"Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun"- Prezident İlham Əliyev

Əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik!

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.
Olaylar.az bildirir ki, müşavirədə Baş Nazir Əli Əsədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər.

Prezidenti İlham Əliyev müşavirədə ilk olaraq ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər haqqında geniş məlumat verdi. Məlumdur ki, artıq 6 aydı  ölkəmizdə və dünyada "hökm" sahibi olan yeni COVİD -19 virusu dünya iqtisadiyyatına, əhalisinə ciddi ziyan vurub. Azərbaycandan da yan keçməyən bu kimi mənfi halların qarşısı tez bir zamanda alındı. Məhz ölkə prezidentinin uzaqgörənliyi sayəsində qısa zamanda virusun daha çox insan təlaf etməsi, iqtisadiyyatın çöküşünün qarşısı alındı, bu il ərzində planlaşdırılan sosial layihələrin hər biri həyata keçirildi.

Uzun müddətdir ölkədə tətbiq olunan sərt karantin rejimi sayəsində bu gün Azərbaycan koronavirusdan ən az itgi verən ölkələr sırasındadır. Demək olar ki, 6 aydır ki, ölkədə ictimai-iaşə obyektlərin fəaliyyəti saxlanılıb. Amma buna baxmayaraq, cənab prezidentin tapşırığı əsasında sahibkarlar, işsiz vətəndaşlar üçün sosial yardımlar, layihələr paketləri hazırlandı. Ötən gün prezident videoformatda keçirdiyi müşavirədə avqust ayında da həmin layihələrin, paketlərin qüvvədə olacağı, yardımlar ediləcəyi haqqında məlumat verdi. Bu zaman qədər atılan bütün addımlarda cəmiyyət ölkə başçısının siyasətinin əsas məqsədinin insan, vətəndaş amili olduğunu aydın görür. Prezident ötən gün keçirilən müşavirədə bir daha bu məsələyə toxunub:

"Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu, olmasa, bu birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin. Əlbəttə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir, inflyasiya təqribən 3 faiz ətrafındadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb. Ümumi daxili məhsula nisbətdə ola bilsin ki, artıb, çünki ümumi daxili məhsul bizdə azalır və azalacaq. Ancaq bizdə mütləq rəqəmlərdə xarici borc artmayıb və hesab edirəm ki, ilin sonuna qədər azalmalıdır.
Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır."

Ümumdünya Səhiyyə Təşkilatı və digər ölkə mütəxəssisləri payız aylarında yeni virusun ikinci dalğasının geniş yayılacağı haqqında məlumat verirlər. Bu o deməkdir ki, bu çətin vəziyyəti yenidən yaşayacağıq. Yenidən sərt karantin rejimi, bir çox yerlərin fəaliyyəti dayanacaq. Gələcəyə nikbin baxan ölkə başçısı payız ayında daha da çətin duruma düşməmək üçün sosial layihələri davam etdirməsini, payızda az itgilər vermək üçün yeni modul tipli xəstəxanaların yaradılmasını, dünyanın aparıcı səhiyyə ölkələrindən, türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən dəvət olunan həkimlərin təcrübələri mənimsənilir. Məhz dünya təcrübəsi və əzimkar həkimlərimizin səyi nəticəsində son günlər gündəlik koronavirusu statistikasında rəqəmlər aşağıdır. Məsələn, ötən gün yoluxma sayı 144 nəfər olub:

"İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır.

Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki gərək hansısa qurum, yaxud da ki, qurumlar və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin. Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünki əgər hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi də ola bilər və eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənna ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır."

Təbii ki, vətəndaşlar qeyd olunan qaydalara son dərəcə əməl etsə, hər kəs sosial məsuliyyətini dərk edib ciddi riayət etsə yaxın günlərdə Operativ Qərargah növbəti yumşalamalar həyata keçirəcək. Amma yumşalma zamanı da gigenik qaydalara əməl olunmalı, virusu unudub onun yenidən alovlanmasına şərait yaratmaq olmaz. Əldə olunan müsbət göstəricilər, statistika  o deməkdir ki, ölkə başçısının və aidiyyatı qurumların fəaliyyəti yüksək qiymətləndirilməlidir. Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarıb:

"Artıq bu haqda mətbuatda kifayət qədər məlumat var. Demək olar ki, bütün ölkələrdə - harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Amma həkimlərin böyük əksəriyyəti bunu, sadəcə olaraq, sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz.

Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmalıyıq. Yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gərək artıq öz gələcək planlarını elə qursunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin."

Bu zamandan sonra atılacaq bütün addımlar yoluxma sayına görə olacağı aydın məsələdir. Karantin rejiminin insanları psixoloji və mənəvi olaraq mənfi təsir etdiyi, yorduğu hər birimizə məlumdur. Amma unutmamalılıq ki, bu durum tək sadə vətəndaşlar üçün ağır deyil. Gecə-gündüz dövlət qurumlarında çalışan, insanların sağlığını düşünüb qərar vermək və bütün etirazlara sinə gəlmək asan məsələ deyil. Cənab prezident özü də karantin rejiminin insanları yorduğunu bildirir və vətəndaşları məsuliyyətli olmağa səsləyir:

"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik.

Hesab edirəm ki, bugünkü müzakirə çox faydalı oldu və verilən bütün tapşırıqlar lazımi səviyyədə yerinə yetirilməlidir."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31