Xidmətçi- ZÜLEYXA NADİR YAZIR
25 Avqust 2020 14:35 SosialZÜLEYXA NADİR
Uzun illərin sınağından çıxmış belə bir deyim var: kadrlar hər şeyi həll edir. Bu, doğrudan da belədir. Kadr yerində olanda, işini peşəkarcasına və vicdanla yerinə yetirəndə həm öz vicdanı rahat olur, həm də xalqının yanında başıuca, alnıaçıq durur. Dövlətin müxtəlif strukturlarına rəhbərlik edən məmurlar işlərini peşəkarlıqla və dövrün tələbləri səviyəsində qurarsa, eləcə də idarəçilikdə yeni təfəkkür, yüksək əxlaqi və mənəvi keyfiyyət sərgiləyərsə, kimsənin yanında gözü kölgəli olmaz. Tutduğu vəzifəyə hörmət edən, tabeçiliyində olanlara dəyər verən rəhbər şəxs dövlətə və dövlətçiyə xidmət etməklə millətinin, xalqının xidmətçisi olur. Amma özündən yuxarıda oturan şəxsə yaltaqlanan, yalan məlumat verən, dövlət başçısına xəyanət edən məmurun "fironluğu" çox çəkmir. Nə xoş ki, birincilər, yəni Azərbaycan Respublikasına xidmət edən, xalqını sevən, millətinə yüksək dəyər verən xidmətçilər var. Amma nə yazıq ki, bu xalq, bu ölkə ikincilərdən də xali deyil. Zaman-zaman xəyanətkar, şərəfsiz, şəxsi mənfəətini dövlət mənafeyindən üstün tutan məmurların bəd əməlinin şahidi olmuşuq, bu gün də oluruq. Başdan-başa korrupsiyaya bulaşan, var-dövlət toplayan, sərvət yıgan vəzifəli şəxslər "zay məhsullardı".
Prezident İlham Əliyev son illər ölkəni bu "məhsullardan" xilas etmək üçün olduqca səmərəli kadr islahatları keçirir, Azərbaycanın yeni mərhələyə adlamasını təmin edir. Bu islahatlar nəticəsində iqtisadi və siyasi idarəetmə yenilənir, cəmiyyət başqa bir mərhələyə keçir. Ölkə başçısı yolunu azmış məmurları, idrəçilikdə özbaşınalıq edən vəzifəli şəxsləri tutduqları vəzifədən azad edərkən toplum onların ötürdükləri neqativ enerjidən təmizlənmiş olur. Prezidentin kadr islahatlarının kökündə Azərbaycanın təhlükəsizliyini və saglam gələcəyini qurmaq dayanır. Elə buradaca deməyi vacib bilirəm ki, İlham Əliyev, həm də gələcək nəsilləri düşünür. Ölkənin sağlam gələcəyi vətənə, xalqa xidmət etməkdən keçir. Bu xidmət aşağılardan yox, məhz yuxarıları dəyişməkdən başlayır. Bu, bir-birinə bağlı olan struktur və kadr dəyişikliyidi. Yaşlı kadrların gənclərlə əvəz olunması, harın məmurların qanun qarşısında oturdulması, acgöz, dövlətin və xalqın malına göz dikən məmurların qandallanması kimi dəyişikliklər birbaşa Azərbaycan Respublikasının bu gününə və gələcəyinə xidmət etməklə yanaşı dövlətin güclənməsi deməkdi. Dövlətə xidmət etmək, xalqa qulluq göstərmək təkcə ölkə başçısının işi deyil, vəzifə kreslosunda oturan vəzifəlilərin də birbaşa məsuliyyətidi. Prezident İlham Əliyevin kadr siyasəti və struktur dəyişikliyi özünün də dediyi kimi, iqtisadi müstəqilliyimizin təmin edilməsidi. Çünki iqtisadi müstəqillik gücləndikcə milli iradə də möhkəmlənir, kənar müdaxilələr yolverilməz olur. Bəllidir ki, prezidentin hər zaman verdiyi mesaj da məhz budu: Azərbaycan xalqı taleyini özü həll etməli, gələcək addımları ilə bağlı özü qərar verməlidi. Dövlət idarəçiliyində güclü kadrların olması, milli düşüncəli gənclərin vəzifələrə təyin olunması "insan kapitalı" prinsipinə xidmət edir. Bu cür kadrlar ölkənin sərvəti hesab olunur. Ona görə də düzgün aparılan kadr siyasəti ölkənin strateji ehtiyatlarının idarə edilməsində alternativsizlik sərgiləyir. Bu baxımdan ölkə prezidentinin islahatlara yol açan fəaliyyəti novatorluq, çeviklik və şəffafflığın əhəmiyyətini artırır. "İslahtlara alternativ yoxdu" deyən İlham Əliyevin bu günkü kadr siyasəti dövlət idarəçiliyində çox böyük rol oynayır. Kadr siyasətinin, struktur dəyişikliklərinin başlıca prinsipinə əməl edən rəhbər şəxs vətənə sədaqətli, dövlətə bağlı, xalqa xidmət edən məmur kimi yaddaşlara hopur. Odur ki, vəzifəyə təyin olunmuş şəxs kadr siyasətində səhv etməməlidir. Prezident iki gün əvvəl yeni təyin olunmuş Biləsuvar və Saatlı rayonlarının icra başçılarını video formatda qəbul edərkən bu fikri xüsusi vurğuladı: "Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətlə insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər insanlar, milli ruhda tərbiyə alan insanlar, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır".
