Dövlətin malına qənim kəsilənlər- Prezidentdən bir sıra dövlət şirkətlərinə haqlı iradlar
7 Avqust 2020 14:48 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində əsas meyar, ana xətt bir qayda olaraq şəffaflıq, dürüstlük, göstərilən etimadı layiqincə doğrultmaq təşkil edib. Ötən 17 ilə yaxın müddətdə dövlət başçısı məhz bu meyarlarla işləyib, eyni zamanda bunu təbliğ edib, komandasına bunu aşılayıb. Elə Cənab Prezidentin şəffaflıq və xalqın etimadını doğrultmağa yönəlik fəaliyyətidir ki, Azərbaycan vətəndaşları ötən illərdə keçirilən bir neçə seçkilərdə yüksək fəallıqla Prezident İlham Əllyevə etimad göstərib, ona təkrar-təkrar dövlət idarəçiliyini etibar ediblər.
Ancaq bu bir həqiqətdir ki, dünyanın heç bir ölkəsində hər şey, bütün proseslər, bütün insanlar ideal olmadığı kimi, Azərbaycanda da hansısa ideallıqdan danışmaq doğru olmaz. O cümlədən prezident komandasında təmsil olunan ayrı-ayrı məmurlar, dövlət və hökumət rəsmiləri də bu sıraya aiddir. Düzdür, zaman-zaman dövlət başçısı tərəfindən belə məmurların cəzalandırılması, onların tutduqları yüksək postlardan uzaqlaşdırılmasına rast gəlmişik. Ancaq təəssüflər olsun ki, bu kimi mənfi tendensiyalar komandada təmsil olunan bəzi üzvlərinin baş verənlərdən nəticə çıxarması ilə sonuclanmayıb. Əksinə bu və ya digər məmurlar, dövlət və hökumət rəsmiləri, hətta dövlət şirkətlərinin öz yarıtmaq fəaliyyətləri, məsuliyyətsiz davranışları, etimadı doğrultmayan hərəkətləri ilə dövlət idarəçiliyi, hakimiyyət barədə cəmiyyətdə mənfi rəyin formalaşmasına yol açıblar. Bu və ya digər məmurlar, dövlət, hökumət rəsmilərinin yarıtmaz fəaliyyəti ilk növbədə dövlət başçısının apardığı siyasətə, onun dövlətçilik fəlsəfəsinə ziddiyyət təşkil edir, cəmiyyətlə prezident arasında uçurum yaratmağa xidmət edir. Bu günə qədər belə məmur ordusu ilə çox qarşılaşmışıq. Xalqın malını yeyən, ona göstərilən etimadı doğrultmayan, prezidentlə xalq arasında uçurum yaratmağa çalışan onlarla məmur, dövlət, hökumət rəsmisi olub ki, zaman-zaman öz layiqli cəzalarını alıblar. Və bu gün də belələri var. Xalqın, dövlətin malına öz şəxsi biznesi, ata malı kimi baxıb, talayanlar. Hətta bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə hər kəs yardımlaşmağa, bir-birinə dəstək olmağa çalışdığı halda, həmin məmurlar yenə də dövlətin malını talamağa meyilli görünürlər. Ötən aylarda bir neçə rayon icra hakimiyyəti başçısının, bəzi məmurların həbsi fonunda bunu açıq gördük. Artıq vəziyyət o həddə çatıb ki, dövlət başçısı da belə yarıtmaz məmurlarla bağlı danışmalı olub, cəmiyyəti həmin şəxslərlə bağlı məlumatlandırıb. Əslində Prezident İlham Əliyevin ötən gün koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə səsləndirdiyi "Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var" fikirlərin ünvanı təkcə özəl sektor, sahibkarlar, iş adamları deyildi. Dövlət başçısı bu fikirlərlə eyni zamanda bütün komanda üzvlərinə mesaj ünvanlayırdı, onları şəffaflığa, dürüstlüyə, xalqın, dövlətin malına xor baxmamağa çağırırdı. Necə ki, uzun illərdir "AZAL" Hava Yolları eyni prinsiplə işləyir, dövlət hesabına alınan təyyarələrdən şəxsi təyyarə kimi istifadə edərək ürəyi istədiyi qiymət siyasətini həyata keçirir. Bilərəkdən, düşünülmüş şəkildə vətəndaşı dövlətdən, onun liderindən narazı salmağa çalışır. Necə ki, həssa dönəmlər yaşadığımız bu günlərdə AZAL yenə də öz çirkin, məkirli əməlini davam etdirdi, açıq-aşkar xalqın cibinə girərək onu dövlətdən, dövlət başçısından narazı salmağa çalışdı. Prezident İlham Əliyevin sözügedən müşavirədə sözügedən dövlət şirkətinin ünvanına səsləndirdiyi iradlar bu qurumun yarıtmaz siyasətinin, fəaliyyətindən irəli gəlirdi. Cənab Prezident AZAL-ın fəaliyyətini haqlı olaraq tənqid edərkən dedi: "AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?".
Prezident İlham Əliyevin sözügedən müşavirədə AZAL barədə səsləndirdiyi haqlı iradlar həm də cəmiyyətin, ictimaiyyətin bu dövlət şirkəti barədə haqlı iradlarının, etirazlarının ölkənin birinci şəxsi tərəfindən diqqətdə saxlanılması, nəzərıə alınması anlamı daşıyırdı. Eyni zamanda onu təsdiq edirdi ki, dövlət başçısı heç bir ictimai narazılığa biganə deyil. Əksinə hər bir sahədə ictimai nəzarətin olmasının tərəfdarıdır.
Prezident İlham Əliyevin "Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər" fikri həm də ondan xəbər verir ki, bundan sonra dövlət şirkətləri lazımsız, heç bir səmərə verməyən layihələr icra edib dövlətin pulunu mınimsəyə bilməyəcəklər. Hər halda dövlət başçısının həyata keçirilən bəzi lazımsız layihələr barədə fikirləri diqqətçəkicidir: "Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır".
Göründüyü kimi, dövlət başçısı əksər qurumların, dövlət şirkətlərinin fəaliyyətindən narazıdır və onları haqlı olaraq tənqid edir. İstər SOCAR, istər AZAL, istərsə də digər dövlət şirkətləri həqiqətən də ötən müddət ərzində dövlət büdcəsi hesabına öz fəaliyyətini tənzimləməklə dövlətə heç bir xeyir, mənfəət gətirməyiblər. Əksinə yarıtmaz fəaliyyətləri ilə cəmiyyətdə dövlətə qarşı narazılıq elementərinin yaranmasına rəvac veriblər. Bu da sözsüz ki, dövlət başçısına bəllidir və öz haqlı iradlarını dilə gətirir: "Ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir. Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. "Azərenerji"yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən".
Süleyman