Söyənləri sevmək... Jalə Mütəllimova-Seyidli YAZIR
19 Sentyabr 2020 11:32 Sosialİllər ərzində ölkədə elə bir ictimai rəy yetişdi ki, hər şeyə aqressiv, kobud, etik çərçivələri aşaraq, mənəm-mənəm deməklə reaksiya verir. Söyür, aşağılayır, təhqir edir ona nəsə izah etməyə çalışanı. Özünü qarşısındakından üstün, qarışısındakını ayağının altı bilir. Sual oluna bilər, onu, onları qınamaq, adekvat davranmaq lazımdırmı? Əsla! Niyə?
Çünki insanların bu qəlibə düşməsi üçün illər uzunu ciddi ideoloji "mübarizə" aparılıb. Onların təhsilsizləşməsi, işsiz qalması, intellektual səviyyəsinin aşağı olması, maddi imkanlarının ciddi zəifləməsi, şəxsiyyət olaraq aşağılanması, xof altında yaşaması, ölkənin ictimai həyatında rolunun sıfıra enməsi, sarı mediaya, kriminala, şəxsi, intim həyatlara maraq göstərməsi üçün ciddi məbləğdə maliyyə və uzun zaman sərf edilib. İnsanlara elə gəlir, bu məsələdə dövlətin ciddi etimad göstərdiyi, konkret şəxslər yox, dövlət günahkardır. Heç kəsin ağlı idrak etmir ki, İT əsrində necə informasiya blokadası qurmaq, keçilməz yollar yaratmaq olar.
Amma bu işlər görülüb, var və hələ də bəlli baryerin aşılmasında ciddi problemlər yaşanır. İnanmaqda və ya inanmamaqda hər kəs müstəqildir.
...Düzdür biz bu qərarı vətəndaşa buraxırıq. Yəni o inanmaqda da, inanmamaqda da müstəqildir. Ancaq onu da bilirik ki, inanmır. Odur ki, onu inandırmağa çalışan, faktları sadalayan, əlini tutmaq istəyən hər kəsə aqressivdir. Xüsusən bu işi görən məhdud sayda media adamına. Çünki bu situasiyada media adamı vətəndaşın ən tez əli çatandır. Onu təhqir etmək asandır, söymək rahatdır. Vətəndaşını və dövlətini sevən media adamı hüququn ona verdiyi haqdan da imtina edir. Çünki o qarşısındakının həm də psixoloji durumundan xəbərdardır. Anlayır ki, illərlə adamlara edilmiş mənəvi, maddi və psixoloji təzyiqləri, indi vətəndaş məhz onun, media adamının üzərində dövlətinə qaytarır. Qorxulu olanı budur ki, ictimai rəy, yəni ölkə vətəndaşı elə duruma gətirilib ki, onunla polemika hələ ki, alınmır. Daha dəqiqi, onun yanına enib, söhbət etməyə, dərdləşməyə risk edəcək adamları dövlətə təqdim edən yoxdur. Biz hələ ki, dözürük. Bu millətin ən az siyasi bilgisi olan, ən ehtiyaclı adamını da eşidir, təhqirlərə, hiddətə dözürük. Dözmək üçün bir də sevgi lazımdır. Demək ki, biz o insanı və bu döbləti həm də sevirik. Dövləti də, vətəni də, o söyəni də sevə bilmək bir də iradə məsələsidir. İradəsiz sevgi, sevgisiz dözüm olmur. İndi sualım sizədir cənablar, siz nə zaman sevəcəksiniz bizi yox, onları? Axı bu ölkənin küçədə qalan bomju da sizindir, bizimdir. Axı ən pis övladından belə imtina edə bilmir ailə, VƏTƏN. Siz nə zaman adamları VƏTƏN biləcəksiniz? Biz, nə zaman söyülməkdən qurtulacağıq?!.
Jalə Mütəllimova