Azərbaycan neft-qaz strategiyasında mühüm hadisəyə imza atır
21 Sentyabr 2020 11:25 SosialÖlkəmiz artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır
Müstəqil Azərbaycanın həyata keçirdiyi enerji siyasəti öz töhfəsini verməkdədir. Nəinki ölkədaxili tələbatı, eləcə də bir sıra Avropa ölkələrini neft və qazla təmin edən Azərbaycan dünya enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Xüsusən, yeni kəşf edilmiş neft və qaz yataqları ölkəmizin beynəlxalq miqyasda əhəmiyyətini bir daha artırmış olur. Bu baxımdan demək olar ki, "Abşeron" yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir. Məlumat üçün qeyd edək ki, Abşeron-qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir. Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yatır. Yatağın ilkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Ümumilikdə "Abşeron" yatağının ehtiyatları 300 mlrd. kubmetrdən çox qiymətləndirilir ki, bu da plato səviyyəsində ildə 5 mlrd. kubmetr qaz hasil etməyə şərait yaradır. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünüb: Total (operator, 40%), ARDNŞ (40%) və Engie (20%). SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etdiyi dönəmdə əsas kontraktların hazırlanması və imzalanmasında fəal rol oynamışdır: "Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir". İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanıb, "Total" şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanıb. "Abşeron" yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli mətbuata müsahibəsində "Abşeron" yatağının əhəmiyyəti haqqında fikirlərini açıqlayıb: "TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür. "Abşeron" yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər".
Doğrudan da Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının istismarı Azərbaycan xeyli sərmayə əldə etməyə imkan verəcək. Belə ki, "Abşeron" qaz-kondensat yatağında hasilatın 2021-ci ilin ortalarında başlanılması gözlənilir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. "Abşeron" yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.Yatağın işlənilməsinin birinci mərhələsi çərçivəsində hasil edilən qaz daxili bazarın ehtiyaclarının ödənilməsinə yönəldiləcək. Bu isə o deməkdir ki, Azərbaycan dövləti istənilən eherji layihəsində xalqın maraqlarına önəm verir.
Yeni yatağın istismarı imkan verəcək ki, ölkəmiz öz qaz strategiyasını daha da genişləndirsib inkişaf etdirsin. Heç şübhəsiz ki, bu strategiya Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıracaq. Beləliklə Azərbaycan həm də qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək. Bu isə ölkəmizin dünyada əhəmiyyətinin daha da artacağına zəmanət verir. Qeyd edək ki, Azərbaycanın enerji siyasətinin qayəsində xalqın maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək dayanır. Məhz bu siyasətin həyata keçirilməsi məqsədilə çoxşaxəli enerji-nəqliyyat infrastrukturu yaradılıb, yeddi neft-qaz kəməri ərsəyə gətirilib. Hazırda Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Sadalanan faktlar Azərbaycanın dünya ölkələri arasında nüfuzunu daha da artırmış olur. "Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacağı şübhə doğurmur.
Alim