“Peşəkarlığın qapısını açan könüllülük fəaliyyəti”

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə regionda çalışan 90-dan çox gənc mədəniyyət könüllülərinin və "Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu"nun üzvlərinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ilə görüş təşkil olunub.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Cavid Əliyev bildirdi ki, Mərkəz tərəfindən keçirilən reqemsal mədəni-kütləvi tədbirlərdə, təlimlərdə, konfranslarda, təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə gənc mədəniyyət işçiləri və tələbələr könüllü olaraq fəal iştirak etmişlər. Debat şəklində keçirilmiş görüşün təşəbbüskarı olan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə ətraflı məlumat verdi.

Konkret müəssisələr üzrə görülə biləcək birgə layihələr ətrafında aparılan müzakirələr çərçivəsində Heydər Əliyev Mərkəzləri, muzeylər, kitabxanalar və mədəniyyət mərkəzləri kimi müəssisələrin fəaliyyətinin müasirləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Gəncləri mədəniyyət müəssisələrinə cəlb etməklə mədəniyyət sahəsinin aktuallığının artmasına nail olmağın mümkün olduğunu bildirən iştirakçılar mövcud istiqamətdə planlı şəkildə layihələrin reallaşdırılması zəruriyyətini də səsləndirmişdir.

Bu cür mövzular ətrafında regionlarda çalışan mədəniyyət işçiləri ilə birgə açıq müzakirələrin aparılmasının önəmliyini bildirən Mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, məhz bu cür açıq təşəbbüslərə hər zaman açıqdır. Ölkə rəhbərliyinin sözügedən təşəbbüslərinin vətəndaşlarımızın, xüsusilə də gənclərimizin fərdi inkişafına xidmət etdiyini vurğulayaraq A.Usubəliyev bildirdi ki, könüllülük fəaliyyəti peşəkarlığın qapılarını açan yoldur.

Daha sonra Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun üzvləri tərəfindən maraqlı fikirlər səsləndirlmiş və canlı müzakirələr davam etdirilmişdir. Öz növbəsində çıxış edən Ağstafa rayonunun mədəniyyət könüllüləri sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31