Ermənistan Rusiya və Qərb arasında: İrəvanın geosiyasi seçimi dövlətçilik üçün riskdir? – ÖZƏL
17:19 SiyasətErmənistanda Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi nə ilə nəticələnə bilər? İrəvanın Rusiya ilə məsafə saxlaması hansı risklər yaradır?
"Ermənistanda Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi, Rusiyanın bu ölkədə müəyyən gərginlik yaratmaq cəhdləri ilə Ermənistan-Rusiya münasibətlərinin daha da kəskinləşməsi ehtimalını artırır. Ümumiyyətlə, Cənubi Qafqaz uğrunda Qərb və Rusiya arasında açıq və gizli mübarizənin getdiyi aydındır. Bunun nümunəsini Gürcüstanda da müşahidə edirik. Orada İvanişvili hökumətinin hakimiyyətə gəlməsi ilə Rusiyanın təsiri güclənir və Qərb müəyyən mənada sıxışdırılır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, hazırda Ermənistanda əks proses gedir: Qərb möhkəmlənməyə çalışır və Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Lakin Rusiya da bu ölkəyə yenidən qayıtmaq niyyətindədir. Başqa sözlə desək, Ermənistan uğrunda ciddi geosiyasi mübarizə gedir. Bu qarşıdurmanın dərinləşməsi ya tərəflərdən birinin üstünlüyü ilə nəticələnə, ya da uzunmüddətli gərginlik şəklində davam edə bilər. Əslində, Ukraynada baş verən hadisələr də Rusiya ilə Qərb arasındakı qarşıdurmanın nəticəsidir və buna bənzər proseslərin Ermənistanda da baş verməsi istisna deyil. Lakin Ermənistanın hərbi və iqtisadi potensialı məhduddur, ərazisi kiçikdir və Rusiyanın bu ölkəyə birbaşa çıxışı yoxdur. Buna baxmayaraq, ölkə daxilində Rusiya yönümlü və Qərb yönümlü qüvvələr arasında qarşıdurma, hətta müəyyən daxili toqquşmaların baş verməsi ehtimalı mövcuddur. Bu proseslərin daha da dərinləşməsi Ermənistan dövlətçiliyinin özü üçün belə risk yarada bilər. Digər ssenari isə ondan ibarətdir ki, seçkilər nəticəsində hansı qüvvə qalib gələrsə, qarşı tərəf bunu qəbul etsin və müəyyən balans formalaşsın. Bununla belə, hər iki tərəf öz təsir imkanlarını qorumağa çalışacaq.
Ekspertin sözlərinə görə, Rusiya Nikol Paşinyan hakimiyyətdə qalsa belə, Ermənistanda öz təsirini tam itirmək istəmir və müəyyən sahələrdə mövcudluğunu qorumağa çalışacaq. Çünki iqtisadi baxımdan bəzi istiqamətlərdə əməkdaşlıq hələ də zəruridir. Rusiya üçün tam itirməkdənsə, qismən təsiri saxlamaq daha məqbul variantdır. Qərb isə Ermənistanda yeni möhkəmlənən tərəf kimi çıxış edir və Paşinyan hakimiyyətini dəstəkləməklə öz mövqelərini gücləndirir. Maraqlı məqam ondan ibarətdir ki, Rusiya Paşinyana təzyiq etdikcə, Qərb də ona daha çox dəstək verir və bu, qarşıdurmanı daha da dərinləşdirir. Bununla yanaşı, Ermənistanda seçki institutunun müəyyən qədər formalaşması bu gərginliyi qismən yumşaldır və siyasi prosesləri daha institusional çərçivəyə salır. Lakin böyük güclərin maraqları toqquşduğu müddətdə gərginliyin tam aradan qalxması real görünmür.
"Rusiya Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmağa çalışır və bu istiqamətdə addımlar atacaq. Ermənistan isə, xüsusilə Paşinyan hökuməti dövründə, Rusiyadan müəyyən məsafə saxlamaqla bu təsirdən yayınmağa cəhd edir. Əgər Paşinyan seçkilərdə qalib gələrsə, bu, Ermənistanın tam şəkildə Rusiyanın geosiyasi orbitindən çıxması demək olmasa da, Moskvanın təsir imkanlarının tədricən azalması ilə nəticələnə bilər. Ümumiyyətlə, Azərbaycan və Ermənistanın daha müstəqil və oxşar xarici siyasət kursu yürütməsi Rusiyanın regiondakı təsirinin zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan, uzunmüddətli perspektivdə Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalması və regiondan mərhələli şəkildə geri çəkilməsi ehtimalı da istisna edilmir", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova