Bəhruz Quliyev: “Nə qədər pozuntulara qarşı amansız olacağıqsa, məsuliyyətsizlərin biganəliyinə birgə mübarizə aparacağıqsa, bir o qədər də münbit nəticələr əldə edə biləcəyik”

"Azərbaycan dövləti və Prezidenti hər zaman öz vətəndaşının sağlamlığını, mühafizəsini əsas götürür. Belə ki, son həftələr ərzində həyata keçirilən sərt karantin tədbirləri nəticəsində artıq virusa yoluxanların sayı azalmaqdadır". Bu sözləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

"O da sirr deyil ki, əgər xəstəliyin azalma tempi bu cür sürətlə davam edərsə, insanlarımız bu yoluxucu xəstəliklə mübarizədə bütün qoruyucu vasitələrdən istifadə edərsə, sərt karantin rejiminin tələblərinə uyğun davranarsa, təbii ki, bu hal pandemiyanın Azərbaycanda yox olmasına gətirb-çıxara bilər", deyən ekspert digər məqama da toxunaraq bildirib ki, əldə edilən uğurlardan qətiyyən rahatlaşmaq, arxayınlaşmaq olmaz: "Baxın, ÜST və dünyanın bir sıra aparıcı ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğasının ehtimalı barədə danışırlar, hətta bu dalğanın güclü olacağını deyirlər. İngiltərə, Almaniya, Fransa, eləcə də digər Avropa ölkələri payız və qış aylarından ciddi şəkildə ehtiyat etdiklərini gizlətmirlər. Bəs bu təlaşı nə ilə əlaqələndirmək olar? Əlbəttə ki, sərt karantin rejimlərinin aradan qaldırılması və koronavirusla mübarizənin yumşaldılması ilə. Yəni bir müddət əvvəl sərt karantin rejimini götürən ölkələr indi bunun fəsadlarını proqnozlaşdırırlar. Mütəxəssislər hətta yoluxmaların intensivlik dinamikasının qarşısının alınmasının əvvəlkilərdən daha çox çətin olacağını da etiraf edirlər. Əlbəttə, bütün bunlardan sonra ölkələr yenidən karantin rejiminin sərtləşdirilməsi ilə yanaşı, bu vəziyyətin hələ bir neçə ay davam edəcəyi xəbərdarlığını edirlər. İnsanlara bildirilir ki, onlar bütün müvafiq tələblərə məsuliyyət hissi ilə əməl etməlidirlər, əks halda fəsadların qarşısının alınması mümkünsüz görünəcək".

"Lakin ölkəmizdə xüsusi karantin rejimi saxlanılmaqla yanaşı, bəzi yumşaldılmalar da həyata keçirilir, tədricən açılmalar istiqamətində qərarlar verilir", deyən Bəhruz Quliyevə görə, əgər vəziyyət yenidən dəyişilərsə sərt rejimin bir daha elan ediləcəyini istisna etmək olmaz: "Vətəndaşlarımız anlamalıdırlar ki, hazırda sağalmaların sayı artırsa, infeksiyaya yoluxanların sayı azalırsa, demək bu gedişatı qüvvədə saxlamaq hər birimizin borcudur. Yəni ehtiyatı əldən vermək hesab edirəm ki, məsuliyyətsizlikdir. Biz hansı ölkələrdə necə faciələrin yaşandıqlarının şahidlərinə çevrildik. Əlbəttə, biz bunu arzu etmirik, ancaq arxayınlaşsaq, bunu etiraf etmək məcburiyyətinə qalacağıq. Biz COVID-19 yayılmağa başlayan gündən başda dövlət rəhbərliyimiz olmaqla bir sıra kampaniyalara qoşulduq, həmrəylik çağırışları etdik. Əgər bütün bunlar olmasa idi, indi çox ağır bir situasiya ilə qarşı-qarşıya qalacaqdır. Demək istədiyim həm də budur ki, bizlər nə qədər pozuntulara qarşı amansız, barışmaz olacağıqsa, məsuliyyətsiz insanların biganəliyinə bir şəkildə mübarizə aparacağıqsa, bir o qədər də münbit nəticələr əldə edə biləcəyik. Bu baxımdan, daha sərt, daha yeni və daha çox sahələri əhatə edən məhdudiyyətlərin tətbiq olunmaması üçün, bizlər xalq olaraq, məsuliyyətli vətəndaş olaraq, özümüzün, ətrafımızın, ailələrimizin mühafizəsini mütəşəkkilliklə qorumalıyıq".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31