Gerizəkalılar... ZÜLEYXA NADİR YAZIR

Züleyxa NADİR

Bu günlərdə ölkə prezidenti İlham Əliyev  video formatda keçirdiyi müşavirədə üzünü məmurlara tutub dedi: "Təmiz işləyin ki, vicdanınız rahat olsun, həm də halal pul qazanın". Ölkə rəhbəri  bir cümlədə üç vacib şərti güllə kimi məmurların alnına vurdu: təmiz iş, rahat vicdan və halal pul.

Əslində prezident rəhbər vəzifədə işləyənlərə hər zaman səmimi məsləhətlər verməklə yanaşı, həm də yeri  gələndə yolunu azmış, harınlamış məmurlarla bağlı ciddi ölçü götürüb. Bəzən də məmurların harınlığı onların qandallanması ilə  nəticələnib. Və bütün bunlar xalqın gözü qarşısında olub. Sadə insanlar həmin məmurlara verilən cəzadan razı qalsalar da, ürəklərində bir təəssüf  hissi baş qaldırıb, "ay bədbəxt, sənə lazım idi bu qədər sərvət?"  düşüncəsilə onların halına acıyıblar.  Hər dəfə belə "hadisə" baş verəndə insanlar düşünüblər ki, bəlkə o birilərinə dərs olar, vəzifədə olanlar  səlahiyyətlərini aşmazlar. Amma yox, bir baxırsan ki, "bəydi -dərəbəylikdi".

Przident hər dəfə yeni təyin etdiyi vəzifə sahibinə təmiz işləməyi, vicdanlı olmağı, xalqı, milləti sevməyi, vətən, torpaq təəssübü çəkməyi tapşırır və inanır ki, sözünə əməl olunacaq. Amma nə sirri-xudadırsa bizim dovşan xislətli  məmurlar vəzifə kreslosunda oturan kimi 180 dərəcə dəyişir, şirə, pələngə dönürlər. Dövlətə və dövlətçiliyə xidmət etmək əvəzinə talançılığa başlayır, sərvət toplayır, xalqın malını dədə malı kimi özününküləşdirirlər. Dünyanı veclərinə almırlar, gözləri ayaqlarının altını görmür. Topladıqları var-dövləti qoymağa yer tapmır, hətta aşıb-daşan sərvətlərini gizlətməyə belə ehtiyac duymurlar. Mətbuatda gedən yazılara məhəl qoymur, bəzən də onların qəddar və zalım idarəçiliklərindən, mal-dövlət hərisliyindən yazan jurnalistləri, lap elə sıravi vətəndaşları müxtəlif vasitələrlə cəsalandırırlar. Bu, onların özlərini qoruma instinktidi. Amma ilahi ədalət deyilən bir nəsnə də var ki, ondan qaça bilmirlər. Ötən illərdə həbsxanalara düşən, qandallanaraq ev dustağı edilən, işdən qovulan, ya da vəzifəsi aşağı endirilən və s. məmurların taleyi hər kəsin gözü önündə həll olundu. Acınacaqlı hal odur ki, qara maskalı DTX əməliyyatçılarının həbs etmədikləri digər qansoranlar "gözü çıxan qardaşlaından" nümunə götürüb "stop" etmirlər. Anlamırlar ki, sabah onların da qapısını döyəcəklər. Olmur ki, olmur!

Ona görə olmur ki, əli kirlənmiş məmur heç vaxt təmiz işləyə bilməz, gördüyü işə mütləq ləkə salmalıdı. Onun əlləri elə kirlənib ki, heç bir yuyucu vasitə ilə təmizləmək mümkün deyil. Məmur güzgüdə özünə baxır, qürrələnir, kresloda fırlanır, yorulanda ayağa durub özündən razı halda kabinetdə var-gəl edir, qəbul otağında onu gözləyənləri günlərlə içəri dəvət etmir, tabeliyində çalışanların problemi, dərdi-azarı onu maraqlandırmır. "Millət necə tarac olur-olsun, nə işim var?" düçüncəsi ilə  ətrafa meydan oxuyur.  Özünü külli-ixtiyar sahibi hesab edir, olməzlik xülyasının qucağında uyuyaraq məsti-xumar olur. Görmür ki, kirli əlləri ilə  topladığı sərvət, yığdığı  cirkli pullar onu  birbaşa "ölüm  mələyinin" qucağına aparır. Bu ölüm adi, fiziki ölüm deyil. Bu ölüm onun var - dövlətinin əlindən alınması, sərvətinin dövlət büdcəsinə keçirilməsi,  kirlənmiş əllərinin kəsilib atılmasıdı.

