Bir sıra sahələrdə tətbiq edilən yumşalma arxayınlıq yaratmamalıdır
10 Avqust 2020 15:08 SosialƏks təqdirdə yenidən karantinin sərtləşməsinə rəvac verə bilərik
Aparılan məqsədyönlü tədbirlər, atılan adekvat addımlara baxmayaraq hələ də koronavirus pandemiyasını tamamilə aradan qaldırmaq qeyri-mümkün olaraq qalır. Baxmayaraq ki, dövlət və hökumət bu istiqamətdə öz üzərinə düşən vəzifəni tam mənası ilə icra edir, yerinə yetirir, lakin əldə edilən nəticə demək olar ki, bizi tam olaraq qane etmir. Bunun da başlıca səbəblərindən biri insanlarımız, vətəndaşlarımızın tətbiq edilən qaydalara, qadağalara əməl etməməsi, bununla da təkcə özlərini deyil, eyni zamanda ətrafdakıları da təhlükə altına salmalarıdır. Buna rəğmən qeyd etdiyimiz kimi dövlət, hökumət, onun müvafiq qurumları da bu istiqamətdə fəaliyyətlərini davam etdirir, ölkəmizin bu bəladan minimum fəsadla çıxması üçün əllərindən gələni edirlər. Məhz həyata keçirilən adekvat tədbirlərin nəticəsidir ki, artıq son günlər koronavirusa yoluxanların sayında ciddi şəkildə azalma müşahidə edilir. Əgər həftələr öncə gündəlik pandemiyaya yoluxanların sayı 600-700 təşlil edirdisə, dünəndən etibarən ölkədə yoluxma sayı ikirəqəmli şkala ilə ölçülür.
Ölkədə koronavirusa yoluxanların sayının azalması təbii olaraq aylardır tətbiq edilən bəzi karantin qaydalarının yumşaldılmasını zərurətə çevririr və Nazirlər Kabineti yanında Operativ Qərargah müntəzəm olaraq vəziyyəti təhlil edərək yumşalma ilə bağlı müvafiq qərar qəbul edir. Bir neçə gün əvvəl bu ilin mart ayından qüvvədə olan sms icazə sisteminin ləğv edilməsi, çimərliklərə getmək üçün tətbiq olunan qadağanın aradan qaldırılması məhz karantin qaydalarının yumşaldılmasının bir hissəsidir və avqustun 5-dən etibarən qeyd etdiyimiz hər iki qadağa tam aradan qaldırılıb.
Mövcud vəziyyətin təhlil olunub müsbət nəticənin əldə edilməsi avqustun 10-dan etibarən daha bir yumşalmanın tətbiq edilməsinə yol açıb. Belə ki, avqustun 10-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verilir. Artıq bu səhərdən başlayaraq sözügedən obyektlərdə canlanma müşahidə edilməyə başlayıb və həmin ticarət obyektlərinin fəaliyyəti bərpa olunub. Ancaq baş verən yumşalma vətəndaşlarımızda o qənaəti yaratmamalıdır ki, artıq koronavirus problemi aradan qalxıb və hər kəs istədiyi formada addım ata, hərəkət edə bilər. Bu prosesin davamlı xarakter daşıması, açılan obyektlərin yenidən qapadılmaması üçün hər bir vətəndaş məsuliyyətli davranış sərgiləıməlidir. Nəzərə alaq ki, bir müddət əvvəl də ölkədə yoluxma halının azalmasını əsas götürərək Nazirlər Kabineti yanında Operativ Qərargah əksər sahələrdə yumşalma tətbiq etmiş, hətta kafe-restoranların belə fəaliyyətinə icazə verilmişdi. Lakin vətəndaşlarımızın məsuliyyətsiz davranışları, tibbi madskalardan istifadə etməməsi, bazarlarda, marketlərdə, ticarət mərkəzlərində sosial məsafə saxlamaması ölkədə virusa yoluxanların sayının kəskin şəkildə artması ilə nəticələndi. Ona görə də hər bir vətəndaş yaxın aylarda üzləşdiyimiz acı taledən nəticə çıxarmalı, tibbi maskadan istifadə edib şəxsi gigiyenik qaydalara əməl etməlidir. Eyni zamanda ticarət obyektlərindən istifadə edərkən mütləq sosial məsafə saxlamalıdır. Artıq hər birimiz dərk etməliyik ki, koronavirus pandemiyasının dərmanı tapılmayana qədər bu virus bizimlə olacaq. Ondan qorunmağın yolu isə yalnız və yalınız vacib tövsiyələrə əməl etmək, tibbi maska taxıb sosial məsafə saxlamaqdır. Bu vacib detallar təkcə Azərbaycan cəmiyyəti üçün xarakterik deyil. Qeyd etmək yerinə düşər ki, qardaş Türkiyə, eləcə də bir sıra Avropa ölkələri də həftələr öncə bizim yaşadığımız acı tale ilə qarşılaşdılar. Karantin qaydalarının yumşaldılmasından yaranan arxayınlıq qardaş ölkənin 83 vilayətində yenidən karantinin tətbiq edilməsini zərurətə çevirdi. Eləcə də bir sıra Avropa ölkələrində tətbiq edilən yumşalma virusa yoluxma sayının artmasına gətirib çıxardı ki, nəticə etibarilə yenidən bəzi ölkələrdə bir sıra qadağalar qüvvəyə mindi. Ona görə də yenidən başa dönməmək, yumşalmanın davamlı xarakter alması, irəlidə daha bir sıra istiqamətlərdə yumşalmaların olmasını istəyiriksə, mütləq Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əməl etməliyik.
Süleyman
Olaylar.az