Nadir şah Əfşarın qətli ətrafındakı müəmmaya işıq salmaq cəhdi- RƏY
30 İyul 2020 11:07 SosialCahangir Hüseyn Əfşar
Hüquq üzrə fəlsəfə doktoru, sabiq millət vəkili
Bu yaxınlarda AMEA -nın prezidenti akademik Ramiz Mehdiyevin "Nadir şahın şəxsi həkiminin məktubları - hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi" adlı növbəti dəyərli tədqiqatı işıq üzü gördü. Kitabda Azərbaycan və dünya tarixinin ən qüdrətli fatehlərindən biri, böyük sərkərdə və dövlət xadimi Nadir şah Əfşarın (1688-1747) hakimiyyətinin son aylarından, qətlindən və onun öldürülməsindən sonra imperiyada baş verən dağıdıcı siyasi proseslərdən bəhs olunur. Ramiz müəllimin bu kitabını onun əvvəlki illərdə Nadir şahın fəaliyyətinə dair ərsəyə gətirdiyi araşdırmalarının müəyyən mənada davamı da hesab etmək mümkündür.
Məlum olduğu kimi Azərbaycan tarixinin olduqca həssas və taleyüklü epizodlarından olan Nadir şah Əfşarın qətli hadisəsinə barəsində indiyədək müxtəlif ehtimallar səsləndirilib, fərqli baxışlar ortaya qoyulub. Öz növbəsində Ramiz müəllim sözügedən kitabında həmin versiyaların hər birini tarixi təhlil əsasında qiymətləndirsə də, əsas diqqəti Pyer Bazin adlı Yezuitlər ordeninə mənsub rahibin iki məktubuna yönəltmişdir. Bu isə heç də təsadüfi sayılmamalıdır. Çünki, rahib Bazin Nadir şahın ömrünün son aylarında onun şəxsi həkimi kimi fəaliyyət göstərmiş, onun qətlinin canlı şahidi olmuş və bu hadisədən sonra baş verən təlatümlər haqqında olduqca maraqlı qeydlər qələmə almışdır. Ramiz müəllimin kitabının ilk sətirlərindən belə məlum olur ki, o, Pyer Bazinin məktublarını sadəcə tarixi mənbə qismində nəzərdən keçirmir. Akademik həm də bu məktubların müəllifinin davranışlarına dair ciddi şübhələrini açıq şəkildə dilə gətirir. Səsləndirilən şübhələr əsaslı arqumentlərlə təqdim edildiyindən müəllifin fikirləri olduqca ciddi təsir bağışlayır. İlk növbədə Ramiz müəllim haqlı olaraq diqqəti Bazinin İngiltərənin Ost-Hind şirkətinin vasitəçiliyilə Nadirin sarayına gəlib çıxdığına yönəldərək, bu hadisəni təsadüf kimi qəbul etməyin əlehinə olduğunu bildirir. Məlum olduğu kimi həmin dövrdə Hindistan Nadir şah tərəfindən fəth edilmiş və Moğolların olduqca zəngin xəzinəsi qənimət kimi böyük fatehin ixtiyarına keçmişdi. Hadisələri belə inkişafı isə hər vəchlə Hindistanı ələ keçirməyə çalışan Britaniya imperiyasını əsla qane etmirdi. Nadirlə açıq hərbi qarşıdurmaya getməyin zərərlərini başa düşən ingilislərin bu mənada Əfşarlar imperiyasının başçısını sui-qəsd yolu ilə aradan götürmək üçün çox ciddi səbəbinin yarandığı şübhəsizdir. Həmçinin Osmali dövləti ilə muharibəyə son qoymuş, məshəb ayriloğini aradan galdirmaq fikri heçdə inqilisləri gani etmirdi. Belə bir şəraitdə Əfşarlar inperiyasi suquta yetirmək gələcəkdə daha güclu və böyük bir Türk imperiyasinin garşisini almaq Skotland Yardin (inqiliz