Vicdan... bir dəfə iri çaplı məmurlardan hansısa biri demişdi ki, o, vicdanın nə olduğunu bilmir. Gülünc olmaqdan çox ağlamalıdı, faciəlidi. Vicdanı olmayan adamdan hansı yaxşı davranışı, normal münasibəti, ədalətli qərarı gözləmək olar?  Vicdansızın vəzifə kreslosu hər zaman laxlayır. Vicdan insanın daxilində oturan bir duyğudur ki, ondan heç nəyi gizlətmək olmur, aldatmaq da mümkün deyil. İnsan xoş olmayan bir hərəkət edəndə həmin  vicdan  onu mühakimə edir, haqlı olmağa çağırır, ədalət hissini itirməməyi məsləhət görür və heç bir bəhanəni yaxın buraxmır. Vicdan ən düzgün, ən şəffaf, ən təmiz hissdi. Vicdan həqiqətdi, həm də qorxudu. Bizim məmurların içindəki vicdan adına dedikləri hər nədirsə, bu sadaladıqlarımı özündə qətiyyən ehtiva etmir. Xüsusilə də qanun qorxusunu  anlamırlar. Az qala qanunla savaşa qalxırlar. Niyə? Çünki vicdanları yoxdu. Olsaydı xalqın malını talan etməz,  dövlətin əmlakını özününküləşdirməz, milyon manatlarla hesablanan sərvətlərini xarici ölkə banklarında saxlamazlar. Ölkə daxilində, eləcə də Avropada, ABŞ-da  villalar, malikanələr tikib, şəxsi yaxtalarında dünya səyahətinə çıxmazlar. Qanun qorxusunu hər addımda hiss edən,  şəxsiyyəti, şərəfi və qüruru olanlar vicdanın həqiqət olduğunu anlayan insanlardı. Remarkın bir fikri var: "vicdan adətən günahı olanlara yox, günahı olmayanlara əzab verir". Bu baxımdan bizim harınlamış məmurlar özlərini heç vaxt günahkar hesab etmədikləri üçün nə əzab çəkir, nə də naraht olurlar.

Vicdanı olmayanlar heç vaxt təmiz işləyə bilməzlər. Davranışı, oturuşu-duruşu əyri, münasibətləri kobud, əxlaqı natəmiz, fikri-zikri cirkli pullarının yanında olan məmur halal pul qazana bilməz. Halal pul talançılıqla, şərəfsizliklə, rüşvətlə, vətən, torpaq satmaqla qazanılmır. Halal pul əlin qabarı, alnın təri, beynin, zehnin dayanmadan çalışması ilə əldə edilir. Halal pul şirin olur, haram pul göz yaşları, qan-qada ilə  müşaiyət olunur.

Mətbuatda, eləcə də sosial mediada vaxtaşırı məmurların villaları, malikanələri insanların "hüzuruna" çıxarılır.  Qiyməti milyonlarla hesablanan yaxtası, şəxsi təyyarəsi olan, qiymətli qaş-daş toplayan məmurların sərvəti ictimailəşir,  qınanır, bir çox hallarda isə nifrət həddində qarğışa, söyüşə tuş gəlir, yəni hər kəs öz çapına uyğun  söz deyir. Deyilənə görə iri çaplı, yüksək ranqlı məmurlar  son illər villalarının gələcək taleyini həll etməyin yolunu da tapıblar. Malikanələrini dünyanın ən məşhur tarixi-arxitektura üslubunda inşa etdirirlər ki, onu  UNESCO-nun  maddi mədəniyyət nümunələri siyahısına sala bilsinlər. Bununla da evlərini gələcək  faciələrdən qoruya bilirlər. Deyəsən bu işdən yararlanan, UNESCO-nun maddi irs siyahısına düşən villalar var. Doğrusu,  məmurlarımızın məharətinə heyrət edirəm. Bu cür addım yalnız bizim məmurların ağlına gələ bilər, dünyanın başqa  xalqları saxta iş görməyə cürət edə bilməzlər.

Təmiz işləməyən, vicdanı olmayan, haram pul toplayan məmurların   adlarını çəkməyi lazım bilmədim. Hansı birini deyim, axı?! Bir deyil, beş deyil.   Amma xalq malına göz dikən, dövlət əmlakını mənimsəyən, özlərini odda yanmaz, suda batmaz hesab edənlər gün gələcək ki, "qızıl teştlərinin içinə qan qusacaqlar".

Bunlar doğrudanmı bu  sadə həqiqəti anlamayacaq qədər gerizəkalıdırlar?..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31