Allahşükür Paşazadədən Aşura tövsiyyəsi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.
21 Avqust 2020 13:15 SosialQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib. QMİ-dən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və yerlərdəki nümayəndələrinin qatıldığı videogörüşdə QMİ-nin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri iştirak ediblər.QMİ sədri Şeyxülislam A.Paşazadə videoiclasın bütün iştirakçılarını salamlayıb, Vətən uğrunda şəhidlərimizin xatirəsini ehtiramla anıb və Məhərrəm ayının başlanması ilə bağlı məlumat verib. A.Paşazadə ilk növbədə bildirib ki, müstəqillik dönəmində məscidlərimizin sayının 17-dən iki minə qədər artmasına, dini-mənəvi dəyərlərimizin inkişafı üçün dövlətimiz tərəfindən görülən böyük işlərə hər kəs şahiddir: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Aşura günündə Təzəpir məscidinə gələrək dindarlar qarşısında unudulmaz çıxışını, Bibiheybət məscidinin təməlqoyma mərasimindəki tarixi əhəmiyyətli nitqini xatırladan QMİ sədri bu ali mənəviyyat yolunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev cənablarının milli-dini dəyərlərimizin inkişafı üçün böyük işlər gördüyünü minnətdarlıqla vurğulayıb.Dini irsə qayğı ilə yanaşan dövlətimizin bu sahəyə diqqət və qayğısı şəraitində hal-hazırda dünyada təlatümlər yaradan koronavirus səbəbindən məscid və ziyarətgahlarımızın qapalı olmasından təəssüfünü ifadə edən Şeyxülislam A.Paşazadə bu il dünyanın bütün nöqtələrində müxtəlif dinlərin müqəddəs bayram və önəmli ayinlərinin məcburi təcrid tədbirləri səbəbindən fərqli, kütləvi mərasimlər olmadan qeyd edildiyini xatırlayıb. Xəstəliyin səngimədiyini və dünyanın müxtəlif ölkələrində yenidən artma meylini vurğulayan QMİ sədri Azərbaycan dövlətinin misilsiz səyləri ilə ölkəmizdə vəziyyətin nəzarətdə saxlanılmasını, yoluxma sayının azalmasının müşahidə olunmasını müsbət hal kimi dəyərləndirib.
Şeyxülislam A. Paşazadə bildirdib ki, dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk günlərdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilib. QMİ sədri vurğulayıb ki, pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır: "Bu il İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər müqəddəs ayin və mərasimlərin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri dindarlara müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyini bəyan edir".
QMİ sədri xüsusi vurğuladı ki, hökümət dini mərasimlərin keçirilməsinə qarşı deyil, dindarların sağlamlığını qorumaq məqsədilə bu addımı atır. İclasda müraciətin mətni oxundu. Şeyxüslam A. Paşazadə xüsusi vurğulayıb ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məramı ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunması olub. Bu məramın bəzən bilərəkdən təhrif olunması cəhdlərinin yolverilməz olduğunu bildirən QMİ sədri bu yanaşmada bəzi qüvvələrin dövlətlə dindarı qarşı-qarşıya qoyma məkrinin olduğunu istisna etməyib. O bildirib ki, dindarlar hər zaman dövlətin yanındadırlar və onun zəruri qərarlarını anlayış və hörmətlə qarsılayırlar.