xəfiyəsi) ən böyük arzusu və məksədi idi. Onlarin bu böyük arzusuna həm Avropa dövlətləri həmdə Rusiya üçündə maraqli idi. Əks halda Nadir Şahin Osmanlilarla müdtəfikliyi Avropa üçün xoşagəlməz hal idi. Həmin devirlərdən bu günə gədərdə həmin emisarlar (Katolik kilsəsi) həmçinin qərb ölkələrinin xəfiyələri bu günə gədərdə öz dövlət maraqlari çərçivəsində dünyada gedən prosesləri idarə etmək üçün həmin xəfiyə orqanlari (FBR, Skotland Laykt həmçinin Rusyanin xəfiyə orqanlari və sayrə) bu faliyətlərini bu günə gədərdə davam etdirirlər. Misal olaraq Türkiyədə İzmir şəhərində 2016-ci ildə keşiş Bransonun faliyətini və başqa hadisələri göstərmək olar. Akademik tarixi faktlar əsasında ingilis xəfiyyələrinin bənzər taktikadan başqa ölkələrdə də geniş istifadə etdiklərini xatırladaraq, Bazinin Nadirin sarayına xüsusi missiya ilə gəldiyi fikrini qətiyyətlə müdafiə edir. Müəllifin Bazinlə bağlı ikinci mühüm şübhəsi isə onun peşəkar həkim olmaması ilə bağlıdır. Belə ki, Bazinin peşəkar tibb təhsili aldığına dair mənbələrdə hər hansı əsaslı məlumat yoxdur, əksinə əldə olan bioqrafik informasiya ondan ibarətdir ki, o ixtisasca ilahiyyatçı olmuş və ilk dövrlərdə məhz bu peşənin sahibi ruhani emisar kimi Əfşar dövləti ərazisinə faliyət göstərmişdir. Onun Nadir şaha mahir təbib kimi tövsiyyə edildiyi İnqilislərin Əfşar imperiyasinda ticarət faliyəti göstərən "Ost Hint" şirkəti tərəfindən töfsiyə olunmasida tarixi faktlarla öz əksini tapmişdir. Mən bunu Nadir şahı tədqiq edən bir müəllif kimi yox, həm də keçmiş əməliyyat-istintakci, peşəkar xəfiyə kimi qeyd edirəm. Həqiqətən də Ramiz müəllimin bu şübhələri olduqca ciddi mətləblərdən və Nadir şah ətrafında cərəyan edən qaranlıq, müəmmalı proseslərdən xəbər verir. Çox təəssüf ki, hələ də bizim ixtiyarımızda həmin proseslərin dərinliklərinə enməyə imkan verən kifayət qədər tarixi informasiya yoxdur.
Ramiz müəllimin haqlı olaraq diqqət yetirdiyi başqa bir vacib detal Bazinin hadisələri çatdırma üslubu ilə bağlıdır. Birincisi, Bazin akademikin də vurğuladığı kimi hər iki məktubunda Nadirin səhhəti, sağlamlıq problemləri və müalicə prosesi haqqında olduqca məhdud informasiya təqdim edir. Peşəkar bir həkimin diqqəti məhz bu problemlər üzərində cəmləməsi daha məntiqli olmazdımı? Bazen isə bunun tam əksinə, daha çox siyasi proseslərə və kəşfiyyat əhəmiyyəti olan məqamlara diqqət yetirməyə üstünlük verir. Onun Nadirin düşərgəsinin yerləşmə sxemini çəkərək öz məktublarına əlavə etməsi mövcud şübhələri birə-beş artırır və bu da tam təbiidir. Bir təbibə şah düşərgəsinin sxemi, şahın xəzinəsinin yeri, mühafizə sistemi, daxili siyasi münasibətlər haqqında məlumatlar nə üçün lazım ola bilər? Digər bir məsələ, Bazin öz birinci məktubunda Nadir şah haqqında söz açarkən, oxucuda elə bir təəsürat yaranır ki, sanki o, hansısa bir yırtıcı barəsində