Nikahın pozulması zamanı əmlak bölgüsü məsələsi necə həll edilməlidir?
13 Avqust 2020 13:31 SosialTəəssüf hissi ilə qeyd etmək lazımdır ki, günümüzdə cəmiyyətimizin üzləşdiyi çox ciddi problemlərdən biri də ailələrin dağılması, boşanma hallarıdır. Bəzən elə vəziyyət yaranır ki, yeni ailə həyatı qurmuş cütlük heç yarım il bir yerdə yaşamır və 3-4 aydanm sonra boşanmaq qərarına gəlirlər. Bu zaman isə təbii ki, ortaya ciddi problem, cütlüyün malik olduğu mülkün bölüşdürülməsi məsələsi ortaya çıxır. Bir şox hallarda məhkəmə predmetinə çevrilən bu prosesin sivil yolla həlli necədir? Ümumiyyətlə, boşanmanın qaydaları və şərtləri nələrdir? Bu və ya digər məsələlərlə bağlı fikirlərini bildirən hüquqşünas Əli İbrahimov deyib ki, nikaha daxil olmaq kimi nikaha xitam verilməsi şərtləri də qanunla tənzimlənir və insan həyatında dönüş nöqtəsi ola biləcək, əhəmiyyətli məsələdir. Onun sözlərinə görə, hər kəs qanunla nəzərdə tutulmuş yaşa (18) çatdıqda könüllü razılığı ilə ailə qura bilər. Bəs nikaha xitam verilməsinin, yəni boşanmanın qaydaları və şərtləri nələrdir? Hansı sənədlər tələb olunur?. Nikaha 2 əsasla xitam verilə bilər. Birincisi, ər və ya arvad öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə, ikincisi, ər və arvaddan birinin və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin və ya arvadın qəyyumunun ərizəsi əsasında. Qanun iki halda ərin nikahın xitam olunmasını tələb etmək hüququnu məhdudlaşdırır. Belə ki, arvadın hamiləliyi dövründə və uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Nikaha isə 2 qaydada xitam verilir. Birincisi, müvafiq icra hakimiyyəti orqanı (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi) tərəfindən. İkincisi, məhkəmə tərəfindən".
Hüquqşünas bildirib ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda və onların hər ikisinin razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər: "Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin və ya arvadın ərizəsi əsasında nikaha xitam verilməsi bu hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır. Ər və ya arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə, ər və ya arvad məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ər və ya arvad cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda. Qeyd olunan hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər və arvaddan biri nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda, hər ikisi və ya onlardan biri nikahın pozulmasında təkid etdikdə nikah pozulur, çünki nikah iki tərəfin də könüllü razığı əsasında bağlanır və hər hansı bir tərəf nikahı davam etdirmək istəmirsə buna məcbur edilə bilməz. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir". Əli İbrahimov qeyd edib ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur: "Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və ya ehtiyacı olan, əmək qabiliyyəti olmayan ərin və ya arvadın saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi məsələlərinə də baxıla bilər. Nikaha məhkəmə qaydasında xitam verilməsi üçün müraciət edərkən tələb olunan sənədlər isə bunlardır. Nikahın pozulması barədə iddia ərizəsi, nikah haqqında şəhadətnamənin əsli, uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, yoldaşınızın və özünüzün yaşayış yeri haqqında arayış, dövlət rüsumu barədə qəbz Nikahın ləğv olunması haqqında iddia ərizəsinə görə 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə yolu ilə nikaha xitam verilərsə, bu zaman nikahın pozulması haqqında qeydiyyat şöbəsindən şəhadətnamə almaq üçün əlavə 15 manat da rüsum ödəməlisiniz. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Ər və ya arvad nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz".
Bəs nikahın pozulması zamanı əmlak bölgüsü məsələsi necə həll edilməlidir?
Hüquqşünas deyib ki, Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir: "Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. Bəs qanunvericilik boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir? Məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır. Hər iki Məcəllədə qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın. Nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar - geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir".
Əli İbrahimov bildirib ki, bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur: "Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir. Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulmuşdur. Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər. Tərəflər arasındakı nikah münasibətlərinə xitam verildikdən sonra arvadın (ərin) birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir. Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir".
Hüquqşünasın sözlərinə görə, yaşayış sahəsindən istifadə hüququna gəlincə isə, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər: "Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulmuşdur. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğu diqqətinizə çatdırmaqla qeyd etməliyəm ki, kompensasiya - istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Zənnimcə, bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyət vardır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllə tətbiq edilir".
Süleyman