Qardaşlıq münasibətlərini qoruyan mədəniyyət
12 Avqust 2020 16:22 Sosial12 avqust tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Türkiyənin Azərbaycandakı Yunus Emre Mərkəzinin rəhbərləri arasında görüş təşkil olunmuşdur.
Olaylar.az bildirir ki, görüş zamanı Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev və elmi katib Cavid Əliyev yeni təyin olunmuş türkiyəli həmkarı Selçuk Karakılıça uğurlar diləyərək qurumlarımız arasındakı olan 4 illik əməkdaşlığın davam olunmasının vacibliyini bildirmişlər.
"Ölkələrimiz arasında olan qardaşlıq münasibətlərini qoruyan əsas amillərdən biri məhz mədəniyyətdir" - sözlərini səsləndirmiş A.Usubəliyev ölkə rəhbərlərimizin nümayiş etdikləri siyasi iradə, habelə ortaq tariximiz və mədəniyyətimiz sözügedən qardaşlığın əbədi olacağına dair öz əminliyini bildirmişdir. Fikirlərlə razı olduğunu və dəstəklədiyini qeyd edən Yunus Emre Mərkəzinin direktoru Selçuk Karakılıç əməkdaşlığa açıq və hazır olduğunu bildirmiş və daha sonra reallaşa biləcək birgə layihələr ətrafında müzakirələr aparılmışdır.
Belə ki, aparılan müzakirələr çərçivəsində ədəbiyyat və ortaq tarix ətrafında birgə tədqiqatların aparılması, mədəniyyət işçiləri üçün təlimlər, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin qarşılıqlı tanıdılması, habelə təbliğat və maarifləndirici layihələrin birgə reallaşmasına dair razılıqlar əldə olunmuşdur. Təcrübə mübadiləsi çərçivəsində hər iki tərəfin müvafiq ixtisaslar üzrə mütəxəssislərin qarşılıqlı əlaqələri, əməkdaşlığı möhkəmləndirməklə yanaşı müsbət təcrübənin paylaşılmasına da xidmət edəcəyini bildirən müəssisələrin rəhbərləri davamlı əlaqələrin zəruriliyini vurğulamışlar.
