Musavat.com xəbər verir ki, deputat Fazil Mustafanın Milli Məclisdə Göyçayın İcra Hakimiyyəti başçısını tənqid etməsi skandal yaradıb. Ən yaxşısı bu barədə millət vəkili Fazil Mustafanın öz yazdığını oxuyaraq, məlumatlanaq:
***
QEYD
Milli Məclisin dünənki iclasında sahibkarlara divan tutan, məhkəmə qərarlarını heçə sayan Göyçay rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin əməllərini tənqid etmişdim. Üzərindən heç bir gün keçməmiş guya Göyçay sakinlərinin bu tənqiddən qəzəblənib İcra hakimiyyətinə gələrək mənim çıxışımla bağlı öz narazılıqlarını bildirməsi barədə mediada Göyçay rayon İcra hakimiyyəti adından bir açıqlama yer aldı. Açığı mənim üçün sürpriz oldu, çünki belə anlaşılır ki, Göyçay sakinləri öz rayonlarının icra başçılarını o qədər çox sevirlər ki, onun barəsində kiçik bir tənqid eşitdiklərində çox ciddi əsəb keçirirlər. Maraqlıdır ki, hazırda xeyli sayda Göyçay sakinindən də icra başçısının yarıtmaz əməlləri barədə müraciətlər ünvanıma daxil olur və oxuduqca anlayırsan ki, bu cür "təmiz, dürüst, korrupsiyaya bulaşmamış bir müqəddəs" məmur haqqında bəzi göyçaylılar heç də ədalətli mövqedə deyillərmiş.


Hüququ pozulmuş şəxs kim olursa olsun, istər sahibkar Məhluqə Xəlilova, istər keçmiş millət vəkili Elxan Süleymanov, istər istənilən Azərbaycan vətəndaşı, istərsə də rayon icra hakimiyyətinin başçısı olsun, bir millət vəkili olaraq bizim üçün fərq etməz, hər birinin hüquqlarını qorumaq bizim borcumuzdur. Bir rayonun icra başçısının Azərbaycan dövləti adından məhkəmənin çıxardığı qərara əhəmiyyət verməməsi, yalnız bu qərarı çıxaran məhkəməyə deyil, bütövlükdə Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir. Azərbaycan dövlətinə qarşı hörmətsizlik göstərən hər bir şəxs kimliyindən, vəzifəsindən, himayədarlarının kimliyindən asılı olmayaraq bundan sonra da tərəfimizdən ən sərt mövqe ilə qarşılaşacaq.