Koronavirusa qarşı mübarizədə şəffaflıq

Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyıb. Sirr deyil ki, bütün bunlar ölkədə koronavirusa qarşı aparılan ardıcıl, məqsədyönlü siyasətin nəticəsində mümkün olub.  

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində pandemiyaya qarşı aparılan mübarizədə 215 dünya ölkələri arasında özünəməxsus mübarizə üsulu ilə dövlətimiz ən nümunəvi ölkələr sırasındadır. Elə bu səbədən də 2020-ci il 16 iyul tarixindən bu günə qədər yoluxmaların sayı sağalanların sayından xeyli aşağı düşüb. Məlumat üçün qeyd edək ki, respublikada fəaliyyət göstərən 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanalardan 41-i son 17 il ərzində tikilərək və ya əsaslı şəkildə təmir olunaraq, müasir avadanlıqlarla təchiz edilmiş və xalqın xidmətinə verilib. Əlavə olaraq dövlət başçısının dərhal verdiyi göstərişinə əsasən respublikamızda qısa müddət ərzində 9 ədəd modul tipli xəstəxana tikintisi təşkil olunub. Paralel olaraq iqtisadi və sosial məsələlər də öz həllini tapır. Belə ki, 5 milyona yaxın insan sosial paketlə əhatə edildi.

Buna baxmayaraq, pandemiyanın hələ uzun müddət davam edəcəyi nəzərə alanaraq COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 marttarixli Fərmanıilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Heç şübhəsiz ki, Fonda yığılan vəsaitin COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatlarının alınması və digər məqsədlər üçün xərclənməsi nəzərdə tutulur. Bu prosesin şəffaf şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabineti müəyyən edilib. Fərnanln icrası olaraq  Baş Nazirin imzaladığı 2020-ci il 11 aprel tarixli qərarla Fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası yaradılıb. Yeri gəlmişkən qeyd edək ki, indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxsləri barədə bağlı Fondun rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Təkcə bu fakt Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyətində tam şəffaflığın təmin edilməsini təsdiq edir. Fondun vəsaitinin gələcəkdə xərclənmə istiqamətinə gəldikdə qeyd edək ki, hazırda bir sıra ölkələrdə COVİD-19 pandemiyasına qarşı vaksin və peyvəndlərin hazırlanması istiqamətində elmi işlər davam etdirilir. Məlumata görə, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Bu sazişin icrasından irəli gələn məsələlərin, yəni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək. Ümumilikdə isə qeyd edilməlidir ki, Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir və əhalinin sağlamlığının qorunması üçün bütün mümkün üsullardan istifadə edir. Bu məsələdə maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31