“Uşaqpulunun verilməsinin bərpası ilə bağlı konkret addım atmalıdır”
6 Avqust 2020 14:33 SosialKomitə sədri: "Yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə bilər"
Son zamanlar uşaq pulunun bərpası ilə bağlı məsələ yenidən gündəmi zəbt etməkdədir. Xüsusən, koronavirus pandemiyasının əhalinin sosial durumuna vurduğu təsir bu məsələni daha da aktuallaşdırıb. Məlumat üçün qeyd edək ki, ölkədə uşaq pullarının verilməsinə 2006-cı ildən son qoyulub və o zamandan indiyə kimi uşaqpulu məsələsi zaman-zaman müzakirəyə çıxsa da müsbət həllini tapmayıb. Onu da qeyd edək ki, uşaq pullarının verilməsində məqsəd ondan ibarətdir ki, ölkədə uşaqlar normal qidalansınlar, təhsildən və keyfiyyətli tibbi müayinələrdən, müalicələrdən yararlana bilsinlər. Nəzərə almaq lazımdır ki, hazırda ailələrdə uşaqların sadalanan ehtiyaclarını qarşılamaq üçün kifayət qədər imkanlar mövcud deyil. Hazırda Azərbaycanda uşaq pulunun verilməsi üçün indiyə qədər səsləndirilən iki əks arqument diqqəti cəlb edir. Bir qrup hesab edir ki, Azərbaycanda əhalinin sayında artım var, buna görə də uşaq pulu verib əhalinin sayının artımını daha da stimullaşdırmağa ehtiyac yoxdur. İkinci qrup düşünür ki, Azərbaycanda ailələrə sosial müavinatlar verilir, bu cümlədən ünvanlı sosial yardım proqramları həyata keçilir. Və bu ailələr ki, sosial yardım alırlar, sosial proqramının iştirakçısı olurlar, onların uşaq pullarına ehtiyacı yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda yetkinlik yaşına çatmayan 2 milyon 700 min vətəndaş var. Bunların hamısını uşaq pulu ilə təmin etmək mümkün deyil. Səbəb odur ki, əhali 80-100 manat uşaq pulu istəyəcək. Üstəlik uşaq pulu o yerlərdə verilir ki, əhalinin sayı durmadan azalır. Millət vəkili Tahir Kərimli qeyd edib ki, dünyanın ən kasıb ölkələrində belə uşaq pulu verilir: "Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaqpulu verilsəydi, daha yaxşı olardı". Deputat bildirib ki, pensiya qocalar üçün sığorta puludur, uşaqpulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı: "Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq. Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaqpulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaqpulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq. Biz populistlik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?".
Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: "Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaqpulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaqpulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaqpulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib: "Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Sovet vaxtından qalan uşaqpulunun məbləği o qədər az idi ki, verilməsə, ondan yaxşı idi. Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni, yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə bilər. Təklif edirəm ki, deputatlardan ibarət işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq bunun, büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq". Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, ölkədə bundan əvvəl uşaqpulu ümumi hamıya verilib: "Amma həmin uşaqpulunun məbləği çox aşağı olduğu üçün bu, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun qəbulu ilə əlaqədar yalnız aztəminatlı ailələrə verilir. 84 minə yaxın ailə ünvanlı dövlət sosial yardımı alır. Bu isə təxminən 320 mindən çox insan deməkdir".
Alim