Türkiyə-Azərbaycan Media Platforması yaradılır
10 Sentyabr 2020 15:51 SosialAzərbaycanla Türkiyə arasında bağlar, dostluq-qardaşlıq münasibətləri günümüzdə elə bir səviyyədədir ki, hər hansı üçüncü bir qüvvə həmin münasibətlərə xələl gətirmək, kölgə salmaq gücündə, iqtidarında deyil. İki qardaş ölkə arasında əməkdaşlıq, əlaqələr bu gün həyatımızın bütün sahələrində özünü açıq şəkildə göstərir. İstər siyasi, istər iqtisadi, istər diplomatiya, istərsə də mədəni-humanitar sahələrdə hər iki qardaş ölkə uğurlu əməkdaşlıq edir, münasibətlər qurur və həmin münasibətləri inkiişaf etdirir.
Azərbaycanla Türkiyə arasında uzun illərə dayanan bir ənənə də mövcuddur ki, bu da hər iki ölkədə mühüm vəzifəyə təyin olunan rəsmi şəxsin ilk olaraq qardaş ölkəyə səfər etməsidir. Artıq demək olar ki, bu hər iki ölkənin bütün dövlət qurumlarında qeyd-şərtsiz bir proses kimi xarakterizə edilir. Əgər ilk illərdə bu kimi səfərlər yalınız dövlət başçıları səviyyəsində həyata keçirilirdisə, sonradan hər iki ölkənin xarici siyasət rəhbərləri, müdafiə nazirləri, hətta dövlətin idarəçiliyində mühüm rol oynamayan nazir və komitə rəhbərləri də ilk xarici səfərlərini Türkiyə və Azərbaycana həyata keçirdilər. Bu günlərdə Azərbaycandan bir qrup nümayəndə heyətinin qardaş ölkəyə baş tutan səfəri də məhz deidklərimizi təsdiqləyir.
Məlum olduğu kimi bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyəyə səfər edib. Hikmət Hacıyevin ilk xarici səfər olaraq Türkiyəyə getməsi məhz yuxarıda qeyd etdiyimiz Ankara-Bakı dostluq-qardaşlığının bariz nümunəsidir. Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxil olan şəxslər sırasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov yer alır ki, həmin şəxslərin də bir çoxu tutduğu mühüm postda ilk xarici səfərdir ki, məhz Türkiyə Respublikasına edir. Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılovu məhz bu sıraya aid etmək olar.
Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyəyə səfəri bir sıra məqamları ilə diqqət çəkir və mühüm əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, nümayəndə heyətinin tərkibinə əsas etibarilə televiziya və media sektorunda təmsil olunan şəxslər daxildir, o zaman Ankara ilə Bakı arasında qeyd etdiyimiz sektorda yeni bir dönəmin başlayacağı əminliyi formalaşa bilər. Düzdür, bu vaxta qədər də qardaş ölkəyə anoloji və təxmini eyni tərkibdə, lakin fərqli şəxslərin, rəsmilərin iştirakı ilə səfərlər təşkil edilib. Eyni zamanda ayrı-ayrı dövrlərdə Türkiyədən televiziya və mətbuat təmsilçiləri Azərbaycana səfər edərək qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ancaq indiki həssa dönəmdə bu səfər xüsusi əhəmiyyət kəsb edir. Nədən ki, hazırda işğalçı Ermənistan bütün cəbhələrdə Azərbaycana qarşı təxribatlara əl atlb. Mümkün qədər beynəlxalq KİV-lər vasitəsilə Azərbaycanın nüfuzuna, siyasi çəkisinə xələl gətirmək istəyir. Düzdür, Azərbaycan da beynəlxalq KİV-lərlə əməkdaşlıq edərək zaman-zaman həmin qurum və quruluşlarda Azərbaycan əleyhinə dərc edilən, efirə materiallara öz kəskin reaksiyasını bildirir, onları təkzib edir. Ancaq səmimi şəkildə etiraf etmək lazımdır ki, bu sahədə qardaş Türkiyə qədər təcrübəyə malik deyilik. Dünyanın bir çox ölkələrində hətta şəbəkələşmiş türk mediası fəaliyyət göstərir ki, həmin imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərinin dünyaya, beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm irəliləyiş əldə edə bilərik. Bu baxımdan Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində KİVDF-nin icraçı direktoru Əhməd İsmayılovun və Milli Televiziya və Radio Şurasının rəhbərliyinin təmsil olunması ayrıca əhəmiyyətli bir məsələdir. Bütün bunlar həm KİVDF, həm də MTRŞ vasitəsilə Azərbaycan jurnalistlərinin beynəlxalq əlaqələrinin genişlənməsi, qardaş Türkiyənin mövcud imkanlarından istifadə edərək dünyaya çıxışının təmin olunmasına imkan yarada bilər. Çünki bu günümüzün əsas tələbi olmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hələ illər öncə KİV-lər, mətbuat nümayəndələri qarşısnda qoymuş olmuş mühüm vəzifədir. İstər dövlət başçısının Dünya Azərbaycanlılarının qurultaylarında müdafiə taktikasından hücum taktikasına keçməyin zəruriliyi barədə fikirləri, istərsə də zaman-zaman mətbuat nümayəndələri ilə keçirdiyi görüşlərdə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində KİV-lərin daha fəal rol oynaması barədə tövsiyələri də qeyd etdiyimiz məsələnin nə dərəcədə aktual olduğunu ortaya qoyur.
Digər tərəfdən "Bir millıət, iki dövlət" prinsipindən yola çıxan Azərbaycan və Türkiyə diasporları kimi, media, kütləvi informasiya vasitələri də eyni platformadan çıxış etməsi, birlik və bərabərlik şəklində fəaliyyət göstərməsi baxımından da Azərbaycan nümayəndə heyətinin səfəri olduqca önəmlidir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun da Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə bu məsələyə toxunub vı tərəflərin Türkiyə-Azərbaycan Media Platforması yaradılması məsələsində razılığa gəldiyini ifadə edib. Həmin platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması nəzərdə tutulur.
S.İsmayılbəyli
Olaylar.az