Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir

Sədaqət Vəliyeva Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVİD-19 pandemiyasından xilas olmasına xərclənəcək”

Sədaqət Vəliyeva: Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVİD-19 pandemiyasından xilas olmasına xərclənəcək"

Azərbaycan dünyada barmaqla sayıla biləcək ölkələrdəndir ki, bəşəriyyəti bürüyən koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır və onun ölkəmizə daha çox ziyan vurması, insanlarımıza yoluxmasını önləyir. Təbii ki, bu daha çox ölkə olaraq ilk gündən adekvat addımların atılması, tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. Məlumat üçün qeyd edək ki, hələ virus dünya ölkələrinə, qonşu respublikalara yayılmağa başlayanda və pandemiya xarakteri almayanda belə Azərbaycan buna qarşı ciddi təbbirlərə start verdi. Koronavirusa Qarşı Mübarizə Fondu yaradıldı, ölkənin bütün təbəqələrindən olan insanlar könüllü şəkildə həmin fonda ianələr etdilər. Nəticə etibarilə qısa müddətdə fonda toplanan vəsait bu virusa qarşı səmərəli mübarizənin aparılmasını mümkün etdi. Məlumat üçün qeyd edək ki,  indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxsləri barədə bağlı Fondun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Təbii ki, Fonda daxil olan vəsaitlər barədə hər şeyin şəffaf olması, ora daxil olan vəsaitlər barədə ictimaiyyətə ətraflıə məlumatın verilməsi cəmiyyətdə bir əminlik yaratdı ki, dövlət qarşıdakı müddətdə də virusa qarşı daha effektli mübarizə aparmaq üçün kifayət qədər maddi resursa malikdir. Elə koronavirusa qarşı vaksinlərin ölkəyə gətirilməsinin maddi qarşılığının məhz sözügedən fond tərəfindən ödənilməsi barədə deyilənlər də bunu təsdiqləyir. Milli Məclisin deputatı Sədaqət Vəliyeva dea deyir ki, vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək: "Heç kəsə sirr deyil ki, hələ mart ayında COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdı. Həmin vaxt xalqımızın milli həmrəyliyi və dəstəyi ilə Fonda milyonlarla manat vəsait toplandı. Hətta, ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bir illik əmək haqlarını Fonda ianə etdilər. Bu gün artıq Fondda 114 milyona yaxın vəsait vardır. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxslər barədə Fondun rəsmi internet səhifəsində məlumatlar da yerləşdirilib. Həmçinin, Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir və təsadüfi də deyildir ki, Fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası da yaradılıb".

Deputat bildirib ki, hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan tələbat həcminin onların istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər: "Ona görə də, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlılıq imkanı yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı, Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVAX platforması yaradılıb. Sentyabrın 18-də isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Məhz, bu sazişin icrasından irəli gələn məsələlərin, yəni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək".

Sədaqət Vəliyeva deyib ki, Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir və əhalinin sağlamlığının qorunması üçün bütün mümkün üsullardan istifadə edir: "Bu məsələdə maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVİD-19 pandemiyasından xilas olmasına xərclənəcək. Fondun vəsaitlərinin xərclənməsinə dair əsassız fikirlər səsləndirmək, qeyri-obyektiv mövqe tutmaq, ictimai rəyi çaşdırmağa çalışmaq indiki məqamda düşmənçilikdən başqa bir şey deyildir. Vaksinasiya prosesi heç asan olmayan bir məsələdir. Bu səbəbdən də, Fonda vəsait köçürərkən necə həmrəy idiksə, bundan sonra da bir olmalıyıq, radikal müxalifətin şər və böhtan xarakterli qeybətlərinə inanmamalıyıq. Lakin bir məsələni də unutmayaq ki, bu gün sosial şəbəkələrdə şər atanlar, böhtan yazanlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürməmələrinə baxmayaraq, dövlət ayrı-seçkiliyə yol verməyəcək, radikal müxalifətin, yalan, təhqir "maşınları"nın da nümayəndələrini vaksinasiya prosesinə cəlb edəcək, onların da xəstəlikdən xilas olmasına imkan yaradacaq. Bu, Azərbaycan dövlətinin bir daha şəffaflığını, humanistliyini və demokratikliyini nümayiş etdirir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31