Sosial müdafiə üzrə maliyyə dəstəyi davam etdiriləcək
4 Avqust 2020 16:00 SosialAvqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə dörd məsələ daxil olub. Hər dörd layihə birinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Musa Quliyev qeyd edib ki, 2020-ci il bütün dünyada koronovirus pandemiyası ilə müşayiət olunur. Pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən zərərləri olmuşdur. Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir. Xüsusilə iqtisadiyyatı neftlə bağlı ölkələrdə, eyni zamanda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi geriləmə baş vermişdir. Təəssüf ki, dünyada baş verən böhran Azərbaycanda da özünü az da olsa hiss etdirməkdədir. Lakin cənab Prezidentin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan vətəndaşları gündəlik həyatlarında bu böhranın ciddi nəticələrini görmürlər.
Sonra gündəlikdəki birinci məsələ - "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi təqdim edildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qanun layihəsinin mahiyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunmuşdur. Qeyd olundu ki, dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır. Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcəkdir. 2020-ci ilin birinci yarımilliyi ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1.489,4 mln. manat proqnoza qarşı 1.708,2 mln.manat vəsait daxil olmaqla proqnoza 114,7% əməl edilmişdir. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 mln. manat və ya 34,1% çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3%, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4% çox olmuşdur.
Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı geniş izahat verdi. Bildirildi ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur. Qeyd olundu ki, işsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5% çox olmuşdur. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3%, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8% çoxdur.
Diqqətə çatdırıldı ki, işsizlikdən sığorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitidir, bu vəsait 23 milyon manat təşkil edir. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan vermişdir. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaqdır. İclasda müzakirəyə çıxarılan dörd qanun layihəsinin hər biri Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olundu.