Tələbələr arasında “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiada keçirilib
23 Sentyabr 2020 15:19 Sosial22 sentyabr 2020-ci il tarixində MDB PAA DİMBİ Bakı filialı Azərbaycan Respublikasında Ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Beynəlxalq demokratiya gününə həsr edilmiş "Dünya ölkələrinin seçki sistemi" adlı internet-olimpiada keçirib. MDB PAA DİMBİ Bakı filialının Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Olimpiadada humanitar istiqamətlər üzrə təhsil alan Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, Bakı Slavyan Universitetinin, Milli Aviasiya Akademiyasının tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də iştirak ediblər. İnternet-olimpiadanın keçirilməsinində məqsəd aktiv seçki hüququna malik gənclərin seçki hüququ mədəniyyətini artırmaq, onları demokratik seçki prosesinin əsasları ilə tanış etmək, onlarda seçki hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik, bacarıq və vərdişləri formalaşdırmaqdan ibarət olub. 22.09.2020-ci il, Bakı vaxtı ilə saat 15:00-da başlayan olimpiadanın iştirakçıları onlayn rejimdə beş tematik blok üzrə onlara təqdim olunan suallara cavab veriblər. Olimpiadanın qalibi MDB PAA DİMBİ tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Qeyd etmək lazımdır ki, olimpiadanın qalibi ölkəmizi RF-nın Sankt-Peterburq şəhərində keçiriləcək finalda təmsil edəcək.