danışır. Hər fürsətdə Nadirin qəddarlığını vurlamağa çalışan Bazin elə bil ki, onu öldürənlərə bəraət qazandırmağa, onları haqlı çıxarmağa çalışır. Yəni, Bazin öz qeydlərində maraqlı tərəf kimi çıxış edir, Nadirin qətlini qaçılmaz zərurət kimi qələmə verməyə açıq-aşkar meyil göstərir. Bu isə onun heç də obyektiv, neytral bir şəxs olmadığının sübutu kimi qəbul oluna bilər. Bəli, Ramiz müəllim, Nadirin hakimiyyətinin xüsusilə son dövrlərində özünü biruzə verən qəddarlığı inkar etmir və bu rəftarı bir sıra amillərlə, o cümlədən də böyük fatehin səhhətində yaranan ciddi problemlərlə izah edir. Başqa tarixi mənbələrin də məlumatlarından aydın olur ki, Nadirin gündən-günə korlanan səhhəti onu zamanla amansız və kəmhövsələ bir adama çevirmişdi. Lakin Bazinin ümumən orta əsrlər dövrünə xas olan qəddar qanunları və amansız rəftar üslubunu sırf Nadirin öz təbiətindən doğan təzahür kimi qələmə vermək cəhdləri olduqca qərəzli yanaşma hesab olunmalıdır. Bu qənaətə gələn Ramiz müəllim, fikrini istər orta əsr Şərq, istərsə də Qərb tarixindən gətirdiyi çoxsaylı nümunələrlə sübut edir. Ümumən qeyd edim ki, o, Nadirə qarşı səslənən ittihamlara qiymət verərkən olduqca maraqlı üslub seçir, yalnız bir epizodla kifayətlənmir, hadisələri dövrün ümumi siyasi prosesi, reallıqları fonunda təhlil edərək, məsələlərə daha geniş yanaşmağa çalışır. Zənnimcə sözügedən yanaşma tərzi tarixşünaslığımızda dərindən kök salmalı, hadisələr və şəxsiyyətlər kompleks şəkildə dəyərləndirilməlidir.Bazinin bu məktubarin əsasinda Nadir Şahin hakqinda ingilis tarixçiləti 20-ci əsrdə yaşamiş L. Lokrd və M. Aksforti həmin bu məktublar əsasinda Nadir Şahin şəxsiyətini giymətləndirmişlər. Çox təsüflər olsunki bu günə gədər Nadir Şahin devrinin səlmayəçiləri olan Astrabadi, Mərvi və başqa İran tarixçilərinin Nadir Şah haqqinda olan əsərləri nə Azərbaycan nədə başqa xarici dillərə tərcümə olunmamişdir.
Müəllif, Bazinə dair öz ciddi şübhələrini səsləndirməsinə baxmayaraq, son nəticədə peşəkar alim kimi davranır, qəti sözü oxucuların ixtiyarına buraxır. Ancaq şəxsən mən belə hesab edirəm ki, akademikin Bazinə dair ortaya qoyduğu baxış tarixi həqiqətə çox yaxındır. Rahib Bazin doğurdan da Nadirin qətlində açar fiqurlardan biri olmuş və sui-qəsdin təşkilində ona ayrılmış konkret bir missiyanı icra etmişdir.
Ümumən, Ramiz müəllimin bu kitabını qiymətləndirərkən mən onun tarixi müəmmalara əsil müstəntiqlərə, təhqiqatçılara xas təhlil, ayrı-ayrı epizodları sərt məntiqlə bir-birinə bağlayaraq ümumi mənzərəni yaratmaq üslubu ilə yanaşdığını qeyd etməyə bilmərəm. Artıq bildirdiyim kimi tarixşüaslığımızda belə əsərlər olduqca azdır və gələcəkdə bu qəbildən olan tədqiqatların artmasını arzu edərdim. Keyfiyyətlə yazılan və dərin təhlilə əsaslanan əsərlər bizim müəmmalarla dolu tariximizə işıq salmağın yeganə yoludur.
