Bağlı yollar, açıq planlar: Ermənistan hansı istiqamətə gedir?- ÖZƏL

Rusiya tərəfi Ermənistan dəmir yollarını idarə etmək istəyən investorun ən azı 250 milyon dollar ilkin ödəniş, illik 40 milyon dollar xərclər və əlavə olaraq 680 milyon dollardan çox investisiya qoymalı olacağını bildirir. Moskva hesab edir ki, Ermənistan Aİİ-dən çıxarsa, yükdaşımalar azalacaq və layihə iqtisadi baxımdan səmərəsiz olacaq. Bu səbəbdən Rusiya hazırda satış üçün əsas görmədiyini və risklərin yüksək olduğunu vurğulayır.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Qazaxıstan və BƏƏ kimi ölkələr üçün mənə elə gəlir ki, indi belə ciddi bir addım atmaq istəyərlərsə, bunun üçün tələb olunan məbləğ o qədər də böyük sayılmaz. Xüsusilə BƏƏ üçün neft gəlirlərindən əldə olunan zənginlik və güclü valyuta ehtiyatları fonunda 1 milyarda çatmayan bir məbləği ödəmək çətin olmamalıdır. Bunun qarşılığında həm Qazaxıstan, həm də BƏƏ-nin özü ciddi bir siyasi addım atmış olar.
Bu, təkcə Rusiyaya qarşı yönəlmiş bir addım deyil. Bu, daha çox orta dəhlizin aktivləşməsi, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması və regiondakı bütün kommunikasiyaların açılması kimi mühüm proseslər fonunda qiymətləndirilməlidir. Bu baxımdan, olduqca önəmli bir gediş sayıla bilər.
Bu gün Ermənistandakı dəmir yolu infrastrukturu ona görə əlverişsiz və perspektivsiz hesab olunur ki, Azərbaycanla yollar bağlıdır, Türkiyə ilə əlaqələr bağlıdır, İran isə sanksiyalar səbəbindən dünya bazarlarına tam çıxış əldə edə bilmir. Bu səbəbdən Ermənistanın İran üzərindən ciddi iqtisadi layihələrə qoşulması da mümkün olmur. Nəticədə Ermənistan bir növ özünü blokada vəziyyətində saxlayır və dəmir yolu xətləri də bu səbəbdən ya işlək deyil, ya da faydasız hesab olunur. Rusiyanın vurğuladığı risklər də məhz bu mövcud reallıqlarla bağlıdır.
Lakin sülh müqaviləsi imzalandıqdan və kommunikasiyalar açıldıqdan sonra Ermənistan Azərbaycan və Türkiyə vasitəsilə həm Avropa, həm də Asiya bazarlarına çıxış əldə edə bilər. Bu halda dəmir yolu daşımaları əsas nəqliyyat vasitələrindən birinə çevriləcək və bu sahədən əldə olunan gəlirlər də artacaq.
Bu səbəbdən mümkündür ki, gələcəyi nəzərə alaraq Qazaxıstan və ya digər ölkələr Ermənistanın dəmir yollarına maraq göstərsin.
Avrasiya İqtisadi İttifaqından çıxış məsələsinə gəldikdə isə, bu addım Ermənistan üçün yeni imkanlar da yarada bilər. Belə ki, bu, Avropa İttifaqına yaxınlaşma üçün bir fürsətə çevrilə bilər. Hətta bu baş verməsə belə, Ermənistanın ayrı-ayrı Avropa ölkələri ilə münasibətləri yaxşılaşa bilər. Eyni zamanda görünür ki, Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə üzərindən şərq-qərb ticarət marşrutlarına qoşulmaq niyyətindədir. Bu isə yalnız Rusiya və ya Avrasiya İqtisadi İttifaqı ilə məhdudlaşmır. Burada Şanxay Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi daha geniş aktorlar da yer alır.
Bu baxımdan, düşünürəm ki, baş verənlər daha çox Rusiyanın Ermənistana təsir vasitələrindən biri kimi qiymətləndirilə bilər. Ermənistan iqtisadiyyatının böyük ölçüdə Rusiya iqtisadiyyatından asılı olması Rusiyaya bu cür təzyiq imkanları yaradır.
Lakin əgər Paşinyan hakimiyyəti qarşıya qoyduğu hədəflərə çata bilsə və mövcud reallıqlar dəyişərsə, o zaman Rusiyanın Ermənistana qarşı bu cür təsir rıçaqları da zəifləyə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31