyyə sənədi olan Dövlət büdcəsinin layihəsini hazırlayır, planlar qurur, tədbirlər müəyyənləşdirir. Bu məsələləri müzakirə etmək üçün sentyabrın 23 -də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində iclas keçirilmişdir. Hökumətin iqtisadi və maliyyə məsələlərinə məsul qurumlarının rəhbərlərinin iştirak etdiyi toplantıda ətraflı müzakirələr aparılıb. Yurddaş Partiyasının sədri Mayis Səfərli "Olaylar"a bildirib ki, mətbuatda gedən informasiyalardan göründüyü kimi, sözügedən iclazda büdcə təşkilatlarına ayrılan vəsaitlərdən səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilib: "Zənnimcə, gerçəkdən də bu sahədə ciddi qayda-qanun yaradılarsa, dövlətimizin xəzinəsi heç vaxt boş qalmaz. Sirr deyil ki, büdcədən maliyyələşən təşkilatlarda  vəsaitləri bəzən düzgün istiqamətdə xərcləmirlər, təyinatdan yayındıraraq mənimsəyirlər. Son vaxtlar ölkəmizdə korrupsiya ilə mübarizə tədbirləri nəticəsində  çoxlu sayda belə neqativlər üzə çıxarılmışdır. Büdcə təşkilatlarında hələ də məsul vəzifəli şəxslər, qulluqçular arasında   qazanmaq ehtirası güclü olanlar az deyil. Vəzifə borcunu unudan, sərvət toplamağa aludə olan belələri qanunsuz gəlir əldə etmək üçün izafi xərclərə yol verir, lazımsız mallar alır, satınalmalarda qiymətləri şişirdirlər. Təhlillər göstərir ki, dövlətdən maliyyələşən qurumlar mal və avadanlıq alarkən yerli istehsala deyil, idxala üstünlük verirlər. Komfortlu həyata üstünlük verən dövlət qulluqçuları iş otaqları üçün bahalı xarici ofis mebelləri alır, əlçatmaz qiymətə xidməti avtomobillər sifariş edirlər. Bu yaxınlarda Ombudsmanın yeni komfortabelli və çox bahalı xidməti maşın əldə etməsi cəmiyyətdə ciddi etirazlarla qarşılanmışdı. Dövlət strukturlarında da belə hallar mövcuddur. Vətəndaşlar haqlı olaraq sual edirlər ki, olmazmı məmurlarımız qiymətləri münasib olan avtomobillərdən istifadə etsinlər?Axı, o bahalı maşınların bir  ədədinin qiymətinə bir neçə qaçqın ailəsinə ev tikmək, yaxud düşmənlə üzbəüz dayanan ordumuza silah -sursat almaq olar".

Onun sözlərinə görə, pandemiyanın iqtisadiyyatımıza ağır zərbə vurduğu indiki şəraitdə belə problemlərə xüsusi diqqət yetirilməlidir: "Elə mexanizmlər işlənib hazırlanmalıdır ki, büdcə təşkilatları tərəfindən xərclərin şişirdilməsi,vəsaitlərin təyinatından yayındırılaraq kənar məqsədlər üçün istifadə edilməsi i mümkünsüz olsun. Xərclərin optimallaşdırılması, qənaətçiliyin təşviq olunması və stimullaşdırılması normaya çevrilməlidir. Dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı bütün köhnə təlimatlara da yenidən baxılmalıdır. Inkişaf etmiş və qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq işimizə fayda gətirmiş olar. Bu sahədə yeni qanunverici aktlarının hazırlanmasına və Milli Məclis tərəfindən qəbul edilməsinə də ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31