İnfeksionist Georgi Vikulov: “İspaniya və Rusiyada çimərliklər açılanda yoluxma artdı” - MÜSAHİBƏ

Payız - kəskin respirator virus infeksiyaları (KRVİ) mövsümü yaxınlaşır. Vəziyyət koronavirus pandemiyası ilə ağırlaşır. KRVİ necə müalicə ediləcək? Eynilə COVID-19 protokolu üzrə? Eyni zamanda, bu günə qədər təxminən 20 milyon insanın COVID-19-a yoluxduğu, bunun da təxminən dörd faizinin öldüyü məlumdur.

Bu gün Media.Az-ın suallarını Rusiya Virus İnfeksiyalarının Profilaktikası və Müalicəsi üzrə Elmi-İnformasiya Mərkəzinin direktoru, tibb elmləri namizədi, immunoloq, infeksionist Georgi Vikulov cavablandırır:

- KRVİ və COVID-19, əlbəttə ki, fərqli protokollara əsasən müalicə olunur. Ancaq başqa bir məqam var: KRVİ pnevmoniya ilə birlikdə ağır şəkildə keçərsə, o zaman buna vəziyyətdən irəli gələn bütün ehtiyat tədbirləri ilə potensial koronavirus infeksiyası kimi baxılacaq. Nəzərə almaq lazımdır ki, insanlarda koronavirus infeksiyası hallarının 30-50%-i asimptomatik keçir.

- ÜST-ün elan etdiyi pandemiya, məsələn, distant təhsilin inkişafına səbəb oldu, bir çoxları məsafədən işə keçdi. Bəs distant tibb haqqında nə demək olar?

- Bizdə, Rusiyada bu mövcuddur və teletəbabət adlanır. Bu istiqamət həqiqətən bütün dünyada inkişaf edir. Uzaqdan məsləhətləşmələr aparılır və mən bir neçə ildir ki, onlarda fəal iştirak edirəm.

- Azərbaycanda son həftələrdə yoluxanların sayı gündəlik sağalanların sayından xeyli azdır. Bununla yanaşı, Azərbaycan - adambaşına PZR-testlərinin (polimeraz zəncirvari reaksiya) aparılmasına görə dünyada liderlərdən biridir. Təqribən 800 min test keçirilib. Seroloji testlər də aparılır. Mövcud məlumatlar xəstəliyin pik həddinin keçildiyini göstərirmi?

- Seroloji testlərdən başlayaq. Bunlar anticisim testləridir (bir çox hallarda bir insanın COVID-19 keçirib-keçirmədiyini müəyyən etməyə imkan verir - red.).

Pik həddə gəlincə, planet miqyasında infeksiyanın pik həddi keçilməyib. Xəstəliyə yeni yoluxma hallarının sayı sağalananların sayından çoxdur.

- Azərbaycanda çimərliklərin açılması məsələsi fəal müzakirə olundu...

- Bu məsələ müzakirə olunub və olunur, özü də tək Azərbaycanda deyil. Məsələn, İspaniyada turistlər gəlməyə başlayandan iki həftə ərzində yeni yoluxma hallarında 400 faiz artım müşahidə edildi. Rusiyada - Stavropol və Krasnodar diyarlarında çimərlik mövsümünün açılmasından sonra yoluxma hallarında kəskin artım oldu. Təəssüflə qeyd etməliyəm ki, biz hələ yoluxma sayında artım müşahidə edəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31