Atamla şəkilli söhbət -Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

(Zamansız yazı)

...Otağımda oturub şəkillərə baxıram. Müxtəlif dövrlərin şəkilləridir. Belə deyək ki, zamanın donmuş əksidir.

Atam içəri girir. Onları gizlədirəm.

-Nəydi o heylə?- üzündə çoxmənalı ifadə soruşur.

-Heç, elə belə, - deyə mızıldanıram, - şəkillərdi.

-Nə şəkillərdi?

-...

-Oğulun atadan nə sirri?

-Sirr-zad yoxdur, deyirəm, - adi şəkillərdi.

-Ver vaxım!

Elə hökmlə deyir ki, imtina edə bilmirəm və şəkilləri göstərirəm. O da şəkillərə diqqətlə baxır. Bir söz demədən mənə qaytarır.

-Ata, bir söz soruşmaq istəyirəm.

-Soruş.

-Niyə sizin vaxtınızda, yəni illər öncə uşağı, yəni doğma uşağı, böyüklər yanında qucağa almırdılar, onu sevələmirdilər? - deyə birinci şəklə işarə edirəm. Həmin şəkildə oğlumu qucağıma almışam və ona nəsə göstərirəm. O da gülümsünür.

-Bilmirəm. Bəlkə ona görə ki, böyüklər uşağı qısqanırdılar. Elə hesab edirdilər ki, uşaq olandan sonra böyüklərə olan sevgi öləcək.

"Yəni bu qədərmi!?" deyə ürəyimdə fikirləşirəm və eqoistliyin dərəcəsini hesablayıram.

İkinci şəkildə həyat yoldaşımla hansısa toyda rəqs edirəm. Yüngülcə belindən yapışmışam.

-Bəs buna nə deyirsən? Sizin vaxtınızda niyə bu, ayıb sayılırdı?

O, bir müddət dinmir. Sonra dodağının altında güclə eşidiləcək səslə deyir, sanki kimdənsə qorxur:

-Bilirsən, yəqin analar bunu istəmirlərmiş. Onlar istəmirmişlər ki, oğulları onlardan başaq kimisə sevsin.

Üçüncü şəkil atamla mənimdir. Yad adamlar kimi dayanmışıq. Onu göstərirəm.

-Bu, mənim səhvimdir, -deyir, - gərək əlimi çiyninə qoyardım.

-Narahat olma, əlin hələ də çiynimdədir, -deyirəm.

Bir-birimizə baxıb gülümsünürük...

Avqustun əvvəli, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31