COVİD-19 təhsilimizi hara aparacaq... ARAŞDIRMA
6 Avqust 2020 13:45 Sosial2020-ci il bütün dünya üçün çox ağır il oldu. Kimisi bu ağır ili heç nədən xəbəri olmayan siçanın (siçan ilini nəzərdə tuturam),kimisi astroloq olub planetlərin düzülüş formasının üstünə atdı,kimisi Çini it yeməkdə günahlandırdı, kimisi bir anlıq peşəsini dəyişib siyasətçi kimi sosial şəbəkələrdə absurd fikirlər yazıb hər an fitə gedə bilən kütləni çaşdırdı,kimisi də bir anda tibb elmləri namizədi olub Dünya Səhiyyə Təşkilatını qınadı.Biz sözlə hər şey etdik,amma təhsili unutduq. Bir-birimizə günahları yıxaraq,bu mübarizədə qalib çıxa bilməyimizi bir qədər gec dərk etdik.Amma yenə də heç vaxt gec deyil.
Məlum məsələdir ki, baş verən mövcud mənfi qlobal tendensiyalar nəinki tarixdə qalacaq hətta, gələcək nəsillərin belə dərsliyinə düşəcək deyə düşünürəm.Amma bizlər dərsliyə necə düşəcəyik onu bilmirəm,bu sınaqdan üzüağ çıxa biləcəyik, yoxsa...? Onu demək bir qədər tezdir...
Bir onu deyə bilirəm ki,pandemiyanın müsbət tərəfi odur ki, gələcək nəsil artıq bu kimi halların təcrübəsini toplamış kimi vəziyyətdən asan çıxa biləcək.Lakin indiki vəziyyətdə bizim,dünyanın bu kimi təcrübəsi yoxdur.
150-200 il bundan öncə Avropada vəba xəstəliyi tüğyan edib,sürətlə yayılarkən insanları narahat edən təhsil də yox idi, çünki o zaman təhsilə bir o qədər də önəm verilmirdi,insanlar cahil idi.Avropada o zamanki insanı yalnız səhiyyə maraqlandırırdı ki,o da yox idi. Daima həkim çatışmazlığı yaşanırdı ki, bu səbəbdən heç avropalılar 40 yaşına belə gəlib çata bilmirdi.O zamanki insan sayı itkiləri böyük miqyas daşıyırdı.Lakin düşünürəm ki, o dövrlə müqayisə etsək insanlar indi daha şanslıdır,çünki şans daha çox özümüzün əlindədir.
Təhsil,təcrübədən söz açmışkən hazırda bütün dünyanın gözü məhz təhsil sisteminə köklənib.Pandemiyanın dünya iqtisadiyyatından sonra vurduğu ən ağır zərbə məhz təhsil sisteminin payına düşdü.Hazırda bütün valideynləri sentyabrda başlamalı olan dərs ili maraqlandırır.Hər kəs səbirsizliklə yeni dərs ilinin nəhayət ki uzun bir fasilədən sonra yenidən açılmağını gözləyərkən, avropalı alimlərin daha güclü ikinci COVİD dalğası barədə "muştuluq" xəbərini verməsi vəziyyəti bir qədər dəyişdirdi.
Məsələn, University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları tərəfindən əldə olunan nəticəyə əsasən, İngiltərə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açarsa, bu qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID dalğası ilə qarşılaşacaq.
Habelə, Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası da hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.Mütəxəssislərin fikrincə, epidemioloji vəziyyət vaxtaşırı ağırlaşdığından "Fransadakı vəziyyət nəzarət altındadır, lakin çox kövrəkdir".
Onlar "yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyinin daha çox vətəndaşların əlində olduğunu" qeyd ediblər.
Bəs Azərbaycanda?
Azərbaycana gəlincə isə vəziyyət nəzarət altındadır,lakin avropalı alimlərin COVİD-19-un ikinci dalğası ilə bağlı çaldığı həyacan təbili ekspertlərimizi bir qədər narahat edərək, başqa bir tədbir planını həyata keçirməyə vadar edə bilər. Halbuki iyul ayında ekspertlərin verdiyi açıqlamalarda ənənəvi yeni tədris ilinin olacağı və bu istiqamətdə yeni bir proqram hazırlandığına dair ipucu verilmişdi.Lakin hər saniyə vəziyyət dəyişdiyi kimi,görünür bu dəyişikliklər də təhsil sistemindən yan keçməyəcək.
Mövqe
Müəllif mövqemə gəlincə, təbii ki, yeni dərs ilinin başlamasını çox istərdim. BMT-nin açıqlamasına görə, hazırda koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozmuşdur. Bu yetişməkdə və təhsil almalı olan nəsil üçün əsl faciə deməkdir. Təəssüf ki, pandemiya dövrü ərzində aparılan onlayn dərs proqramları özünü o qədər də doğrultmadı.
Onlayn,radio və televiziya ilə aparılan dərsləri bütün şagirdlərə çatdırmaq mümkün olmadı. Hesab edirəm ki, bütün dünya təhsillə bağlı yeni bir sistem hazırlayıb işə salmalıdır. Misal üçün təklif edərdim ki, çoxuşaqlı siniflər 2 və ya 3 qrupa bölünsün,əlavə müəllim kadrları işə cəlb olunsun.Təbii ki,bir sinfin 2-3 qrupa bölünməsi məktəbin sinif otaqlarının çatışmazlığına gətirib çıxaracaq.Bu kimi problemin də qarşısını almaqdan ötrü, yuxarı,yəni yalnız 9,10,11-ci siniflərin dərslərinin onlayn qaydada keçirilməsini məqbul hesab edirəm.Onsuz da heç kəsə sirr deyil ki, yuxarı sinif şagirdləri repetitor yanına getdikləri üçün davamiyyəti aşağı olur. Bu səbəbdən onlara onlayn qaydada dərs keçilməsi tədrisin səviyyəsinə təsir etməyəcək. Fikrimcə ibtidai sinif şagirdlərinə canlı təhsil barədə düşünmək lazımdır. Hər halda,indiki vəziyyətdə zamanımız çox azdır və ümidimiz yalnız ekspertlərin qərarlarından asılıdır.Qərarların effektivliyini isə yalnız zaman göstərəcək.
Aysel OĞUZ