Tariximizin parlaq şəxsiyyətləri haqqında söz düşmüşkən mən onlara münasibətdə tez-tez özünü göstərən bir sıra xoşagəlməz hallar və onların səbəbləri üzərində dayanmaq istərdim. Bu məqamların ən birincisi bizim öz tarixi şəxsiyyətlərimizə yanaşmada yol verdiyimiz laqeydliklə, etinasızlıqla, bəzən isə hətta açıq təhqirə belə keçən kobud münasibətlə bağlıdır. Hamımız ölkə KİV - lərində dəfələrlə Şah İsmayıl Səfəvi, Şah Abbas, Nadir şah, Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlərimizin ünvanına səsləndirilən təhqirlərin, yersiz ittiham və hədyanların şahidi olmuşuq. Çox təəssüf ki, bu ittihamları səsləndirən şəxslərin böyük əksəriyyəti obyektiv tənqidlə çıxış etmək əvəzinə, bu böyük şəxsiyyətlərin hesabına cəmiyyətdə sensasiya yaratmaq, diqqəti öz üzərlərinə çəkmək məqsədini güdüblər. Sağlam tənqid hər bir mütərəqqi cəmiyyətin ayrılmaz bir komponenti, onun ictimai şüur səviyyəsinin göstəricisidir. Tənqidə açıq olmayan heç bir mövzu və şəxsiyyət olmamalıdır. Ancaq sağlam tənqidin də öz şərtləri var və o, ilk növbədə faktlara, hərtərəfli təhlilə və müqayisələrə istinad etməlidir. Qarayaxma, böhtan və həsəd hissindən qaynaqlanan, sensasiyaya hesablanmış hədyanlar qətiyyən tənqid hesab oluna bilməz. Əfsus ki, cəmiyyətimizdə bir çox insan, hətta uzun illər ictimai-siyasi fəaliyyətlə məşğul olmuş bəzi şəxslər belə indiyədək tənqidlə təhqir arasındakı fərqləri, onları ayıran sərhədlərin mahiyyətini sonadək dərk etməyi bacarmayıblar. Bu gün bəziləri Şah İsmayılın, Şah Abbasin, Nadir şahın, N. Narimanovun və Rəsulzadənin fəaliyyətinə qulp qoşarkən onların hansı tarixi reallıqlar çərçivəsində fəaliyyət göstərdiklərini, hansı nailiyyətlər əldə etdiklərini, öz xalqları və vətənləri qarşısındakı xidmətlərini bir kənara ataraq onların şəxsiyyətinə hücum çəkir, hansısa çatışmamazlıq və qüsur axtarışında ə iyrənc detallara varmaqdan belə çəkinmirlər. Ancaq başqalarını həvəslə qamçılayarkən həmin şəxslər nədənsə bir an belə olsun başlarını qaldırıb aynaya baxıb özlərinin bu xalq, bu ölkə üçün nə etdikləri barəsində düşünməyi lazım bilmirlər.
Mən çəkinmədən qeyd edirəm ki, tarixi irsə və şəxsiyyətlərə sahib çıxa bilmək məsələsində biz digər xalqlardan, o cümlədən mənfur ermənilərdən çox şey öyrənməliyik. Sirr deyil ki, ermənilər ideoloji baxışlarına, qazandığı nəticələrə, yaşadığı ölkəyə fərq qoymadan ümumerməni mənafeyinə xidmət etmiş hər kəsi minnətdarlıqla anır, onların xatirəsini bu və ya digər şəkildə əbədiləşdirmək üçün əllərindən gələni əsirgəmirlər. Bu zaman erməniləri xatirəsini əbədiləşdirdikləri şəxsin başqa millətlərin qanını axıtması, günahsız insanların cəlladı olması faktı da narahat etmir. Q.Nijdeyə və Andranikə ucaldılmış heykəllər deyilənin ən yaxşı sübutudur. Biz isə tam əksinə ömrünü Azərbaycana həsr etmiş şəxsiyyətlərə heykəl qoymamaq, onları unutdurmaq üçün min bir bəhanə axtarır, keçmişimizi gizlətmək üçün dəridən-qabıqdan çıxırıq. Axı Nadir şahın, Şah Abbasın, Nəsirəddin Tusinin, Rəsulzadənin və digərlərinin Bakıda heykəlinin ucaldılması bu şəxsiyyətlərin tarixi haqqıdır. Biz hansı səbəbdən onların haqqını özlərinə qaytarmaqdan qorxuruq. Gələnə təzim etmək, gedənin arxasınca daş atmaq adəti bizi o qədər kor edib ki, zamanla öz dostumuzu düşmənimizdən ayırd etmək bacarığını belə itirmişik. Tariximizə, tarixi yaddaşımıza, şəxsiyyətlərimizə bu qədər barmaqarası baxmağa davam etdikcə bizim heç zaman sabit dəyərlər sistemimiz, milli kodumuz və hədəflərimiz formalaşmayacaq. İstər Şah İsmayil, Nadir şah, istər Şah Abbas, istərsə də Rəsulzadə bütü dünyanın hörmətlə qəbul etdiyi tarixi şəxsiyyətlərdir. Hətta bir qədər açıq danışsaq, onların bizim hörmət və diqqətimizə qətiyyən ehtiyacları yoxdur, əksinə bizim öz tariximizi dünyaya olduğu kimi tanıtdıra bilməyimiz üçün onlara ehtiyacımız var. Vurğuladığım həqiqəti unutmamalı və tarixi dəyərlərimiz, irsimiz ətrafında yaranmış acınacaqlı münasibəti dəyişmək barəsində yaxşı-yaxşı düşünməliyik.