Son yarım ildə insanların fəaliyyət dairəsi koronovirus pandemiyasından dolayı məhdudlaşıb. Amma onlayn görüşlər, virtual söhbətlər vasitəsi ilə həyatın gedişatı qətiyyən ləngimir, işlər yoluna davam edir, istehsal sahələri bir gün olsun belə dayanmır. Prezident vəzifələrə yeni təyin etdiyi şəxsləri video formatda qəbul edərək onlara məsləhət, tövsiyə və tapşırıqlarını verir, yol göstərir, işlərini doğru - düzgün qurmağın faydalarından danışır. Heç kimə sirr deyil ki, icra başçılarının çoxu tutduğu vəzifənin möhüründən "qansoran cihaz" kimi istifadə edir. İnsanlarla kobud davranır, mədəniyyətsizlik sərgiləyir, vətəndaşları qəbul etmir, əhalinin problemlərini heçə sayırlar. Vəzifə kreslosunda oturan kimi 180 dərəcə dəyişir, şirə, pələngə dönür, gözləri ayaqlarının altını görmür. "Burda mənəm, Bağdadda kor xəlifə" deyib qılınclarını sağa-sola flırladırlar. Niyə, nə üçün, hansı səbəbdən qanunları pozur, ənənələri saya salmırlar? İnsanlar illərdi bu sualın cavabını tapa bilmirlər. İnsnlar illərdi icra başçılarının kobud davranışına məhkum olublar. Bunu sadə vətəndaşdan tutmuş ölkə prezidentinə kimi hər kəs bilir. Ona görə də İlham Əliyev xüsusi tapşırıq verdi: " Siz öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən demişəm dəfələrlə ki, bütün dövlət məmurları Prezident başda olmaqla xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm". Xalqa xidmət etmək böyük şərəfdi. Bu, hər kəsə qismət olmur. Prezident İlham Əliyev özü haqqında "xalqın xidmətçisiyəm" deyə danışır. Amma bizim bir çox vəzifə sahiblərimiz bu sözü qəbul etmir, özlərini xalqın ağası sayırlar. Yazıqlar! Elə bilirlər ki, oturduqları kreslo, mindikləri bahalı avtomobil, yaxta, şəxsi təyyarə dədələrindən qalıb. Anlamırlar ki, xalqdan oğurladıqları bir gün əllərindən alınacaq, yedikləri burunlarından gələcək. Səudiyyə Ərəbistanı kralının titulu "İki müqəddəs şəhərin xidmətçisi" adlnır. Kral ildə bir neçə dəfə əlinə süpürgə alıb Kəbənin ətrafımı süpürür və bundan çox böyük şərəf duyur. Bizim "şərəf" məfhumundan anlayışı olmayan məmurlar isə əlində süpürgə tutan sadə insanların qanını sorub korrupsiyaya qurşanır, az qala vəhşiləşirlər. Amma bu təkəbbür, bu kobudluq uzun çəkmir.
Zaman gəlir ki, özünü xalqdan yuxarı tutanlar layiqli cəzalarını alırlar. Prezident yeni təyin olunmuş icra başçılarına bu məsələ ilə bağlı belə mesaj verdi: "Rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır - bir. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, insanlardan, öz tabeçiliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiz deyin, nə istəyirsiz edin, sizə nə hörmət olacaq, nə də ki rəğbət olacaq. Ona görə siz məişətdə də nümunə olmalısınız, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız". Qayıdıram ilk fikrimə ki, kadrlar hər şeyi həll edir. Bəli, ölkə prezidentinin təyin etdiyi gənc kadrlar xalqda xoş hisslər oyadır, onların savadına, biliyinə, gücünə, əxlaqına, mədəniyyətinə və nüfuzuna inam yaradır. Hər kəs inanır ki, olkədə baş verən kadr islahatları, struktur dəyişiklikləri ilk növbədə xalqın və dövlətin maraqlarına xidmət edir. Xüsusilə də cavanların, xarisdə təhsil alan gənclərin vəzifələrə təyin edilməsi milli mənafelərin nəzərə alınması deməkdi. Son bir neçə ildə gənclərin irəli çəkilməsi bütün sahələrdə peşəkar kadr potensialnı formalaşdırıb. Sadəcə bu potensildan səmərəli istifadə etmək lazımdı. Ki... bunun da yolunu prezident İlham Əliyev hər zaman dilə gətirir: köhnə stereotiplərdən uzaqlaşmaq, yenilərinə üstünlük vermək, elmi-texniki tərəqqinin nailiyyətlərini mənimsəmək, tətbiqinə üstünlük vermək lazımdı. Ən vacibi isə xalqa xidmət etmək, "xidmətçi" titulunu şərəflə daşımaqdı.
Vəssalam!..