Mən son günlərdə bəzi KİV-lərdə akademik Ramiz Mehdiyevə ünvalanan bəzi ittiham və hücumları da məhz yuxarıda qeyd etdiyim kontekstdə qiymətləndirirəm. Uzun illər xalqımızın ümumilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin ən yaxın silahdaşı olmuş, yorulmadan, sədaqətlə və əzmlə bu siyasi sistemə xidmət etmiş bir şəxsə qarayaxmaq cəhdləri görəsən nəyə xidmət edir? Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə onun adını belə çəkməkdən ehtiyatlanan, bəzi hallarda isə ona mədhiyyələr oxuyan adamların bu gün 180 dərəcə fərqli bir davranış nümayiş etdirməsi kənardan necə görünür? Təbii ki, çox pis! Axı Ramiz Mehdiyevi AMEA prezidenti postuna təyin edərkən və onu Heydər Əliyev ordeni ilə təltif edərkən prezident İlham Əliyevin akademikin fəaliyyətinə verdiyi yüksək qiyməti bütün ölkə eşitdi. Axı cənab przident heç zaman ölkə maraqlarına, dövlətçiliyə zidd fəaliyyət göstərmiş bir şəxsə heç zaman bu qədər yüksək qiymət verməzdi. Bu gün dövlət başçısı Ramiz müəllimə AMEA-nı həvalə etməklə ona ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən başqa bir sahəni həvalə edib. Hazırda Azərbaycan elmi bu və ya digər səbəblərdən ciddi problemlərlə üzləşib və akademik Ramiz Mehdiyevin elm sahəsində qarşısında dayanan vəzifənin miqyası onun Prezident Administrasiyasındakı öhdəliklərindən heç də az deyil. Mən bu vəzifələrin həllində ona uğurlar diləmək istəyirəm. Mübaliğəsiz olaraq deyirəm ki, Ramiz müəllim Administrasiya rəhbəri olduğu dövrdə də işinin çoxluğun baxmayaraq tariximizin, keçmiş irsimizin tədqiqinə olduqca böyük diqqətlə, ağsaqqal həssaslığı ilə yanaşıb. Məhz onun Şah İsmayıla, Nadir şaha dair kitablarının işıq üzü görməsindən sonra bu şəxsiyyətlərimizə qarşı ünvanlanan haqsız hücumlar səngimiş, onların fəaliyyətinə böyük ictimai maraq yaranmışdır. Ramiz müəllim ADR 100 illik yubiley tədbirlərinin keçdiyi 2018-ci ildə də oxucularımız "ADR-İran münasibətləri Qafqaz Fövqəladə Kommisiyasının sənədləri işığında" adlı toplu ilə sevindirmiş, nəşrə yazdığı ön sözdə cümhuriyyətimizə və onun liderlərinin fəaliyyətinə olduqca yüksək qiymət vermişdir. Bu fikirlər Rəsulzadəyə və Cumhuriyyətə xor baxanlara verilən tutarlı bir dövlətçilik cavabı idi desək, yanılmarıq. Əminəm ki, Ramiz müəllim tariximizə dair dəyərli tədqiqatları ilə bizi bundan sonra da sevindirməyə davam edəcək. Onun son kitabı mənim sözlərimi təsdiq edir.
Sonda mən bu kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə siyasi elimlər üzrə fəlsəfə doktoru Eldar Əmirova təşəkkür edir, Hörmətli Akademikə can sağliği və onun gələcək elmi axtarışlarında uğurlar diləyir, cəmiyyətimizin ondan yeni dəyərli tədqiqatlar gözlədiyini də bildirmək istəyirəm.
İyun 2020